Solmaz Məmmədovanın söz dünyası...- Bilal Alarlı yazır

16/09/2024 - 22:37

    “Jurnalistin silahı sözdür, qələmdir. Dünyada informasiya müharibəsinin geniş vüsət aldığı halda, qələmin iti, sözün isə kəsərli olmalı və hədəfə dəyməlidir”. Bu sözlərin müəllifi Cəlilabadın ilk xanım jurnalisti sayılan, uzun müddət “Yeni gün” qəzetinin müxbiri kimi fəaliyyət göstərmiş Solmaz Həsənalı qızı Məmmədovadır. Solmaz xanım Göytəpə şəhərində dünyaya göz açıb, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1973-cü ildə jurnalisti kimi fəaliyyətə başlayıb. Cəlilabad rayonunda çap olunan "Yeni Gün" qəzetində yeganə qadın jurnalist olub. Solmaz xanımın mərhum həyat yoldaşı Ənvər müəllim bu çətin işdə həmişə onun dayağı olmuşdur. Ən çətin məqamlarda onu öz peşəsinin öhdəsindən gəlməyə ruhlandırmışdır. Solmaz xanımın peşə ənənələrini uğurla davam etdirən, jurnalist təhsili aldıqdan sonra İngiltərədə oxuyub Vətənə dönən və burada informasiya mənbələrindən birinə başçılıq edən Elnur Ənvəroğlu anası haqqında yazır: “Anam peşəsini ruhu ilə yaşayıb və bütün canına, qanına hopdurub. Hələ kiçik yaşlarımdan onun keçirdiyi bütün hissləri anbaan xatırlayırdım və bu peşəni seçərkən nə dərəcədə ağır və yüklü bir məsuliyyətin altına girdiyimi təsəvvür etməyə başlayırdım. Jurnalist Solmaz Məmmədova 46 il yorulmadan jurnalist peşəsini sevə-sevə davam etdirdi. Mən ona bu peşəni bu qədər sevdiyi və mənə sevdirdiyi üçün sonsuz təşəkkürümü bildirirəm”. Solmaz xanım isə öz övladına olan tövsiyələrindən birində deyir: “Əgər əsl jurnalist Bətənini, torpağını ürəkdən sevirsə, xalqımız və dövlətimiz də ona dəyər verəcəkdir”. Bəli, görülən işin dəyərini almaq, ən azından mənəvi dəstəyini görmək hər kəsin istəyidir. Solmaz Məmmədovanın ictimai və ədəbi fəaliyyəti də təqdirəlayiqdir. O, Cəlilabad rayon Qadınlar Şurasının rəhbəri və “Qönçə” Yaradıcı Qadınlar Birliyinin sədri kimi də böyük nüfuz qazanmışdır. Solmaz xanım “Cəlilabad istedadları”,  “Xatırla məni” və “Zirvəyə doğru gedənlər” kitablarının müəllifidir. 2001-ci ildə işıq üzü görən “Xatırla məni” Cəlilabad şəhidləri haqqında qələmə alınmış ilk kitabdır. Fərdi qaydada ciddi axtarışlar aparan, Vətənin bütövlüyü, azadlığı və istiqlaliyyəti uğrunda canından keçmiş 90 şəhidin həyatı və hərbi fəaliyyəti haqqında məlumatı böyük zəhmət bahasına toplayıb qələmə alan Solmaz Məmmədova həyatını qurban vermiş qəhrəmanlar haqqında oxunaqlı bir kitab ərsəyə gətirmişdir. “Yeni gün” qəzetində maraqlı rubrikaların yazarı kimi tanınan Solmaz xanım mövzu çalarlığı ilə yadda qalan nümunələrə imza atmışdır. Onun qəzetdəki rubrikalarından biri “Unutsaq undularıq” adlanırdı. Bu rubrika Cəlilabadın ictimai-siyasi və mədəni həyatında, həmçinin bölgə tarixində mühüm xidmətləri olan insanlardan söhbət açırdı. Solmaz xanımın ədəbi yaradıcılığı onun publisistik fəaliyyətini tamamlayır. Qadınların ədəbi yaradıcılıq təşkilatına başçılıq edən Solmaz Məmmədova imzasına sosial şəbəkələrdə yer alan şeirlərin müəllifi kimi rast gəlirik. Elə bilirəm, Solmaz xanımın ədəbi yaradıcılıq nümunələri də ayrıca toplu şəklində oxucuların ixtiyarına verilməlidir. Onun son şeirləri həyat yoldaşının itkisi ilə bağlıdır. Solmaz xanımın bu kədərinin necə ağır olduğunu onun öz sözlərinin təsiri altında anlamaq mümkündür: “Çətin və ağır bir yol gəldik. Həyatımız öz axarına düşərkən, xoşbəxtliyin dadını anmadıq. Ailə qurarkən, mən jurnalistika fakültəsini yenicə bitirmişdim. O,isə mühəndis işləyirdi. Deyilənə görə, Cənub zonasının yeganə qadın jurnalisti mən idim. Bu 1973-1974 cü ıllərə təsadüf edirdi. Əyalətdə bu sahə qadın üçün çətin peşə sayılıdı. Sanırdım ki, həyat yoldaşım sevdiyim peşədə işləməyə icazə verməyəcək. Amma tam əksinə oldu. O, mənə ruh verdi, güclü olmağı öyrətdi. Yumoreskalarımı ilkin dinləyən o idi. Seirlərimə, hekayələrimə diqqətlə qulaq asıb, rəy bildirirdi. Dərhal redaktə edirdim. Şəhidlər haqqında qələmə aldığım kitabın ərsəyə çatmasında mənə dəstək oldu. Qalan iki kitabım da onun xeyir-duası ilə nəşr olundu. Xeyirxah, yüksək mənəviyyata malik olan dəyərli insan, ömür-gün yoldaşım, mənim ilk oxucum Ənvər müəllim artıq əbədiyyata qovuşmuşdur”. 

