"Ermənistan Azərbaycana dəhliz verməyə məcbur edilir" - QRİQORYAN

28/12/2022 - 10:33

Ermənistan "Azərbaycana dəhliz verməyə", Rusiya-Belarus ittifaq dövlətinə "daxil olmağa məcbur edilir". Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Armen Qriqoryan bildirib ki, Ermənistan strateji müttəfiqinin bu istəyinə müqavimət göstərir və "hərbi təzyiq şəklində cavab alır".

Ermənistan hökuməti ilk dəfədir ki, ən yüksək səviyyədə strateji müttəfiqi Rusiyanın Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur etdiyini açıqlayır, Azadlıq radiosunun erməni xidməti bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Armen Qriqoryanın dediklərini şərh etmək istəməyib. Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında nazir BBC News Azərbaycancanın sualının cavabında yalnız onu deyib ki, Azərbaycan öz milli maraqlarını əsas tutur və bu maraqlar çərçivəsində hərəkət edir: "Kim kimi hansı ittifaqa salmaq istəyir, kim kimi hansı ittifaqa təhrik edir, bu, Azərbaycan tərəfindən şərh ediləsi mövzu deyil. Azərbaycanın öz milli maraqları var. ... Bundan hamı əmin ola bilər ki, Azərbaycanın atdığı addımlar ikinci, üçüncü tərəfin prizmasından ola bilməz, yalnız Azərbaycan maraqları prizmasından ola bilər".

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi İctimai Televiziyasının canlı yayımında bildirib ki, sentyabrın 13-də Azərbaycanın Ermənistanın suveren ərazisinə müdaxilə etməsi, eləcə də Laçın dəhlizinin bağlanması "Rusiyanın Ermənistana təzyiqinin tərkib hissəsidir".

Qriqoryanın fikrincə, Ermənistan-Rusiya münasibətlərində son zamanlar açıq şəkildə ifadə olunan böhranın "əsas səbəbi budur".

"O geniş kontekst, belə demək mümkünsə, Azərbaycana dəstək, Ermənistan ərazisindən keçməklə dəhliz məntiqinin hansısa yolunu əldə etmək kontekstindədir. Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, açıq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsi də bununla bağlıdır və bütün böhranın əsası və ya motivi budur", - Qriqoryan deyib.

Azərbaycanla Ermənistan arasında bu il, sentyabrın 12-də başlayan iki günlük döyüşlər zamanı 200-dən çox hərbçi həlak olmuşdu. Tərəflər bu qanlı döyüşlərə görə bir-birini günahlandırmışdı. Azərbaycan Ermənistan ərazisinə müdaxilə ilə bağlı ittihamı rədd edərək bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası aparılmadığı üçün hər hansı ərazi müdaxiləsindən söhbət gedə bilməz.

Azərbaycanlı bəzi ekofəallar dekabrın 12-dən bəri Şuşa yaxınlığında Qarabağdakı faydalı qazıntı yataqlarının istismarı və ətraf mühitin qorunması tələbiylə etiraz aksiyası keçirirlər.

Ermənistan Azərbaycanı Laçın-Xankəndi/Stepanakert yolunu bağlamaqda və burda yaşayan erməni əhali üçün "böhran vəziyyəti yaratmaqda" ittiham edib.

Azərbaycan bu ittihamları rədd edərək yolun bağlanmadığını deyib və bildirir ki, eko-fəallar Rusiya sülhməramlılarının nəzarətində olan bölgədə faydalı yataqların istismarının qarşısının alınmasını tələb edirlər.

Rusiya və Belarus ittifaqı hər iki ölkə rəsmilərinin bildirdiyinə görə, "iqtisadi təhlükəsizliyi və Rusiya və Belarusun texnoloji suverenliyini qorumaq üçün"dür. Rusiya və Belarusun baş nazirləri bu il martın 14-də Qərbin sanksiyaları qarşısında əməkdaşlığın vacibliyini bəyan edərək, iki ölkə arasında ittifaqa sadiqliklərini təsdiqləyiblər./azadliq.org

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