ZALUJNININ MƏQALƏSİ VAŞİNQTONDA ARANI QATIB - Konqres Ukraynaya yardımı davam etdirməyə razılaşacaqmı?

06/11/2023 - 20:53

“Onun çağırışları ABŞ Konqresindəki müzakirələrə təsir etmək üçündür”

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının Britaniyanın “The Economist” jurnalına yazdığı məqalə beynəlxalq siyasi arenada geniş əks-səda yaradıb. Onun sözlərini şərh edən analitiklər arasında isə yekdil fikir yoxdur.

Zalujnı qeyd edib ki, mövcud resurslarla Ukrayna silahlı qüvvələrinin hücum etməsi mümkünsüzdür və bundan sonra tərəflər mövqe mübarizəsinə başlaycaqlar ki, burada da kimin daha tez taqətdən düşməsi faktoru həlledici ola bilər.

Canlı qüvvə ehtiyatı baxımından Rusiya Ukraynadan üç dəfədən çox üstün vəziyyətdədir. Həm də ki, rusların hər necə olsa da Hərbi Sənaye Kompleksi çalışır, Ukrayna isə silah istehsalı ilə bağlı məsələdə birbaşa Qərbdən asılıdır. Ukraynalıların zəif tərəflərini qapatmaq olar və bunun üçün Zalujnının tələb etdiyi silah və texnikanın təxirəsalınmaz tədarükü prosesi həyata keçirilməlidir.

Lakin Ukrayna üçün problem təkcə bunlarla bitmir. Ukraynanın ən böyük silah və maliyyə təchizatçısı olan ABŞ-ın qanunverici orqanının hər iki palatasındakı bəzi respublikaçılar Kiyevə yardımların dayandırılmasını tələb edirlər.

Hələlik Ukraynaya yardım məsələsi Prezident Co Bayden ilə Konqres arasında mübahisə predmetidir.

Əlbəttə, Valeri Zalujnının məqaləsinə münasibət və Ukraynaya ediləcək yardımlar barəsində ABŞ -dakı siyasətçilərin fikirləri xüsusi önəm daşıyır. Əgər Amerikadakı siyasi tərəflər arasında anlaşma əldə olunarsa, Ukraynaya göndəriləcək yardımlar davam etdiriləcək. Ancaq görəsən, bunlar Zalujnının irəli sürdüyü təklifləri əhatə edəcəkmi? Bu, hələ ki, bəlli deyil.

“AzPolitika.info”xəbər verir ki, ABŞ-nin “Politico” interenet portalında gedən “Ukraynanın ən yüksək rütbəli generalının Rusiya ilə münaqişəyə tutqun baxışı hərbi yardım barəsindəki qızğın mübahisələr alovunun üzərinə yağ töküb” başlıqlı məqaləsində sözügedən mövzuya toxunulur. 

Həmin məqaləni təqdim edirik: ”Ukraynalı general Valeri Zalujnı yaranmış “pat vəziyyəti”ndən çıxmaq üçün Qərbdən daha çox silah almaq istəyir. Zalujnının Rusiya ilə müharibənin dalana dirənməsi barəsindəki fikirləri ABŞ-dakı partiya ehtiraslarını alovlandırıb və indi Kiyevə yeni silah tədarük edilib-edilməməsi məsələsi Konqresi narahat edir.

Ukrayana Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının heyrətləndirici etirafı Kapitoli təpəsini (Konqres binası nəzərdə tutulur) hərəkətə gətirdi. Respublikaçılar onun şərhlərini Amerikanın Kiyevə dəstəyi barəsində bir daha düşünmək üçün səbəb hesab edirlər. Bu isə Ukraynanın Rusiyaya qarşı mübarizəsi ilə yanaşı, həm də onun Konqress zalındakı mücadiləsini daha da çətinləşdirir.

”The Economist” juranlındakı yazısında Zalujnı deyib: ”Böyük texnoloji üstünlük əldə etmədən Rusiyaya qarşı “dərin və gözəl sıçrayış yəqin ki, baş tutmayacaq”. Zalujnının sözlərinə görə müharibə dalana dirənib. O, təxminən 150 min rus əsgərinin ölümündən sonra Rusiya prezidenti Vladimir Putinin kursunun dəyişəcəyinə inanmaqla səhvə yol verdiyini söyləyib.

Zalujnu bildirib: ”Əgər İstənilən digər ölkədə belə itiklər baş versəydi hərbi əmliyyatlar mütləq dayandırılardı”.

