"Rusiya Ermənistana 1500 təyyarə dolusu silah göndərib" - KEÇMİŞ MÜDAFİƏ NAZİRİ AÇIQLADI

26/10/2023 - 12:28

“Ermənistan hakimiyyəti strateji müttəfiqi Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən silah tədarükünü şaxələndirir”.

Bu barədə “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Milli Assambleyada keçirdiyi brifinqdə bildirib.

“Əgər Ermənistanın başqa ölkələrdən silah almaq imkanı olsaydı, heç kim ona bunu qadağan etməyib. Lakin satınalmalar Rusiya ilə münasibətlərin pisləşməsi fonunda həyata keçirilməməlidir, bu, ölkə rəhbərliyinin hazırda etdiyi şeydir”, - Ohanyan bildirib.

O, unutmamağa çağırıb ki, “erməni silahlarının əsas hissəsi Rusiya mənşəlidir və buna görə də ölkədə qurulmuş idarəetmə sistemi bu silahlara əsaslanır”.

Ohanyan onu da bildirib ki, əvvəllər Rusiyadan silah tədarükü müntəzəm olub. O qeyd edib ki, 2008-2016-cı illərdə müdafiə naziri vəzifəsində çalışarkən, Rusiyadan Ermənistana göyərtəsində silahlarla 1500-ə yaxın uçuş həyata keçirilib.

Xatırladaq ki, bu günlərdə İrəvan və Paris hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Müqavilə Ermənistana 3 ədəd GM200 radar və “Mistral” zenit-raket komplekslərinin tədarükündən ibarətdir. Həmçinin Fransa tərəfi Ermənistanın yerüstü hava hücumundan müdafiə sisteminin auditini aparmaq niyyətindədir.