“Qırxdan sonra…”

28/12/2024 - 10:19

Qafqaz.Media   xəbər verir ki, dekabrın 24-də “Nizami” Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı oldu. Mədəniyyət və incəsənət xadimlərinin, media mənsublarının iştirak etdiyi nümayişdən öncə səhnəyə çıxan filmin yaradıcı heyətinin ekran əsəri, yaranma ideyası, mövzu və əsas mesajları barədə məlumat verdilər. Filmin ssenari müəlliflərindən Sevda Sultanova nümunədə nəinki aktrisaların, ümumilikdə qadınların düşüncələrinə, müəyyən yaşdan sonrakı mənəvi mübarizəsinə yer verdiklərini bildirdi. Filmin ssenari və quruluş müəllifi Saida Haqverdiyeva “Qırxdan sonra”da cəmiyyətimizdəki qadınların, xüsusən yaradıcı qadınların, özünü ifadəyə çalışan həmcinslərimizin ümumiləşmiş obrazını yaratmağa çalışdıqlarını dedi. Filmin ərsəyə gəlməsində dəstək verən qurum və şəxslərə təşəkkürünü bildirdi, bu silsilədən daha iki film çəkəcəyini, hazırda ikinci ekran işi üzərində işə başladıqlarını da əlavə etdi. Filmin qəhrəmanları – aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva belə bir fərqli və maraqlı, bir növ ürək sözlərini ekrana daşıyan layihəyə görə yaradıcı heyətə təşəkkür etdilər.  Zaman-zaman az qala bütün qadınları,  xüsusən aktrisaları gözləyən, daha doğrusu, yaşanılan maddi və mənəvi sarsıntıların ekran təcəssümü olan filmə uğurlu və uzun nümayiş ömrü arzuladılar. Sonra qısametrajlı bədii film kinosevərlərə təqdim olundu. Ekran əsərinin ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, quruluşçu rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Aktyor və qadın taleyinə iki qadın qəhrəmanın, yaradıcı insanın sarsıntıları fonunda kinematoqrafik baxış olan filmdə rolları istedadlı aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. “RS Production"un istehsalı olan filmin (prodüser  Kəmalə Nəhmətova) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur. Filmin əsas məqsədi sənətin görünməyən tərəflərini qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirə can atmaqdır.  Belə ki, tamaşaçı bir aktrisanın hekayəsi vasitəsilə qadınların, yaradıcı şəxslərin yaşantısına nüfuz edəcək, ümumilikdə aktyorların qarşılaşdıqları çətinlikləri, zaman-zaman labüd uğursuzluqlarını və bunun verdiyi ruhi iztirabları görmək imkanı qazanacaq. Tragikomik hadisələrlə zəngin  ekran əsəri aktyorların həyatının arxa planını, daha doğrusu, tamaşaçının bəlkə də görmək istəmədiyi yönlərini böyük ekrana çıxarır. Filmimizin qəhrəmanı yaşı 40-ı keçmiş iki qadındır. Onlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da ikinci əsas personaj mübarizədədir. O, ailə-məişət qayğıları fonunda bir də zaman keçdikcə kinoda, teatrda ona olan tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Hətta mübarizə aparır, hər gün öz üzərində çalışır. Az qala təbiətə qarşı gedir. Amma onun nə zamanındakı populyarlığı, nə də peşəkarlıq və təcrübəsi artıq işinə yaramır. Əvəzində sosial şəbəkə fenomeni olanlar qısa zamanda ekranlara rol tapıb, o və onun kimilərin oynayacaqları rolları əllərindən asanlıqla alırlar. Sözsüz ki, qəhrəmanımız bununla barışmır və sarsıntılar keçirir. Amma mübarizə əzmini də itirmir. Ən əsası nikbindir və ən çətin anında belə gülməyi, özünün kədərinə gülməyi bacarır. Özü də hər hansı obrazda yox. Elə özü kimi... Səhnə, sənət insanlarının  həyatına, daxili dünyasına işıq salmağı hədəfləyən filmi həm də qadınların mücadiləsi, məişətdə və ictimai həyatda özünü təsdiq üçün sərf etdikləri əmək və bundan aldıqları zövqün təsviri də saymaq olar. Onu da qeyd edək ki, film Mədəniyyət Nazirliyinin  dəstəyi ilə nümayiş olundu.

 

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42