ABŞ sanksiyalara qoşulmaq üçün Türkiyəyə minnətçi göndərir – ANKARADA DANIŞIQLAR OLACAQ

27/11/2023 - 11:28

ABŞ maliyyə kəşfiyyatı və terrorla mübarizə üzrə müşavir Brian Nelsonu Türkiyəni Rusiyaya və HƏMAS qruplaşmasına qarşı sanksiyaları dəstəkləməyə inandırmaq üçün Ankaraya göndərəcək.

Bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Xatırladaq ki, Amerika hökuməti Fələstin qrupuna maliyyə xidmətləri göstərən, həmçinin Rusiya şirkətlərinə məhdudiyyətlərdən yayınmaqda köməklik göstərən türk şirkətlərini sanksiya siyahısına salıb.

Türkiyə indiyə qədər Rusiyaya qarşı BMT-nin tətbiq etdiyi sanksiyalardan başqa heç bir sanksiyanı dəstəkləməyib. Ankara ABŞ və Aİ-dən fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımır. Agentlik qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl cihadçıları Fələstin xalqının azadlığı uğrunda döyüşçülər adlandırıb, ona görə də Nelsonun Türkiyə hökuməti ilə danışıqlarının nəticəsinin nə olacağı bəlli deyil.

Eyni zamanda, Ankara Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa və “F-16” qırıcılarının alınması üçün ABŞ Prezidenti Co Baydenin dəstəyini almağa çalışır. “Bloomberg” qeyd edib ki, Türkiyə də Qərbin narahatlığını azaltmaq üçün addımlar atıb və bu ilin əvvəlində Aİ və ABŞ sanksiyalarına məruz qalan malların Rusiyaya tranzitini qadağan edib.