Zəlzələdə xəsarət alan 10 uşaq və 12 böyük müalicə üçün Azərbaycana gətirilib - YENİLƏNİB

13/02/2023 - 11:04

"Bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib". 

Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin sektor müdiri Aynurə Zeynalova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır:

"Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir.

2020-ci il təvəllüdlü Asel Kutluda yüngül kataral əlamətlər müşahidə edilirdi. Ənvərcan Özkapı adlı körpənin yenidoğulmuşun sarılığı və qidalanma ilə bağlı problemi olub. Hazırda müalicə alan bütün uşaqların səhhətləri normaldır. Onlar üçün psixoloq və psixiatrlar dəvət olunmuşdu".

Nazirlik rəsmisi qeyd edib ki, müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər".

***

Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

Həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.

Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisələrinə yerləşdiriləcək./report