Gültəkin Hacıbəyli saxlanıldı - YENİLƏNİB

30/11/2022 - 10:37

Barəsində xüsusi ittiham qaydasında şikayət verilən Gültəkin Hacıyəbli bu ilin oktyabrın 10-da axtarışa verilib.

Bu barədə Nəsimi rayon Məhkəməsindən bildirilib.

Qeyd olunub ki, Gültəkin Hacıbəylinin barəsində xüsusi ittiham qaydasında şikayət bu ilin sentyabrında Nəsimi rayon Məhkəməsinə daxil olub. İlkin hazırlıq iclası sentyabrın 5-nə təyin olunub.

Amma Gültəkin Hacıbəyli həmin gün məhkəmənin çağırışına gəlməyib. Bundan sonra sentyabrın 12, 21 və 28-nə məhkəmənin hazırlıq iclasları təyin olunsa da, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin məhkəməyə gəlmədiyi məlum olub.

“Sentyabrın 28-də keçirilən hazırlıq iclasına da barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs gəlməyib. Oktyabrın 10-da keçirilən prosesə də Gültəkin Hacıbəylinin gəlmədiyi məlum olub və onun barəsində məhkəmə axarış verib” – deyə məhkəmədən bildirilib.

***10:03

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

O, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş. Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.

***

Sabiq deputat Nəsimi Rayon Polis idarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb./"qafqazinfo"