"VAQNER" RƏHBƏRİNƏ QULAQBURMA, YOXSA PUTİNİN YENİ HƏDƏFLƏRİ... - Gerasimovun komandir təyin edilməsinin gizlinləri

12/01/2023 - 15:43

ABŞ-ın "Müharibə Araşdırmaları İnstitutu" hesab edir ki, 2022-ci ilin fevralında Rusiyanın uğursuz planını təsdiqləyən Gerasimov olub. Ona görə də o, çətin ki, Putinin fərmanlarına müqavimət göstərsin. Eyni zamanda Gerasimovun müavini olmuş “Armageddon generalı” Surovikin “Vaqner”-in rəhbəri Yevgeni Priqojinin sevimlisi, həm də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun rəqibi olub.
Təhlilçilər hesab edirlər ki, Gerasimovun təyinatı təkcə Rusiyanın 2023-cü ildə mümkün hücumu üçün komandanlıq və nəzarəti təkmilləşdirmək cəhdi deyil, həm də siyasi addım - Priqojinə və Rusiya Müdafiə Nazirliyini tənqid edən başqalarına "özlərini yığışdırmaq" və tənqidləri azaltmaq üçün vurulan eyham idi. Başqa sözlə, Priqojinə simpatiya bəsləməyən bir hərbçinin təyinatı "Vaqner" başçısına qulaqburma mahiyyəti daşıyır. Məlum olduğu kimi, dünən Ukraynanın Soledar bölgəsinin ələ keçirilməsi ilə sinəsinə döyən və qürrələnən Priqojin elan etmişdi ki, o, bölgəni təkbaşına işğal edib və rəsmi rus ordusunun bunda heç bir iştirakı olmayıb.