   Solmaz xanım bu ağır dərdini sevdiyi və onu sevən oxucuları ilə bölüşür:

 

 Daha mənə deyən yoxdur 

Yorulmusan, dincini al.

Hava bir az soyuq, çiskin,

Bu şalı da çiyninə sal.

 

Daha mənə deyən yoxdur

Nə yazmısan bu gün yenə?

Sevinərək şeirimi

Oxuyardım mən də sənə.

 

Daha mənə deyən yoxdur.

Hər kəs yenə öz işində.

Mənsə, səni unutmuram,

Zamanın sərsəm gedişində!

 

Şeir yaşantı olanda oxşar məqama tuş olanlar üçün ürək titrədən misralara çevrilir:

 

 Düşdü xatirələr yadıma yenə,

Baxıram həsrətlə şəkillərinə.

Uşaqtək bağladın məni özünə,

Neyləyim, unuda bilmirəm səni.

 

Sənsiz ev-eşiyim qalıbdır tənha,

Ümidim heç yoxdur çıxam sabaha.

Vəfa, vəfasızı gördüm bir daha,

Neyləyim, unuda bilmirəm səni.

 

O uzun gecələr oldu qəfəsim,

Nəfəsim daralır, çıxmayır səsim. 

Gəl, xilas et məni, yoxdur bir kəsim,

Neyləyim, unuda bilmirəm səni.

 

Ayrılıq nə yaman ağır bir yükmüş,

Ümidim hər yerdən əlini çəkmiş.

Qəm məndən əl üzmür, sinəmə çökmüş,

Neyləyim, unuda bilmirəm səni.

 

Göz yaşım sellənir, silənim yoxdur,

Ürəyim doludur, bilənim yoxdur.

Daha sənin kimi sevənim yoxdur,

Neyləyim, unuda bilmirəm səni.

 

Kaş ki, məzar daşın özüm olaydım,

Gecəli-gündüzlü sənlə qalaydım.

Burda şırin-şirin mən də uyaydım,

Neyləyim, unuda bilmirəm səni.

 

“Dərd çəkmirdim sən yanımda olanda” deyən Solmaz xanımın dünya, həyat haqqında fikirləri də ibrətamiz misralara köklənib: 

 

Dünya qoca, həm də böyük,

Çiynimdə var ağır bir yük.

