Məlahət Hümmətqızının "ŞOKALAD QUTUSU" (hekayə)

24/11/2024 - 23:49

Məlahət Hümmətqızı ixtisasca həkimdi. İnsanların sağlamlığının keşiyində durmaqla yanaşı, bədii yaradıcılıqla da məşğuldu. İlk qələm təcrübələri mətbuatda işıq üzü görüb. Qələmini həm poeziyada, həm də nəsrdə sınayıb. “Atasız dünyam”, “Tənha yuva” adlı şeir kitablarının müəllifidi. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdü.

Qafqaz.Media  Məlahət Hümmətqızının bir hekayəsini oxuculara təqdim edir:

ŞOKALAD QUTUSU

(hekayə)

Rəfiqələrimin təkidilə axır ki, mən də ad günü edəsi oldum. Yaxın dostları, qonşuları, qohumları ad günümə dəvət etdim. Həyətimiz böyük olduğundan evdəkilərlə razılaşdıq ki, ad günümü həyətdə - hovuz başında qeyd edək. Stollar qoyuldu, süfrələr açıldı. Qonaqlar bir-bir gəlməyə başladılar. Məclis artıq qızışırdı. Amma Londonda yaşayan ən yaxın rəfiqəm onların arasnda yox idi. Nəhayət ki, rəfiqəm əlində iri şokolad qutusu gəlib çıxdı. Gözlərim güldü, sevindim. O, mənim şokolad xəstəsi olduğumu bilirdi. Rəfiqəm əlindəki qutunu mənə uzatdı:

-Bunu Londondan gətirimişəm, çox dadlıdı. Xoşuna gəlsə, deyərsən.
Mən:
-Yaxşı, - deyib, təşəkkür etdim.

Qutunun üzərindəki şəkil də çox gözəldi. Ad günüm gecə yarıya kimi davam etdi. Yedik, içdik, çoxlu rəqs etdik, əyləndik. Səhər hədiyyələri açıb baxdım. Xoşuma gələni də oldu, gəlməyəni də. Şokolad qutularını sayanda məətəl qaldım. Düz iyirmi beş dənə bir-birindən gözəl, əlvan qutu vardı. Amma qutuların içində ən gözəli rətifəqimin gətirdiyi şokolad qutusu idi. Qutunun üzərində soyuq London küçələrindən birinin şəkli vardı. Şəkil o qədər cəzbedici idi ki, fikirləşdim ki, şokoladı yedikdən sonra onun üz qabığnı çərçivəyə salıb divardan asacağam. Beləcə, hər gün, şokolad qutularını açıb yeməyə başladım. Lakin gözüm iri London qutusunda qalmışdı.

Bir gün anam:

-Sabah qonşumuz Səkinənin nişanıdı – dedi. – Hədiyyə almışam, üstünə bir şokolad qutusu da qoyub apararıq, kasıb qızdı, qoy hədiyyəmiz yaxşı olsun. Üzük taxılanda, açıb paylayarıq.

-Nə deyirəm, sən necə istəyirsən, elə olsun, - dedim.
Ertəsi gün günorta hazırlaşıb evdən çıxanda, anam dedi:
-Ay qız, qutu yaddan çıxdı, get bir irisini götür, gəl. Gecikirik, oğlan evi gəlib artıq, tez elə.

Mən ayaqqabılarımı çıxarmadan, tələsik evə qalxdım. Qutuları qoyduğum otağa girib şkafı açanda, birdən yadıma düşdü ki, hər gecə bir qutunu açıb yemişəm. Anamın heç xəbəri də olmayıb. Deyəsən, işim lap çətinə düşdü. Bir yandan anam məni tələsdirir, bir yandan da, boş qutular... Yadıma düşdü ki, London qutusuna əl vurmamışam. Başqa çarəm yox idi. Ya anamın danlağını eşitməliydim, ya da qutunu aparmalıydım. Sonuncu dəfə qutunu əlimə aldım, gözəlliyinə bir daha heyran olub sığalladım və vidalaşdım:

-Əlvida, səndən heç ayrılmaq istəmirdim. Neynəyim, qismət beləymiş, - deyib, ah çəkdim.
Birdən elə bil yuxudan ayıldım. Anam aşağıda məni gözləyirdi.
-Ay qız, harada qaldın, gecikirik axı.

Mən London qutusunu götürüb aşağı qaçdım. Anam qutunu görüb:

-Ay qız, bəs sən deyirdin, bu qutunu çox sevirsən? Deyirdin, şəklini divara asacağam. Noldu? Başqa qutu yox idi?
-Yox, hamısını yemişəm. – Az qala ağlayacaqdım.

Anam mat-mat üzümə baxdı:
-Hamısını yemisən? Ay qız, qorxmursan ki, şəkərə tutularsan?

Biz nişan evinə gələndə artıq hamı masa arxasında oturmuşdu. Bir-bir hamıyla görüşdük. Mən Səkinəyə yaxınlaşıb anam alan hədiyyəni və şokolad qutusunu ona uzatdım. Səkinə təşəkkür edib, heyranlıqla qutuya baxdı.

-Nə gözəldi... – dedi. – Bu qutunu haradan almısan? – deyib əzizləyirmiş kimi əlini qutunun üstündə gəzdirdi.

