Suriyalı müxalifət liderləri Çavuşoğlu ilə görüşdü - FOTO

03/01/2023 - 19:57

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya müxalifətinin liderlərini qəbul edib.

Qafqaz.media xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində məlumat verib.

Çavuşoğlunun sözlərinə görə, o, Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyasının sədri - Səlim əl-Muslat, Danışıqlar Komissiyasının rəhbəri Bedir Camus və Suriyanın Müvəqqəti Hökumətinin lideri Əbdürrəhman Mustafa ilə danışıb.

“Suriya ilə bağlı son hadisələri müzakirə etdik. Biz BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya müxalifətinə və Suriya xalqına dəstəyimizi bir daha təsdiqlədik”, – Türkiyə diplomatiyasının rəhbəri yazıb.

Xatırladaq ki, 2254 saylı qətnamə 2015-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib. Bu sənəd Suriyada dərhal atəşkəs və siyasi danışıqlara, habelə milli birlik hökumətinin formalaşmasına, ardınca isə seçkilərə çağırır.

Qafqaz.media