Elçibəy “91-lər”in çağırışına qoşulan 92-ci ziyalı oldu - Şahlar Əsgərov
Elçibəy “91-lər”in çağırışına qoşulan 92-ci ziyalı oldu - Şahlar Əsgərov
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasında aktiv iştirak etmiş "91-lər"in üzvü, sabiq deputat Şahlar Əsgərov Modern.az saytının redaksiyasında qonaq olub.
O, 90-cı illərdəki siyasi vəziyyətdən, bu yaxınlarda yaradılmasının 32-ci ilini qeyd edən YAP-ın fəaliyyətindən danışıb.
Sabiq deputat qeyd edib ki, hazırda Azərbaycan XXI əsrdə dünyanın qalib ölkələri sırasındadır. Şahlar Əsgərovun sözlərinə görə, Azərbaycan 30 illik yox, 200 illik problemi həll edib.
Söhbət zamanı 1990-lara ekskurs edən Ş.Əsgərov “xalq - kütlə- fərd” məsələsinə toxunub. O, söhbətinə belə davam edib:
- Kütlə yaradıcı deyil, kütlə birbaşa dəyər yaratmır, kütlə ancaq mühit yaradır. Dəyəri xalqın yaradıcı nümayəndələri - şəxsiyyətlər, fərdlər yaradır. Kütlə torpaq kimidir. Torpağa gül-çiçək əkərsən bitirər, əkməsən bitirməz. Kütləyə ideya verərərsən, onu göyərdə bilər. Kütlə (xalq) şeir yaza bilməz, musiqi bəstələyə bilməz, rəsm çəkə bilməz, heykəl düzəldə bilməz. Bunu ancaq şəxsər (fərdlər) edə bilər. Səməd Vurğun, Üzeyir Hacıbəyli, Ömər Eldarov və digərləri... Kütlə Qarabağı azad edə bilməz. Kütləni düzgün istiqamətləndirən şəxs (fərd) bunu edə bilər.
Yaxın tariximizə qayıdaq. Yaxşı xatırlayırıq, 1987- 1991-ci illərdə SSRİ miqyasında güclü anti-Əliyev ("Əliyevşina") kampaniyası aparılırdı, böyük şəxsiyyətin adını kütlənin yaddaşından silmək istəyirdilər. Təbii ki, bu da böyük şəxsiyyətə qarşı olan anti-azərbaycanların mövqeyi idi.
Ancaq "91-lər", əgər belə demək olarsa, buna imkan vermədilər. Əksinə, xalqın yadına saldı ki, sənin problemlərini həll edə biləcək böyük şəxsiyyət - Heydər Əlirza oğlu Əliyev Naxçıvanda yaşayır. Heydər Əliyevin Bakıya gəlməsini nə Bakı, nə də Moskva istəyirdi.
- "Xalq çağırdı" ifadəsindən Ulu öndər də istifadə edib, cənab Prezident də istifadə edir...
- Doğrudur və gerçəklikdir. Çünki "91-lər"in hər birinin arxasında xalq dururdu. Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün, Sirus Təbrizlinin, Zeynəb Xanlarovanın, Fərəməz Maqsudovun və digər alim, ziyalıların arxasında 100 minlərlə insan dururdu. Üstəlik, xalq tərəfindən seçilmiş prezident Əbülfəz Elçibəy də Heydər Əliyevin arxasınca təyyarə göndərdi və Bakıya dəvət etdi. Deməli, "91-lər"in istəyini təkrar etdi. Bu mənada "xalq çağırdı" ifadəsi dolayısı ilə düzdür. Ancaq bu ifadədən siyasətbazlar şəxsi mənafeləri naminə gen-bol istifadə etdilər və nəticədə anti-Əliyevçilər xalqın nümayəndəsi kimi siyasi meydana atılıb “Əliyevçi” oldular.
- Bu məntiqlə Əbülfəz Elçibəyi də "91-lər"dən biri saymaq olarmı?
- Yox, o, "91-lər"dən biri deyil, ancaq Heydər Əliyevi Bakıya dəvət edən 92-ci ziyalı oldu. Əlbəttə, tarixi addım atdı. Azərbaycanın müstəqiliyini vəzifə kürsüsündən üstün tutdu.
- Bilmək olarmı, siz hansı səbəbdən Elçibəy haqqında "prezident" sözündən deyil, "ziyalı" sözündən istifadə etdiniz?
- Düşünürəm ki, Əbülfəz Elçibəy böyük ziyalı kimi tarixdə qalacaq. Onun ziyalılığı prezidentliyinə üstün gəldi. Elçibəy başa düşdü ki, ölkəni bu bataqlıqdan çıxarmaq üçün ölkədə lokal lider olmaq kifayət deyil, müstəqilliyi qorumaq üçün ölkəyə qlobal düşüncəli lider lazımdır.
- Sizcə, Elçibəyin bu addımı cəmiyyəti parçaladımı?
- İlk baxışda bu addım cəmiyyəti Elçibəyçilərə, Əliyevçilərə parçaladı. Ancaq geniş mənada əksinə, cəmiyyət bütövləşdi. Çünki həm Ulu öndərin, həm də Elçibəyin məqsədləri eyni olub. Hər ikisinin də məqsədi Azərbaycanın müstəqilliyini qorumaq olub. Bu gerçəkliyin milli birlik üçün əhəmiyyəti çox böyükdür.
- Bu baxışa görə, sizdən Rəsulzadənin dövlətçilik tarixində yerini soruşmaq istərdik...
- Düşüncəmə görə, müstəqil Azərbaycan dövləti qurmaq ideyasının müəllifi Rəsulzadədir. Ancaq onun qurduğu dövlət cəmi 23 ay ömür sürdü. Onun yerinə sosialist əsaslı başqa bir dövlət quruldu və bu dövlət 70 il yaşadı.
Aydınlıq xətrinə, bu yerdə bir haşiyə çıxmaq istəyirəm. 1950-ci illərdə oxuduğum orta məktəbin stadionunun kənarında fotoqraf Əli torpaq alıb ev tikmək istədi. Bünövrə tökdü, divarı da 1 metr qaldırıb dayandı. Bakıya köçdü və torpağı başqasına - Əli müəllim Nəbioğluna satdı. Əli Nəbioğlu həmin bünövrə üzərində iki mərtəbəli böyük bir ev tikdi, uşaqlarını oxutdu və ali təhsil verdi. İndi əgər kimsə soruşsa ki, bu yaraşıqlı ev kimindir, nə cavab verməliyik. Bu ev fotoqraf Əlinindir, yoxsa Əli Nəbioğlunundur? Cavabı özünüz verin.
Bu gün yaşadığımız dövlətin banisi və qurucusu Heydər Əlirza oglu Əliyevdir. İkinci dönəm parlamentdə bu fikri dəfələrlə səsləndirmişəm. Bu gün də o fikrimdə qalıram. Bunu bütün dünya bilir. Heydər Əliyevin bu xidmətinə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Bülənt Ecevitin verdiyi qiymət çox doğrudur: “Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir. O, həyatda Mustafa Kamal Atatürkdür”.