TÜRKİYƏDƏ DƏHŞƏTLİ ZƏLZƏLƏ! - Ölən və yaralananların sayı artır / CANLI YAYIM, YENİLƏNİB

06/02/2023 - 11:38

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

F.Oktayın sözlərinə görə, yaralıların sayı 2323-ə yüksəlib. Zəlzələ nəticəsində 1710 bina dağılıb.

***

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib. Zəlzələnin baş verdiyi ərazilərdə dağıntılar var.

Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Türkiyənin, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.

APA-nın məlumatına görə, bunu bu şəhərin meri Zeydan Karalar “Habertürk” telekanalının efirində deyib.

“3 yaşayış binası, o cümlədən 17 və 14 mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hələ də onlara yaxınlaşa bilməyib. Hələlik itki yoxdur”, - deyə o bildirib.