“PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ...” - Şoyqu Putini və Zaxarovanı təkzib edir

11/09/2024 - 04:24

“PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ...” - Şoyqu Putini və Zaxarovanı təkzib edir

Baxiş sayı: 3109

Dərc olunub: 10/09/2024 - 20:44

Bölmə: Manşet

  •  
  •  
  •  

“Onların cavabı bizim üçün böyük sürpriz oldu”

Hələ Ukraynanın Kursk əməliyyatının ilk günlərində Qərb mətbuatında belə bir məlumat dərc edilmişdi ki, həmin əməliyyatdan əvvəl Ukrayna ilə Rusiya arsında enerji obyektlərinin vurulmasını qarşılıqlı şəkildə dayandırmaq məqsədilə danışıqlar aparılıb. Bu danışıqlar birbaşa xarakter daşımayıb və Qətərin paytaxtı Dohada BƏƏ-nin vasitəçiliyilə həyata keçirilirmiş. Məlumatda hətta tərəflərin razılığa gəlmək üzrə olduğu qeyd edilirdi və iddia olunurdu ki, məhz Kursk əməliyyatı nəticəsində danışıqlar dayandırılıb. “AzPolitika” xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya-24” kanalına müsahibəsində həmin danışıqların mövcudluğunu təsdiqləyib. O, iddia edib ki, Ukrayna tərəfi Kursk vilayətinə hücum etməzdən əvvəl Moskvaya enerji obyektlərinə və bir sıra digər kateqoriyalı hədəflərə qarşılıqlı şəkildə zərbə endirməmək barədə razılaşma təklif edib. Onun dediyinə görə, hətta Putin buna razılıq da verib, amma Ukrayna sonradan öz təklifindən imtina edib: “Türkiyə bizə müraciət etdi və dedi ki, onlardan(Ukrayna-red.) belə bir təklif gəlib. Gəlin enerji obyektlərinə, nüvə enerjisi obyektlərinə və Qara dənizdəki mülki ticarət donanmasına zərbələr endirməmək barədə üzərimizə öhdəlik götürək. Bizim prezident qərar verdi və dedi ki, bəli, bunu edək”. Şoyqu iddia edib ki, bir müddət sonra Ukrayna bu şərtlərə razılıq verməkdən imtina edib və bu, Rusiya tərəfini təəccübləndirib: “Bir müddət sonra “yox, yox, biz bu razılaşmaya getməyəcəyik” demələri bizim üçün böyük sürpriz oldu”.

 

Xatırladaq ki, tərəflərin enerji infrastrukturuna (Ukraynanın elektrik stansiyaları və elektrik ötürücü xətlərinə, Rusiyanın neftayırma zavodları və neft anbarlarına) hücumdan qarşılıqlı imtinanı müzakirə etməsini avqustun 17-də “The Washington Post” yazıb. Qəzet iddia edirdi ki, danışıqlar avqustda Dohada Qətərin vasitəçiliyi ilə başlamalı idi, lakin avqustun 6-da Ukraynanın Kursk bölgəsinə hücumundan sonra Rusiya tərəfi müzakirələri “təxirə saldı”.Ancaq həmin yazıda Şoyqunun dediyi nüvə enerjisi və ticarət donanmasından bəhs edilmirdi. Şoyqu isə göründüyü kimi, əlavə detalları da açıqlamaqla bu danışıqları faktiki təsdiqləyir. Bu isə Kremlin digər təmsilçisi – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 18-də verdiyi bəyanatla tam ziddiyyət təşkil edir. Belə ki, həmin vaxt Zaxarova “Rusiya ilə Kiyev rejimi arasında mülki əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinə dair birbaşa və ya dolayı danışıqlar aparılmayıb və davam etmir” demişdi.

Bu vaxt Putin Kursk əməliyyatı səbəbindən Ukrayna ilə hər hansı danışıqların olmayacağını bəyan etdi. Bir neçə gün əvvəl isə yenidən, bu dəfə 2022-ci il “İstanbul razılaşmaları” əsasında Ukrayna ilə danışıqlara hazır olduqlarını dedi. Şoyqu isə “Rossiya-24”-ə yeni müsahibəsində deyib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində qaldığı müddətdə Ukrayna ilə danışıqlar mümkün deyil və bununla da Putini təkzib edib: “Biz onları(Ukrayna qüvvələrini-red.) öz ərazimizdən atmayana qədər, təbii ki, onlarla heç bir danışıqlardan söhbət getməyəcək”. Göründüyü kimi, Putin, Şoyqu və Zaxarovanın hər üçünün dedikləri bir-birilə ziddiyyət təşkil edir. Bunun Kremlin “başını itirməsi”nin, yoxsa dolaşıq “təbliğat oyunu”nun təzahürü olduğunu demək çətindir. Ancaq hər halda, birinci variant daha inandırıcı görünür...

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57