Göyçayda əkin sahələrinin suvarılması üçün kanallar təmizlənir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də meliorativ tədbirlərini davam etdirir.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ümumi olaraq 26568 ha suvarılan əkin sahəsinə xidmət edir ki, bu sahələrin suvarılması üçün üç su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsi ilə 7069 ha, Yekəxana su anbarından 1607 ha, Şirvan Suvarma Kanalından isə 17892 ha sahə suvarma suyu ilə təmin edilir. Ötən il ərzində suvarmanın mütəşəkkil keçirilməsi üçün bütün suvarma arxlarında lildən təmizləmə işləri aparılıb, 24 ədəd hidrotexniki qurğuda və 480 m məsafədə beton kanallarda cari təmir işləri həyata keçirilib. Hazırda balansda olan bütün torpaq məcralı kanallarda yaz-yay suvarmasına hazırlıq məqsədilə lildən təmizləmə işləri davam edir.
İdarə sahələrin suvarma suyu ilə təminatı ilə yanaşı yaşayış mətəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini də təşkil edir. Göyçay çayında sel suları zamanı yaranmış çətinliklərin aradan qaldırılması üçün məcra tənzimləmə işləri hazırda buldozerlər vasitəsilə davam etdirilir.
Bundan başqa Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Göyçay rayonu üzrə şəhər ərazisi daxil olmaqla 43 məntəqəyə içməli su xidməti göstərir ki, bundan şəhər ərazisi və 7 kənd üzrə 11902 əhali abonentinə 512 qeyri əhali abonentinə xidmət edir. Xidmət göstərilən abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin edilir. Əlavə olaraq 35 məntəqəyə quraşdırılmış ictimai bulaqlar vasitəsi ilə ödənişsiz xidmət göstərilir.
Şəhər ərazisində içməli suyu təmin etmək üçün rayonun Potu kəndi ərazisində yerləşən 1 saylı nasos stansiyasından ötürücü nasoslar vasitəsi ilə şəhərin Nizami və Şəhriyar küçələrində yerləşən 8 min m3 həcmi olan su anbarlarına ötürülür. Anbarlardan isə öz axımı ilə istehlakçılara çatdırılır. Yaranmış çirkab sular inşa olunmuş 159 km şəbəkə vasitəsi ilə şəhər ərazisindən kənarlaşdırılaraq rayonun Şəhadət kəndi ərazisində yerləşən sutqalıq gücü 10000 m3 olan çirkab təmizləyici qurğuya ötürülür.
Qeyd edək ki, 2024-cü ildə rayon ərazisində 343 ədəd su qəzası və 261 ədəd kanalizasiya qəzası baş verib ki, bu qəzalar operativ olaraq qəza bərpa qrupu tərəfindən aradan qaldırılıb.