Ovunmayan həsrət - Zemfira Məhərrəmli yazır
Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim
Gənc və istedadlı şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Avrasya Sanat Kültür Edebiyat və Bilim Federasyonunun (ASKEF) və İLESAM-ın (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) üzvü Azadə Novruzova hələlik oxucularını ərsəyə gətirdiyi iki kitabla sevindirib. “Ovunmayan həsrət” və “Sən mənim ağ kitabım” əsərləri ilə. İyirmidən çox kitabın tərtibçisi və redaktoru olmaqla yanaşı, çoxsaylı elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri ingilis və rus dillərinə tərcümə edilib. A. Novruzova İstanbul şəhərində söz sənəti pərəstişkarlarını bir araya toplayan Avrasiya V Beynəlxalq Ədəbiyyat Festivalının (“LiFFt-2021”) sertifikatı və diplomu ilə təltif olunub.
Təbiilik, səmimiyyət, hadisələrə həssas yanaşma və həyatilik Azadənin yaradıcılığına xas olan məziyyətlərdir. Vətən dərdindən yazmaq hər kəsin hünəri deyil. Sağalmaz yaramız illər boyu inildəyib, gözümüzdə yaş, damarlarımızda qan donub. İlahi gözəlliyə malik yurd yerlərimizin yağılar güdazına getməsi onu da sarsıdıb, ürəyini göynədib. Azadə şeirlərində azğın erməni millətçilərinin və onların tərəfkeşlərinin fitnəsi, təxribatları ilə qaçqına və məcburi köçkünə çevrilmiş insanların, çözülməsi uzun illər çəkən üzücü münaqişənin qurbanlarının, həm də uşaqların ağır, nisgilli taleyini qələmə alıb. Onun “Bir uşaq ağlayırdı...” adlı şeirində oxuyuruq:
Bu gecə yuxumda bir uşaq ağlayırdı, Əlləri xınalı, telləri qıvrım. Can deyib, haray çəkirdi. Harayı dağ çəkirdi. Gözündən od tökülürdü, Alışıb, yanırdı dünya! Bu gecə yuxumda bir uşaq ağlayırdı, Əynində qırmızı don, ayağı yalın. Don vurmuşdu ayağını, Ünü ərşə çatırdı. Diziüstə çökmüşdü, Səcdədən qalxırdı dünya!
Müəllif qanlı hərb qovğasına düçar olmuş taleləri bu ürək dağlayan poetik nümunədə izləməklə, faciənin böyüklüyünü, miqyasını qabartmaqla baş vermiş olayların kökünü araşdırır, üzləşdiyimiz müsibətlərin haradan qaynaqlandığının mahiyyətinə varır, susqun, müti dünyaya acıyır və misra-misra poetik gerçəklik yaradır:
Bu gecə yuxumda bir uşaq ağlayırdı, Xocalıdan... Gəlinciyi qucağında.
Cəsədi qar içində. Yiyəsi ölmüşdü, Ortalıqda qalmışdı dünya!
Vətənpərvər ruhlu yazarlarımızdan biridir Azadə xanım. Haçalanan yollar, qoru külləşmiş ocaqlar, bədnam düşmənin əliylə tənha qalmış yurd yerlərimizin, yandırılan, dağıdılan kəndlərimizin ah-naləsi söz adamını dilə gətirib, qələminə güc verib. “Mən elə bilirdim” yazısında olduğu kimi: “Kənddən çıxanda axşamüstü idi. Qaranlığın işığı udduğu, şərin qarışdığı bir dəm... Hər dəfə xatırladıqca bütün vücudumu əsim-əsim əsdirən, ağlımda, yaddaşımda ilişib qalan və heç vaxt unuda bilmədiyim ilk qəhərli, gözüyaşlı ayrılıq anım... O gündən mənimlə bir yaşadı bu qəhər. Göynətdi, oydu qəlbimi. Vətən yarası açdı... sağalmaz, qaysaq bağlamayan... ”
Gətirdiyimiz misal adı çəkilən yazıda ən yaddaqalan məqamlardandır. Müəllif yurd yerinə tamarzı, qaçqına çevrilmiş insanın iztirablarını, psixoloji durumunu, keçirdiyi haləti, üstəlik öz yaşantılarını, hiss-həyəcanını inandırıcı boyalarla əks etdirib: “Adətən, belə görmüşdük, köç yığılanda qapılar qıfıllanardı. Amma bu köç yaylaq köçü deyildi, bu köç qaçqınlıq, didərginlik köçü imiş... geriyə dönməyən köç, gözünün kökü saralıb, ümidi qırılan köç...” Oxucular A.Novruzovanı Qarabağ savaşı mövzusunda qələmə aldığı “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən olan yazıların müəllifi kimi də tanıyırlar. Azadənin Vətən dərdindən bəhs edən, otuz il ərzində yaşadığımız gerçəklikləri, ağrı-acını bir daha xatırladan publisistik qələm nümunələri sırasında bir yazısı daha təsirlidir. Ovunmayan həsrətimizdən söz açan “Şəhidim” adlı yazısı. Müəllifin ürək çırpıntıları, qəlbinin sızıltısı, göynərtisi duyulan bu yazı şəhid xanımının dilindən nəql olunub. Sevgilisi şəhid olmuş gözəlin dünya kirkirə kimi başına dolanır, əzir, doğrayır, düşüncələrini bir buğda dəni kimi. Vətən naminə canından keçmiş igidin sevdalısı görün nələr düşünür: “Qıymır bir ovuc torpağı mənə, qarışım ona, cücərim bir bahar yolunun üstə...Yollardan ha soraqlaram, hara apardı səni? Bilirsən, küləklər necə sərsəri əsir küçəmizdən..? Yağışlar da kəsib-kirimir, bəxtsiz gəlin kimi, göz yaşı tökür o gün, bu gün...” Bu bədii mətndə verilmiş bənzərsiz poetik misralar da müəllifin fikirlərinin tərcümanıdır:
Bir yaz görüm necəsən?
