Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti - 1894-1921-Cİ İLLƏR

14/11/2023 - 14:09

“O zamankı qızğın illərdə Ağaoğlu Əhməd qədər heç bir kəs milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır...”

Məhəmməd Əmin Rəsulzadə

Əhməd bəy Ağaoğlu 1894-cü ildə Fransadakı təhsilini bitirən kimi Tiflisə gəlir və buradakı 2 illik fəaliyyətindən sonra Şuşaya qayıdır. Burada real məktəbdə fransız dilindən dərs deyir, xalqı maarifləndirmək üçün kitabxana açdırır, ilk teatr tamaşalarını təşkil edir. Beləliklə xalqın gözündə “Firəng Əhməd” doğulur. 1897-ci ildə H.Z.Tağıyev, 57 min rubla aldığı “Kaspi” qəzetinin mətbəəsinə milli ziyalılarımızı da cəlb etmişdi və Əhməd bəyə Bakıya gəlməsi üçün təklif göndərmişdi [4, s.84]. Əhməd bəy burada qəzetin əsas müəlliflərindən olur.

Bakıdakı fəaliyyəti yalnız bununla bitmirdi, həmçinin buradakı real məktəbində də fransız dilindən dərs deyirdi. Əhməd bəy Ağaoğlu "Kaspi"də dərc etdirdiyi "Müsəlman söhbətləri", "Müsəlman xalqlarının vəziyyəti" adlı silsilə məqalələrində müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirdi. Xalq arasında artan nüfuzu onun 1902-ci ildə Bakı Şəhər Dumasında qlasnı (deputat) olaraq fəaliyyət göstərməsinə səbəb olmuşdur və burada Bakıdakı müsəlman əhalisinin başqa xalqların əhatəsindən azad olması üçün fəaliyyət göstərirdi. Əhməd bəy 1904-cü ildə Bakı dumasının iclaslarında bir neçə dəfə müsəlmanların problemləri ilə yanaşı, Bakı şəhər əsasnaməsinə yenidən baxılması və onun yeni dövr şəraitinə uyğunlaşdırılması məsələsini qaldırmışdı. Bu məqsədlə, hətta dumada komissiya yaradılmış, lakin I Rus inqilabı bu ideyanın gerşəkləşməsinə imkan verməmişdir.

1905-ci ilin yanvarında başlayan I Rus inqilabı Azərbaycanda milli mübarizənin yeni inkişaf etmiş formasının yaranmasına gətirib çıxardı. Bu inqilabın dönüş nöqtələrindən biri ziyalıların, Cənubi Qafqaz müsəlman icmasının rəhbərliyini öz üzərinə götürməsi olmuşdu.

Həmin ziyalılardan biri olan Ağaoğlu XX əsrdə Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini, ardınca isə “İrşad” qəzetinin baş redaktoru olmuşdur. Bu qəzetlərdə Əhməd bəy dövrün ictimai-siyasi hadisələrindən xəbər vermiş, erməni-azərbaycanlı münaqişəsinə toxunmuşdu. 1905-ci ildəki qırğınlardan sonra xalqların ziyalı nümayəndələri, nüfuzlu din xadimləri küçə-küçə gəzərək hər iki tərəfi sakitləşdirməyə, qan tökülməsinə son qoymağa çağırırdı. Bu qırğınlara son qoymaq üçün 1906-cı ilin fevralında Tiflisdə sülh konfransı çağırıldı, lakin tarixçilərin indiyə qədər Vorontsov-Daşkovun fikri kimi tanıdığı bu təşəbbüsü Fərhad Cabbarovun tədqiqatı sübut edir ki, ilk dəfə Əhməd bəy Ağaoğlu irəli sürmüşdür. O, 8 sentyabr 1905-ci il “Həyat” qəzetinin 60 nömrəli sayında dərc olunan “Bir əlac” adlı məqaləsində canişin Vorontsov-Daşkov tərəfindən Tiflisdə, hər iki millətin öz iddia və xahişlərini səsləndirən seçilmiş nümayəndə və vəkillərdən ibarət olan “məclisi-ümumi”nin təşkil olunmasını qeyd edirdi. Əhməd bəyin bu istəyi 1906-cı ilin fevralında nəzərə alınmışdı [Fuad Xəlilov və Mərziyə Xudiyeva; daha ətraflı bax: 7, s. 91-107]. Konfransda müzakirə olunan iki əsas məsələdən biri Azərbaycan əhalisinin yaylaqlara köçürülməsi, digəri isə erməni qatil dəstələrinin fəaliyyətinə son qoyulması idi və Əhməd bəy buna kəskin şəkildə etiraz etmişdi. O, bu çıxışı zamanı qəflətən özünü itirir və digər otaqda həkim müayinə etdikdən sonra yenidən iclas otağına qayıdır. M.S.Ordubadi bu haqda yazır ki, “Cənab Əhməd bəy Ağayev milləti uğrunda bu qədər cidd-cəhdlə çalışdığını görüncə onun nə dərəcədə millətsevər olduğu hamıya məlum olur” [Fuad Xəlilov və Mərziyə Xudiyeva; daha ətraflı bax: 7, s. 91-107]. 1906-cı ilin payızında ermənilərin terroruna cavab olaraq yaradılmış “Difai” partiyası Əhməd bəyin Tiflis sülh konfransından əldə edə bilmədiyi nəticənin “məhsulu” idi. Bu partiyanın quruluş səbəblərindən biri də xalqı maarifləndirərək, onu düşməninə qarşı gücləndirmək idi [3, s.197].