Mən:

-Londondan gəlib, məxsusi sənin üçün, - deyib, qımışdım.
Əslində isə pərt olmuşdum. Bunu gizlətmək üçün məcburi gülümsəyirdim. Gözüm qutuda qalmışdı.

-Bura malı olmadığı bilinir. Heç bizim dükanlarda belə şokalad qutusu görməmişəm. – deyib, qutunu üstündəki hədiyyəylə bərabər, yanındakı hədiyyə dolu masanın üstünə qoydu.

Masanın üstündə başqa qutular da vardı – şirniyyat, konfet qutuları. Fikirləşdim ki, bu qədər hədiyyənin içindən o mənim hədiyyəmi necə tanıyacaq? Çantamdan göz karandaşımı çıxarıb qutunun kənarına adımın baş hərfi ilə imza atdım. Beləliklə, sevimli qutumla həmişəlik vidalaşdım. Həvəssiz masa arxasına keçib oturdum. Axşama qədər yedik, içdik, əyləndik. Üzüklər taxıldı, qutular açıldı, amma mənim şokolad qutumu açmağa heç kimin əli gəlmədi. Kim baxdısa:

-Dəyməyin, bunu gəlin özü açıb yeyər, – dedilər.

Məclis qurtardı, sağollaşıb evə qayıtdıq. Deyəsən, qutuda gözüm qalmışdı. Məclisdə də gözümü ondan çəkə bilmirdim. Nə isə... Günlər beləcə yerini aylara, aylar isə yerini ilə verdi. Beləcə, bir il keçdi. Ad günüm yaxınlaşırdı. Anam:

-Yubileyindi. Restoranda qeyd edək, - dedi. – Sən rəfiqələrini, biz də atanla dost-tanışı çağırarıq, - dedi.

Düzü, etiraz etmədim. Hər dəfə həyətimizdə bir məclis edəndə, əziyyət özümüzə qalırdı. Yuyub-yığışdırmaq vaxtımızı alırdı. Hələ yorğunluğu demirəm. Ona görə anam restoran adı çəkəndə, etiraz etmədim. Səhəri gün dükanları ələk-vələk etdik. Axır ki, əynimizə paltar ala bildik. Düzü, paltarlarımz çox gözəl idi, bu da məni çox sevindirirdi. Nəhayət, ad günüm gəlib çatdı, bütün qonaqları axşam saat 6-ya çağırmışdıq. Anamla mən gözəllik salonundan birbaşa restorana gəlmişdik. Biz restoranın içəri qapsında dayanıb qonaqları qarşılamağa başladıq. Hərə əlində bir hədiyyə ilə gəlmişdi. Mən onlara təşəkkür edib, hədiyyələri qəbul edirdim. Birdən kimsə arxadan əllərilə gözlərimi bağladı. Mən arxaya çevriliəndə, uşaqlıq dostumu, mənə bir il əvvəl Londondan şokolad qutusu gətirmiş Londonda yaşayan və bir ayağı Bakıda olan yaxın rəfiqəmi gördüm. Çox sevindim. Öpüşüb-görüşəndən sonra dedi:

-Gör sənə nə gətirmişəm. İnanmazsan, bir il əvvəl sənə gətirdiyim şokolad qutusu özümə qayıdıb. Əvvəlcə, gözlərimə inanmadım. Çünki bu qutunu öz əllərimlə Londonun ən məşhur dükanından sənin üçün almışdım. Həmin konfetdən Bakıda yoxdu. Fikirləşdim ki, bəlkə kimsə mənim kimi Londondan gətirib bu qutunu? Amma üstündə sənin imzanı görəndə, bildim ki, bu mənim aldığım qutudu.

Rəfiqəm iri sellafan paketdən sevimli qutumu çıxarıb mənə uzatdı.

-Ola bilməz...- tez qutunun ucuna baxdım, həmin qutu idi. – Sağ ol, canım. Heç bilirsən, məni nə qədər sevindirdin? – deyib, rəfiqəmin boynuna sarıldım.

Sevincimin həddi-hüdudu yox idi. Məclis axşama qədər davam etdi. Çox əyləndik. Çox xoşbəxt idim, elə bilirdim, mənə dünyanı bağışlayıblar. Qonaqlar dağılışmadan əvvəl qutunu açıb içindəki gözəlliyə baxdım. Elə bil konfetlər indicə düzülmüşdü. Birini götürüb dadına baxdım. Köhnəlməmişdi, çox ləzzətli idi. Konfetləri qonaqlara payladım.

Ertəsi günü heç ləngimədən şəkilli qutunu götürüb çərçivə satılan dükana getdim. O qədər çərçivə var idi ki, seçə bilmirdim. Nəhayət, ən gözəlini seçdim. Elə oradaca şəkli kəsdirib çərçivəyə saldırdım.

İndi soyuq London küçəsini əks etdirən şəkil otağımın divarından asılıb. Hər baxanda şokolad əhvalatı yadıma düşür, hər dəfə də gülümsəyirəm. Bir də fikirləşirəm ki, əgər bir şeyi çox istəyirsənsə, o gec-tez, bumeranq kimi hərlənib, fırlanıb sənə qayıdacaq. Bu şokolad qutusu kimi... Əldən-ələ gəzdi və nəhayət, doğma sahibinə qayıtdı...

Məlahət Hümmətqızı

Qafqaz. Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04