“ABŞ olmasa, Avropa Rusiyaya müqavimət göstərə bilməz” – FİNLANDİYANIN BAŞ NAZİRİ

02/12/2022 - 12:09

“Rusiyanın Ukraynaya müdaxiləsi Avropa ölkələrinin zəif tərəflərini və Rusiya ilə münasibətlərdəki strateji səhv hesablamalarını ortaya çıxarıb”.

Qafqaz.media “France Press”-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Sanna Marin bildirib.

Avstraliyaya səfəri zamanı Sidneydəki “Lowy” İnstitutunun beyin mərkəzində çıxış edən Marin, "Mən sizə çox dürüst və vicdanla deyəcəm. Avropa indi kifayət qədər güclü deyil. ABŞ olmasaydı, biz problemə düşərdik", - deyib.

Baş nazir vurğulayıb ki, Ukraynanı lazım olan hər şeylə təmin etmək və eyni zamanda Avropanın özünün müdafiə potensialını artırmaq lazımdır: "Biz əmin olmalıyıq ki, Avropanın müdafiə qabiliyyətini, Avropa müdafiə sənayesini qururuq və müxtəlif vəziyyətlərin öhdəsindən gələ biləcəyimizə əmin olmalıyıq".

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Finlandiya cəmiyyətində əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olub və Finlandiya hökumətini NATO-ya üzv olmaq üçün müraciət etməyə sövq edib. NATO ölkələrinin əksəriyyəti (Türkiyə və Macarıstan istisna olmaqla) Finlandiya və İsveçin alyansa qoşulması haqqında sazişi artıq ratifikasiya ediblər.

Qafqaz.media