BƏXTİYAR HACIYEV ACLIQ AKSİYASINA BAŞLADI - Məhkəmə onu həbsdə saxladı

15/12/2022 - 17:54

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmədən cinayət işinə xitam verilməsini, yaxud Hacıyevin həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər, lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib:

"Müstəntiqin özü də etiraf etdi ki, Bəxtiyar Hacıyev çağırışların hamısında vaxtında gəlib, lakin buna baxmayaraq, şikayətimiz təmin olunmadı. Biz çalışacağıq ki, yenidən ev dustaqlığı məsələlərini qaldıraq".

Vəkil Aqil Layıc Bəxtiyar Hacıyevin aclıq aksiyasına başladığını bildirib.

"Deyəcək heç nə yoxdur, sadəcə təəssüf edirəm. Bəxtiyar dedi ki, bu gündən rəsmən aclıq aksiyası elan və ərizəsini Penitensiar Xidmətə təqdim edib . Özü də məhkəməyə ac gəlmişdi".

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir./"Amerikanın səsi"