Əhməd bəy ağıllı siyasət yürüdərək İrşad qəzetinin Azərbaycan türkcəsində olan proqramında rus məmurlarına qarşı ittiham irəli sürmədiyi halda, rus dilindəki proqramında nəinki ittiham, hətta kəskin tənqid etmişdir [2, s.107]. “Difai” partiyası erməni silahlı birləşmələrinə və əsasən də ermənilərin “Daşnaksütyun” və “Hnçak” kimi terorist partiyalarına qarşı mübarizə məqsədi güdürdü, elə bu məqsədlə ermənilərə köməklik edən Naxçıvan qəza rəisi - A. Enkeli öldürmüş, Şuşa generalqubernatoru isə V.N.Qoloşapovu yaralamışdır [2, s.111]. Bu səbəbdən “Difaidaşnak münaqişəsi” (M.X.) şəklində adlandırdığımız bu məsələdə Əhməd bəy və silahdaşları çoxlu təzyiqlərə məruz qalmışdır. Əhməd bəyin xatirələrinə əsasən bizə məlum olur ki, ailəsi ilə birgə 1908-ci ildə Osmanlı imperiyasına mühacirət səbəbi də məhz bu cür siyasi fəaliyyəti olub [1, s.7]. Türkiyədə fəaliyyətini davam etdirən Ağaoğlu artıq ümmətçilikdən millətçiliyə doğru addım atmışdı və bu özünü soyadındakı dəyişiklikdə də büruzə verirdi [8].

1918-ci ildə Cənubi Qafqazda hərbi-siyasi vəziyyət çox qarışıq idi və Azərbaycan torpaqlarında gərgin vəziyyət hökm sürürdü. (Əsas şəhər Bakı bolşevik və daşnakların əlində idi.) Osmanlı höküməti Azərbaycan türklərinə yardım etmək üçün Nuri paşanın başçılığı ilə Qafqaz İslam ordusunu köməyə göndərdi [3, s.326-327]. Qafqaz İslam ordusu tərkibində Azərbaycanı yaxşı şəkildə tanıya biləcək peşəkar mütəxəssislər lazım idi, ona görə Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə də bu ordunun tərkibinə qatılmışdı. Hərbi komandanlığın siyasi müşaviri olmuş Əhməd bəy AXC liderləri ilə birbaşa vasitəçi rolunu oynayırdı. O, gərgin iş şəraitinə baxmayaraq Gəncədə yaşadığı dövrdə “Türk sözü” adlı qəzet buraxmış, amma Bakının azad edilməsinə qədər qəzetin 2 nömrəsi işıq üzü görmüşdü. 1918-ci ilin iyunun 16-da Tiflisdən Gəncəyə köçən AXC hökümətinə qarşı Nuri paşa və onun ətrafındakılar soyuq münasibət bəsləyirdi. Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşan Nuri paşa ilə hökümət üzvləri arasında ziddiyyətlər yaranmışdı. Həmin ziddiyyətli məsələləri həll etmək üçün M.Ə.Rəsulzadə, Fətəli xan Xoyski və M.H.Hacınskidən ibarət nümayəndə heyəti Nuri paşa ilə görüşə getmişdi. Nuri paşa isə, siyasi məsələlər üçün, onları Əhməd bəyə yönəldərək özünün hərbçi olduğunu dilə gətirmişdi. Ağaoğlu nümayəndə heyətini sərt etirazı ilə qarşıladı, onun fikrincə, AXC hakimiyyəti xalq arasında öz nüfuzunu itirmiş və əhali arasında üsyan təhlükəsi yaranmışdı. Sətiraltı şəkildə Nuri paşanın hökümətin demokratik islahatlarından narazı olduğunu və beləliklə, Milli Şura ilə hökümətin buraxılaraq, Nuri paşanın istədiyi adamlardan bir hökümət qurulmasını tələb etmişdi. M.Ə.Rəsulzadə başda olmaqla, Azərbaycan nümayəndə heyəti bu tələbə sərt şəkildə etiraz edərək, Azərbaycanın Osmanlı dövləti tərkibinə heç bir halda qatılmayacağını bəyan etmişdi [6, s.82-89]. Sonda gəlinən razılığa əsasən, Ə.Ağaoğlu öz fikirlərindən daşınmış, əvəzində Milli Şuranın bütün səlahiyyətlərinin F.X.Xoyskinin rəhbərlik etdiyi II hökümət kabinetinə verilməsinə razılaşmışdı. 17 iyun böhranı dövründə onun mövqeyi ilə bağlı onu da qeyd edə bilərik ki, o zaman aparılan müzakirələr yeni deyildi və AXC-nin təşəkkülü ərəfəsində də Ənvər paşa ilə aparılmışdı. 1918-ci ildə Nuru paşa ilə AXC hökuməti arasında yaranmış soyuq münasibətlər daha çox onun cümhuriyyətçiliyi, Avropanın dəyəri kimi qiymətləndirməsi və Bakı uğrunda iri dövlətlər arasında gedən gərgin mübarizədə proseslərə tam nəzarət etmək istəyi ilə bağlı idi [Rövşən Hətəmov; daha ətraflı bax: 6, s. 82-89]. Əhməd bəy AXC parlamentindəki çıxışında Cümhuriyyətin xarici dövlətlər tərəfindən tanınması məsələsini dilə gətirərək, 1918-ci ilin dekabrın 28-də Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibində yer alırdı.