Yarıcanım, hardasan?
Sağım, solum, bütünüm,
Sənsiz elə darıxdım.
Dolanıram başına
Dörd divarın səhərdən.
Gələn-gedən nəfəsim,
Yenə səssiz pıçılda
Gecənin qulağına.
Uzun müddət əsarətdə qalan yurd yerlərimizin dağında-daşında gəzən, düşmənə qan udduran igidin bir cüt əsgər ayaqqabısı qapının girəcəyində gözü yolda qalıb, sahibini gözləyir.
Şəhidin vaxtilə yaşadığı evin pəncərəsindən ətrafa həsrət dolu baxışlar boylanır. Çapar ünvansız məktubları hər dəfə geri gətirir. Eh, hardan bilsin... “Nə can yanır bu odda?” Təəssüf ki, şəhidlərdən heç vaxt məktub gəlmir:
Səhv-düz, tələm-tələsik,
Qara-qura, eybi yox.
Eləcə yaz ki, sağam.
Canım, gözüm, əzizim,
Bağışladığın güzgü
Əlimdən heç düşməzdi.
Dünən salıb qırmışam,
Topalayıb yığmışam,
Bərk sıxıb saxlamışam
Ovucumun içində.
Qorxuram küsər, gedər
Bir ömür xatirələr...
Bu düşüncələrin içində qarşısıalınmaz bir istək də var: “Keşkə... geri qanrılasan, dönəsən gəlməzindən... Yolun kəsə başından, qanrılasan geriyə... Tez gələsən, tez... Nə olar, fələyin çərxin çevir, göyün üzün aç, Allah! Çiçəklər gülümsəsin günəşə sarı... Bəxtinə gün çıxsın, uman, küsən könlümün!”
Amma bu ülvi arzuya çatmaq mümkünmü? Deyirlər, qızılı payızın son ayında köçəri quşlar baş-başa verərək göy üzündə səf çəkib, qatar-qatar uzaqlara üz tutanda həsrət dolu ürəklər ayrılıq odunda daha çox yanıb qovrulur. İstəklisi şəhid olandan üzü bəri bir dəstə durna teli toplayan, müqəddəs tutyatək əzizləyib, gecədən ta sübhədək ümid göyərdən, intizar gözləri yollara dikilən, hər qaraltıya sevinən şəhidin xanımı “yenə gözləyirəm və hər gün beləcə gözləyəcəm ta sən gəlincə, ümid üzülmür ki, bilirsən”, deyir. “Bu bayram qoşa butalı kəlağayı alacaqdın... Eynən nənəm kimi, qaşbənd vurub, yaşmaq tutacaqdım... Qoşa butalı kəlağayı tutub gözüm... hardasan?”
Addımları irəliyə, baxışları geriyə çəkirdi igidi... Amma o, qətiyyətli idi, ölümlərin ən alisi sayılan şəhadəti seçmişdi. Şəhidin yarı indi sevdası doluxsunmuş bir gözəlin gözlərindən dünyaya boylanan, uzun yolların yolçusu olan sevgilisinin, heç olmasa, vaxtilə birgə uydurduqları, xoşbəxt sonluqla bitən nağıllara qonaq gəlməsini arzulayır:
Ayım, günüm, əzizim,
Yarıcanım, hardasan?
Köhnə şəhər, dar küçə
Külək, sazaq, dörd divar.
Yolun hansı yanadır?
Ordan boylanım sənə.
Amma şəhid xanımının təsəllisi böyükdür: “Ağrın canıma, sən unudulan deyilsən! Vətən torpağından cücərən hər çiçəkdə sənin ətrin duyulacaq, Şəhidim!”
Bu bir həqiqətdir ki, 44 günlük Zəfər savaşımız Vətən naminə canından keçən şəhidlərimizin doğma torpağa axıdılan qanlarıyla qazanılıb. Müdrik Sərkərdənin qətiyyətli çağırışı ilə dəmir yumruqtək birləşərək yaranmış ordu-xalq vəhdəti düşmən üzərində möhtəşəm Qələbəmizi şərtləndirdi, biz qalibiyyətin doğurduğu coşğu və ecazkar sevinc hissini yaşadıq. İndi qələm dostları kimi, Azadə də Zəfər şeirləri yazaraq poeziyamıza öz töhfələrini verir.
Zemfira Məhərrəmli
yazıçı-publisist
Qafqaz.Media