İsveçdə “Mədəniyyət kodu-Şuşa” adlı lonqrid layihəsi təqdim edilib - FOTOLAR

28/11/2022 - 13:24

İsveçin paytaxtı Stokholmda “Mədəniyyət kodu-Şuşa” adlı lonqrid layihəsinin təqdimat mərasimi keçirilib.

Qafqaz.media xəbər verir ki, Sollentuna Bələdiyyəsinin kitabxanasında gerçəkləşdirilən mərasimdə akademik çevrələrin, yerli ictimaiyyətin, kütləvi informasiya vasitələrinin, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, layihənin müəllifi –  "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənova  və birliyin sədr müavini Sindi Şükürova çıxış ediblər.

Bildirilib ki, Şuşanın mədəniyyət kodu Pənahəli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır. Şuşa şəhərinin türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından, Avropa auditoriyası üçün maraq doğuran amillərdən, Azərbaycanın İsveç ictimaiyyətinə Şuşa ilə tanıdılmasının zəruriliyindən danışılıb.

Tədbir zamanı rus, İsveç və ingilis dillərində hazırlanan https://codeshusha.com/ saytı haqqında da məlumat verilib. Nəzərə çatdırılıb ki, saytda yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir.

Mövzular barədə məlumatlar İsveçdə yaşayan alim Səadət Kərimi tərəfindən İsveç dilində təqdim edilib.

Qeyd edək ki, "Mədəniyyət kodu-Şuşa" layihəsi Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Mətnlər maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Azərbaycan internet məkanında ilk dəfə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb. Bəstəkar Süleyman Ələsgərovun nəvəsi, əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.

Tədbir müzakirələrin aparılması və qonaqların suallarının cavablandırılması ilə yekunlaşıb.

Qafqaz.media

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

"Yeni ulduz" qayıda bilər?
30/09/2024 - 10:54
Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49