Korotçenko mağazadan Azərbaycan şirəsi aldı, ermənilər onu “faşist” adlandırdı - QALMAQAL

20/01/2023 - 21:45

Rusiyalı hərbi ekspert İqor Korotçenko Moskvadakı mağazaların birində olarkən rəfdə Azərbaycan və Ermənistan istehsalı olan şirələrin dayandığını görüb. Korotçenko “AzNar”-ın istehsal etdiyi Azərbaycan məhsulunu seçib və müvafiq statusu öz “Facebook” səhifəsində paylaşıb. O, bu seçimini onunla əsaslandırıb ki, Azərbaycanda istehsal olunan şirə daha yaxşı qablaşdırılır və keyfiyyəti ciddi nəzarətdən keçirilir, ən əsası isə Azərbaycan “Rusiya üçün dost ölkədir”.

Korotçenko yazır:

“Mən Azərbaycan şirəsi almışam. Niyə? Butulka, qablaşdırma, etiket daha cəlbedici və estetikdir. Amma ən əsası odur ki, Azərbaycan yaxşı ölkədir, Rusiyaya dostdur. Rusiyaya ixrac edilən Azərbaycan məhsullarının keyfiyyəti ciddi nəzarətdən keçirilir.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürür, Rusiya Federasiyasına qarşı təhqiramiz bəyanatlar eşidilir, İrəvan Rusiya hərbi bazasını çıxarmaqla, KTMT-dən çıxmaqla hədələyir. Ona görə də mən və digər ruslar erməni məhsulunu almayacağıq: nankor ölkəni, nankor cəmiyyəti niyə maliyyələşdirməliyik? Elə deyilmi?".

Rusiyalı ekspertin bu paylaşımı bütün dünya ermənilərini qəzəbləndirib. Onlar “Facebook” administrasiyasına kollektiv şikayət göndərərək Korotçenkonun yazısının “faşizm xarakteri daşıdığı üçün” silinməsini tələb ediblər. Bu şikayətlərdən sonra “Facebook” ekspertin yazısını silib.

Ekspert növbəti yazısında bunları qeyd edib:

“Yaxşılıq pisliyə qalib gəlir! Aydındır!

Dünən bir mağazadan Azərbaycanın nar şirəsini almağa üstünlük verdim. Erməni məhsulu almadım deyə nəinki Ermənistan vətəndaşları, hətta dünyadakı erməni diasporunun üzvləri narahat oldular. Bu səbəbdən, onlar mənim yazımla bağlı “Facebook” rəhbərliyinə kütləvi şikayətlər göndərməyə başladılar.

ABŞ və Fransadakı erməni diasporlar fəallarının sayəsində mənim hesabıma edilən şikayətlərin sayı bir neçə on mini keçdi, bundan sonra qeyd olunan yazım “faşizm təbliğatı”na görə silindi.

Bununla belə, hörmətli oxucular, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində “Facebook” mənim hesabımı blokdan çıxarmağa və nəşri öz yerinə qaytarmağa məcbur oldu.

Azərbaycan nar şirəsi iç!”

Ermənilərin reaksiyası təkcə “Facebook” administrasiyasına şikayətlər göndərməklə bitməyib. Ermənistanın siyasi dairələrində Korotçenkonun postu ətrafında da qızğın müzakirələr gedir.

Bütün bunlara rəğmən, Korotçenko postunu “Qarabağ Azərbaycandır!” şüarı ilə tamamlayıb.

Qafqaz.media