“Le Figaro”: “Saakaşvili həbsxanada arsen və civə ilə zəhərlənib”

06/12/2022 - 16:37

Fransanın “Le Figaro” nəşri yazır ki, amerikalı alimlərin apardığı təhlillərə əsasən, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin bədənində civə aşkar edilib.

“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi həbsxanasında arsen və civə ilə zəhərlənib”, - amerikalı toksikoloq Devid Smitin gəldiyi qənaət belədir.

“Le Figaro” yazır ki, tibbi analizin nəticəsinə dair sənədlər etibarlıdır və şübhə doğurmur.

“Onun saçında və dırnaqlarında ağır metalların, o cümlədən civə və arsenin izləri aşkar edilib. Mixail Saakaşvili həbsdən sonra zəhərlənib", - “Le Figaro” bildirir.

Nəşr onu da qeyd edir ki, bioloji nümunələr ABŞ-ın iki müstəqil laboratoriyasında analiz edilib.

“Le Figaro” beş ekspertin qərarına istinadən yazır ki, Saakaşvili Amerika və ya Avropanın müasir tipli xəstəxanalarına köçürülməsə, həbsxanada öləcək.

Qafqaz.media