9 yanvar 1919-cu ildə əvvəlcə Tiflisə yola düşən Əhməd bəy və nümayəndə heyəti 20 yanvarda artıq İstanbula çatmışdı və gəlinən razılığa əsasən Əhməd bəy nümayəndə heyyətinin siyasi publisistika məsələləri ilə məşğul olacaqdı [5, s.227]. Lakin onun adı "İttihad və tərəqqi" partiyasının rəhbərləri ilə birlikdə çəkildiyinə görə həbs edilərək, Malta adasına sürgün olunmuşdu. 1921-ci ildə Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdirilən sürgün olunanlar arasında Ə.Ağaoğlu da yer alırdı. Atatürklə Əhməd bəy arasındakı “Dalğalı dostluğun” (M.X.) təməli də bu cür atılmış oldu. Təbii ki, bu cür dahi şəxsiyyət haqqında bir tezis ətrafında danışmaq çox çətin məsələdir.

Özünə və məqaləsinə verdiyi “Mən kiməm?” sualına gördüyü işlərlə cavab verən Əhməd bəy Ağaoğlunun fəaliyyətindən də aydın olur ki, böyük işlər görmək üçün yalnız ideya kifayət etmir, bunun üçün cəsarət də lazımdır. Yəni Sultan Səlimin dili ilə desək, “Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq isə ölümə aparır”.

Mərziyə XUDİYEVA,

BDU-nun Tarix fakültəsinin tələbəsi

Email: xudiyeva.marziye@mail.ru

Rəyçilər: 1. Dosent, tarix elmləri doktoru – Fərhad Cabbarov

 2. Dosent, tarix üzrə fəlsəfə doktoru - Rövşən Hətəmov

Email: farhadcabbarov@mail.ru //rovshanhatamov@gmail.com

Açar sözlər: Əhməd bəy Ağaoğlu, “Difai” partiyası, Nuri paşa, Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyəti.

Key words: Ahmed bek Agoglu, “Difai” National Committee, Nuri Pasha, Mahammad Amin Rasulzade, Azerbaijan Democratic Republic.

Ключевое слово: Ахмед бек Агоглу, Организация «Дифаи», Нури паша, Мамед Эмин Расулзаде, Азербайджанская Демократическая Республика.

Ədəbiyyat:

1. Ağaoğlu Ə. XatirələrTərtib, türkcədən uyğunlaşdırma, müqəddimə, izah və şərhlər Vilayət Quliyevə məxsusdur. Bakı, TEAS Press Nəşriyyat evi, 2019, 216 s.

2. Ağaoğlu Ə. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu (tərtib edən, ön söz, qeyd və şərhlərin müəllifi F.R.Cabbarov). Bakı, Mütərcim, 2019, 278 səh.

3. Balayev A. Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu (1869-1939). Bakı, JekoPrint Çap Evi, 2021, 508 səh.

4. Əliqızı S. Türk dünyasının mübariz mütəfəkkiri. Bakı, “Elm və Təhsil”, 2019, 296 səh.

5. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı, “GARİSMA” MMC, 2009, 576 səh.

6. Hətəmov R. - “17 iyun böhranını doğuran səbəblər haqqında”. “Tarix və onun problemləri” jurnalı, № 2, B. 2002.

7. Xəlilov F. və Xudiyeva M. – “Ermənilərin azərbaycanlılara qarşı qırğınlarına son qoymaq üçün, keçirilmiş 1906-cı il Tiflis sülh konfransı tarixi tədqiqatlarda”. “Gənc Tədqiqatçılar” jurnalı, № 7, B.2023.

8. Əhməd bəy Ağaoğlu: İran patriotu, pantürkçü, müsəlman islahatçı, türk millətçisi və nəhayət liberal – Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü Dr. Harun Yilmaz //https://www.bbc.com/azeri/articles/cev4p99r95no

Müraciət tarixi: 19.05.2023

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