Hamımıza doğma adam... - Fuad Biləsuvarlı yazır

15/09/2024 - 22:57

                                                                        Elçin İsgəndərzadə - 60

    Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan hörmətli ziyalımız Elçin İsgəndərzadə haqqında bu qeydləri yazarkən, sanki bir anlıq çaşdım, bilmədim, onu oxucularımıza necə  təqdim edim: şair, tərcüməçi, müəllim, texnika və filologiya elmləri doktoru, professor, yoxsa yüksək səviyyəli bir Azərbaycan ziyalısı kimi... Ancaq Elçin müəllim son dərəcə zəngin tərcumeyi -halı, çoxşaxəli fəaliyyəti ilə tanışlıqdan sonra aydın oldu ki, bu sahələrin hər birində öz dəsti-xətti olan bu insan haqqında samballı yazı yazmaq olar. Çünki bu sadalanan fəaliyyət sahələrinin hər birindən bizə ürəyi vətən eşqi ilə döyünən, yüksək intelektli, son dərəcə geniş erudisiyalı bir ziyalı boylanır. Və bu sahələrin hər birində Elçin İsgəndərzadə özünü tamamilə təsdiq edib.
... Bədii sözün dəyərini, qiymətini bilənləri söz həmişə müqəddəs ucalığa yüksəldib... Şübhəsiz ki, həmin yüksək poetik məkanın müəyyənləşdirilməsi Allah vergisidir... Bu baxımdan gənc şair Elçin İsgəndərzadənin poetik İlham mayasının Allah vergisini olmasını mən çoxdan, lap əvvəldən duyub hiss etmişdim..." Bu fikirlər böyük şairimiz Məmməd Araza məxsusdur. Məmməd Araz kimi görkəmli bir şairin dilindən belə sözləri eşitmək bu yolun yolçuları üçün misilsiz qiymətdir. Elçin İsgəndərzadənin ədəbi mühitə gəlişi ötən əsrin 90-cı illərinə təsadüf edir. Onun oxucuları ilə görüşü isə 1996 - cı ildə çap etdirdiyi " Yaşamaq dərsi" şeirlər kitabı ilə olur. Oxucular bu kitabda toplanmış şeirlərdə poeziya aləminə təzə bir  bir nəfəs gəldiyini duyurlar. Elçinin oxucularla ilk görüşü maraqla qarşılanır. Və 1996- cı ildən başlanan bu yol artıq 30 ilə yaxındır ki, davam edir. Diqqətçəkən məqam budur ki, bu illər ərzində Elçin İsgəndərzadə fəaliyyətini təkcə daim axtarışda olan bir şair kimi davam etdirmir. Həm də elmi fəsliyyətlə məşğul olur, axtarır, arayır, bir alim kimi daim yenilik həvəsi ilə çalışır. Elçin müəllimin ömür yolu çox maraqlıdır. Dünyaya Qarabağın incisi olan Şuşada göz açıb. Bu yerlərin insanı valeh edən təbiəti, saf havası Elçinin bir ziyalı Vətən övladı kimi gələcək uğurlarında əvəzsiz rol oynayıb. Xalqımıza böyük sənətkarlar vermiş Şuşa yeniyetmə Elçinin də yaddaşında silinməz izlər qoyub, xatirələrə çevirilib. Ailələri Ağdamın Əhmədavar kəndinə köçüb yaşasalar da, ürəklərində Şuşa adlı məhəbbət yaşadıblar. Sonralar Qarabağ torpaqlarımız - elə Ağdam da, Şuşanın erməni qəsbkarları tərəfindən işğal olunsa da, bu ağır həsrət Elçin İsgəndərzadənin gələcək poetik fəaliyyətinin əsas mövzularından olub. Bəli,şairlər çox kövrək olurlar. Elçin İsgəndərzadə də torpaqlarımızın işğalı ilə bağlı ağrı-acıları çox çətin yaşayıb.

   - Dilim qabar oldu, Vətən deməkdən
     Balam doğulduğu kəndi soruşur
     Hər gün məndən...

   Başqa bir şeirində isə Elçin İsgəndərzadə qəlbində gəzdirdiyi Şuşa həsrətini yana-yana dilə gətirir:

- Qaldır döyüş bayrağını,
Haydır Zəfər sorağını,
Ölsəm, Şuşa torpağını,
Tökün,gözümə-gözümə...

İndi 30 illik ayrılıqdan sonra bütün bu nisgillər, həsrətlər arxada qalıb. Bütün Qarabağ torpaqlarımız müzəffər Ali Baş Komandanımızın, qəhrəman əsgərlərimizin misilsiz şücaəti ilə artıq azaddır. İşğaldan azad olunmuş torpaqlarımızda, elə Ağdamda da, Şuşada da yeni həyat qurulur. Cənnətməkan Qarabağ əvvəlki firəvan günlərinə qayıdır. Bu zəfərə ən çox sevinən ziyalılarımızdan da biri də Elçin İsgəndərzadədir. Yəqin ki, son onilliklərdə onun şeirlərindəki Qarabağ nisgili müjdə soraqlı misralarla əvəzlənəcək.
   Elçin İsgəndərzadənin poeziyasında məhəbbət mövzusu da çox önəmlidir.

- Məhəbbət insanın baxmır yaşına,
   Sevmək Tanrının da gələr xoşuna.
   Xoşbəxtlik çələngi qoyub başıma,
   Mən səni sevəcəm, sevəcəm hələ...

Başqa bir şeirində Elçin İsgəndərzadə gözəli belə təsvir edir:

- Dərdlərimə bunca gülüş ələsən,
  Qorxuram ki, bəd nəzərə gələsən,
  Elçinin bu məsləhətin dinlə sən,
  Gülüşünə göz muncuğu tax, gözəl.

   Elçin İsgəndərzadənin bir ziyalı kimi fəaliyyəti həmişə göz önündə olub, diqqət çəkib. Və həmişə də elmi ictimaiyyət tərəfindən qiymətləndirilib. Yəqin ki, Elçin müəllimin respublika ictimaiyyəti tərəfindən 50 illik yubileyinin anşlaqla qeyd olunması bunun bariz nümunəsidir. Həmin yubiley tədbirində professor Buludxan Xəlilovun Elçin müəllim haqqında söylədiyi fikirləri burada xatırlamaq çox yerinə düşür: " Həyatda işıqlı adamlar görəndə, doğmalarımdan doğma hesab edirəm... Elmin müxtəlif sahələrinin ən istedadlı adamları ədəbiyyata bağlı adamlar olurlar... Bu, onların istedadlarının kamilliyindən xəbər verir... Elçin İsgəndərzadə xalqımızın məhz, belə ziyalılardandır. Hamımızın doğma adamıdır. Bu ilin sentyabr ayında Elçin İsgəndərzadənin 60 yaşı tamam olur. Hesab edirik ki, bu yaş Elçin müəllimin hərtərəfli fəaliyyətinin çiçəkləndiyi bir dövrdür. Qarşıda hələ çox uğurlar, yubileylər qeyd olunacaq.
    Hamımıza doğma adam, 60 yaşınız mübarək!

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49