Dost sandığım çıxdı dönük,

Vəfasızı neynəyirəm?

 

Çox üzləri gördüm aman,

Nə təqva var, nə də iman

Bıqdım, daha yalan-palan,

Söyləyəni neynəyirəm?

 

Bezdirici, usandırıcı məqamlar xoş yaşantıları da puç edir. Yaltaqlıq, riyakarlıq, saxtakarlıq görən qələm adamı bu eybəcərliklərə dözmür:

 

Dünya çilçıraqlı, bərbəzəklidir,

Al-əlvan don geymiş zülmət şəklidir.

Bir də istəmirəm dünyaya gəlim,

Onun hiyləsinə aldanım, gülüm.

Çamura istəməm bir də ki, batam,

Yalanı dinləyib, yalanla yatam.

İndi mis də deyir, mən də qızılam,

Bir də istəmirəm dünyaya gəlim.

Ömür nə qədərdir, haradan bilim?

Bir işi yarımçıq qoyub mən gedim?

Riyakar, nadanla yenə üzləşim?

Bir də istəmirəm dünyaya gəlim. 

 

Tənhalıq, qəlb qızdırmalı adamlardan uzaq yaşamaq olduqca çətindir. Həmdəm axtarışı ən böyük dərddir:

 

Görüş vədəsin almadım,

Hicran odunda yanmadım,

İntizar dadın anmadım,

Mənə gül verən olmadı, olmadı.

 

Baxdım tayıma-tuşuma,

Bir-birinə yaraşana,

Dərd alıb ağuşuna,

Mənə yar olan olmadı, olmadı.

 

Vüsal həsrətilə yandım,

Saf sevgiyə çox inandım,

Sirrim köksümdə dağlandım,

Dərdimi bilən olmadı, olmadı.

 

Hər insanın sığındığı bir yuva var, bu, isti ana qucağıdır. Özü ana olan və anaların çəkdiklərini şəxsi həyatında yaşayan, nənə kimi nəvə başı sığallayan qadının dilindən ana həsrətli şeirlər dinləyən oxucuda doğma hisslər oyanır:

 

Gəzdiyin o yerlər artıq yad olub,

Qoca tut ağacı kökündən solub.

Söyüd ağacımız saçını yolub,

Yuxuma girmirsən niyə, ay ana?

 

Torpaqla tikdiyin o kiçik ocaq,

Qışa saxladığın odun-yanacaq,

Tullandı nə varsa, köhnə qab-qacaq,

Yuxuma girmirsən niyə, ay ana?

 

Evinin nizamı pozuldu deyə,

Yoxsa, istəmirsən gileylənməyə?!

Bu yaşa çatmışam dərd yeyə-yeyə,

Yuxuma girmirsən niyə, ay ana?

 

Tamarzı qalmışam ata elinə,

Hər dəfə "Can bala" deyən dilinə.

İstərəm əlimi verəm əlinə,

Yuxuma girmirsən niyə, ay ana?

 

Məzarın tək deyil, ətrafın dolub,

Hər il bir övladın qonağın olub.

Hay-küylü həyəti sükunət alıb,

Yuxuma girmirsən, niyə ay ana?

 

“Allah, məni hidayətdən eləmə” deyən Solmaz xanım Qurana, Namaza, İslami dəyərlərə, İbadətə də böyük inamla yanaşır. Onun qələmə aldığı yomopistik hekayələr və bölgənin şəxsiyyətləri haqqında oçerkləri də araşdırılmağa, ən başlıcası, oxuculara ayrıca kitab halında təqdim olunmağa layiqdir. Bölgədə qadınlar üçün yaratdığı ədəbi birliklə yadda qalan Solmaz Məmmədova öz bədii yaradıcılıq nümunələri ilə də başqlarına nümunə ola biləcək səviyyədə işlərə imza atıb. Solmaz xanımın özünün dediyi kimi, yaxşı əməl sahiblərini, xeyirxahları unutmayaq ki, özümüz də haçansa unudulmayaq! 

 

Bilal ALARLI (Hüseynov),

ADPU Cəlilabad Filialının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18