Kiyevə bundan sonra yardımlar edilməsinə müsbət yanaşmayan senator Coş Houli (Josh Hawley - Missuridən olan respublikaçı) deyib: ”Zalujnı öz açıqlığı ilə Ağ Ev administrasiyasının siyasətində böyük yarıq açıb. Zalujnının ideyası “Amerika Ukraynanı təkcə hərbi deyil, bütün hər şeydə maliyyəşləşdirməlidir” düşncəsinə söykənir. Bundan sonra da biz onlara təqaüd və hər şey üçün pul verməyi davam etdirməliyik ki, vəziyyət bu çıxılmaz dalanda qalsın? Təbii ki, belə bir sual yaranır: bu oyunun endşpilində bizim strategiyamız nədir? Buradakı plan nədən ibarətdir? Düşünmürüəm ki, ümumiyyətlə, onların hansısa planı var”.

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Ben Kardin ( Merilenddən olan demokrat) bildirib: ”Zalujnının dəyərləndirməsi bizdə olan məlumatlara uyğun gəlir. Onların daha böyük uğur əldə edəcəklərinə ümid vardı. Yayda əks-hücum əməliyyatı başlayandan sonra onlar cəmi 16 kilometr irəlilədilər”.

Yəqin ki, Senat Ukrayna, İsrail, Tayvan və Meksika ilə cənub sərhədlərinin möhkəmləndirilməsi üçün Co Baydenin tələb etdiyi 106 milyard dollarlıq yardımı təsdiq edəcək. Amma ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson prezidentin bu istəyinə şübhə ilə yanaşan həmkarlarını hələ inandırmalıdır. Spiker Senatdakı respublikaçılara deyib ki, onun özü bundan sonra da Ukraynaya silah yollanmasının tərəfdarıdır. Ancaq o, həmkarlarının dəstəyini yalnız bunu İsrailə yardım zərfindən ayırmaqla əldə edə bilər.

Belə görünür ki, Zalujnının çağırışı ABŞ Konqresindəki müzakirələrin gedişinə təsir etmək məqsədinə xidmət edir. Ukrayna Prezidenti Volodimir Zelenski kimi general Zalujnı da Rusiyanın müdafiə xətlərini yarmaq üçün daha mükəmməl qırıcılara, PUA-lara, uzun mənzilli raketlərə və artilleriya qurğularına ehtiyac duyduqlarını dilə gətirib.

Zalujnı “The Economist” üçün yazdığı məqalədə qeyd edib: ”Ukrayna Silahlı Qüvvələrinin indiki mürəkkəb vəziyyətdən çıxması üçün əsaslı hərbi imkanlar və texnologiya lazmdır. Buradakı başlıca element aviasiyadır. Rusiya uzun müddət ərzində texnika, silahlanma, raket və sursat baxımından üstün vəziyyətdə olacaq”.

Hazırda Kiyev getdikcə asılılıq rolundan yaxa qurtarmağa çalışır və o, Qərbin müdafiə sənayesi ilə əməkdaşlıq qurmağa, müştərək silah istehsalı sazişləri bağlamağa və öz silahını yaratmağa ümid edir. Britaniyanın “BAE Systems” və Almaniyanın “Rheinmetall” şirkətləri ilə hələ birgə istehsala başlanılmasa da, artıq müvafiq müqavilələr imzalanıb.

Əvvəllər də Kiyevə hərbi yardımı dayandırmağı açıq şəkildə çağıran Cey Di Vens (Ohayalı respublikaçı) bildirib ki, Zalujnının sözləri Ukrayna rəhbərliyi daxilindəki dərin fikir ayrılıqlarını çılpaqlığı ilə ortaya qoyur.

Çey Di Vens Konqresdə jurnalistlərə deyib: ”Zelenskinin hərbi hədəfləri reallığa uyğun gəlmir və çevrəsindəkilərin bəziləri ona qarşı çıxırlar. Hər şey istənilən halda danışıqlar yolu ilə başa çatacaq və Ukraynanın ərazisinin bir hissəsi Rusiyanın tərkibində qalacaq. Mən artıq bir ildir ki, inadla bunu deyirəm. Oradakı reallığı izləyən hər kəs üçün bu, aydındır”.

Cey Di Vens və Houlinin irəli sürdükləri fikirləri Senatda az adam dəstəkləyir və hər iki partiyanın əksər senatorları Ukraynanın dalandan çıxmasına yardım etmək niyyətindədirlər. Lakin etiraz auditoriyası getdikcə genişlənir, xüsusən də Amerika xalqının diqqəti HƏMAS-la apardığı müharibədə İsrailə necə kömək etməyə yönəlir.

Amma bütün bunlara baxmayaraq, Zalujnunın şərhləri Konqresdəki ən qatı Ukrayna tərəfdarlarının dəstəyini zəiflətməyib. Zelenski ilə dəfələrlə görüşən Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Riçard Blumental deyib: ”Münaqişənin təbiəti elədir ki, Ukrayna yavaş-yavaş irəliləyəcək. ABŞ Ukraynanı dəstəkləməlidir, hətta böyük irəliləyişlər olmamasına baxmayraq. Bu, bizim milli təhlükəsizliyimz üçün çox vacibdir”.

V. Nəsibov