Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Prezident İlham Əliyevin, təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni reallıqlarını da hamıdan çox düşünüb nəzərə aldığına, gələcək hədəfləri tam dəqiqliklə müəyyən etdiyinə hər gün dönə-dönə, əyani şəkildə şahid oluruq. Böyük Zəfərdən sonra, millət, cəmiyyət və dövlət olaraq, qarşımızda duran məqsədləri ən doğru və aydın şəkildə xarakterizə etmək baxımından cənab Prezidentin keçən il mayın 10-da Şuşada səsləndirdiyi bu fikirlər olduqca ibrətamizdir: "Bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq: hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq".
Göründüyü kimi, bu cümlələrdə, dövlət başçısından sıravi azərbaycanlıya qədər, hamılıqla qazandığımız möhtəşəm Qələbəyə layiq olmağa çalışmaq mühüm mənəvi vətəndaşlıq borcumuz kimi önə çəkilir. Yeni dövrün şərtlərini, Qalib Xalq olmağın üstün məsuliyyətini dərk edib paylaşmaq, hər an bu məsuliyyətlə hərəkət etmək zərurəti qətiyyətlə vurğulanır. Əfsuslar olsun ki, həm cəmiyyət, həm də fərd olaraq bu məsuliyyəti heç də lazımınca anlayıb bölüşə bilmədiyimizi son günlərin hadisələri bir daha ortaya qoydu. Məlum oldu ki, canımız-qanımız bahasına qazandığımız Zəfərə, 30 illik işğala son qoymağımızla nəticələnən Vətən Müharibəsinin parlaq nəticələrinə layiq davranmaq hələlik cəmiyyətimizin xeyli qismi üçün uzaq mövqedir.
Heç şübhəsiz, indi hamımızın diqqət mərkəzində dayanan mövzular Böyük Zəfər qazanmış Azərbaycanın regionda və dünyada günbəgün artan nüfuzu, bununla əlaqədar ölkəmizdə, xüsusən Şuşada ardıcıl keçirilən beynəlxalq tədbirlər, azad edilmiş torpaqlarımızdakı nəhəng quruculuq işləri olmalıdır. Bunun əvəzinə, hansısa cılız qalmaqallar, fərdi kriminal olaylar, ötəri məişət məsələləri gündəmə gəlir. Belə olaylar hər gün, hər saat fərqli donda, müxtəlif yozumda qarşımıza çıxıb həm vaxtımızı, enerjimizi alır, həm də əsəblərimizi korlayır, mənəvi-əxlaqi tarazlığımızı pozur.
Səviyyəsi əksərən heç bir pozitivliyə yer qoymayan bəzi sosial şəbəkə istifadəçiləri bir yana, çox təəssüf ki, bir sıra hallarda ayrı-ayrı media qurum və təmsilçiləri də bu dağıdıcı "gündəm yaratmaq", stəkanda fırtına qoparmaq prosesinin fəal iştirakçısına çevrilirlər. Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, neqativ hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır. Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı Qalib və Məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir.
Azərbaycan Mətbuat Şurası olaraq, sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətdə də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.
Halbuki sosial media mənsubları, bu platformanın fəalları ilk növbədə insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Böyük Zəfərimizə, Şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!..
lll
- Rəşad müəllim, Tural Dadaşovla bir dəfə səfərə getmişdik, bilirsiniz nə qədər kitab aldı?! Həm də uzun illər "Xəmsə" intellektual verilişinin aparıcısı olub.
Bunu Avstriya-Türkiyə oyunundan iki gün öncə futbol şərhçiləriylə bağlı söhbətdə idman jurnalisti İbrahim Cəfərov dedi.
Futbol üzrə Avropa çempionatı başlanandan həyəcanla birgə şərhçilərimizlə bağlı ara-sıra iradların da şahidi oluruq. Minlərlə insan diqqətlə qulaq kəsiləndə əlbəttə ki, hansısa söz kiminsə ürəyinə yatmaya bilər. Amma mən şərhçilərimizdən razı qalmışdım. Ümumiyyətlə, idman jurnalistlərimizin üstün səviyyəsi, məlumatlılığı, öz işlərinə içdən sevgisi barədə imkan düşdükcə həmişə fikir bildirmişəm. Türkiyənin Avstriyanı məğlub etdiyi möhtəşəm oyunun şərhçisi Tural Dadaşova qarşı sosial şəbəkə istifadəçilərinin rəğbəti və alqışı isə çox təsirləndirdi. Elə bilirəm, bu alqışlar və təriflər həm də neçə gündür əziyyət çəkən bütün futbol şərhçilərimizə və idman jurnalistlərimizə ünvanlanıb.
Kitab məsələsini isə elə belə xatırlatmadım. Peşəkarlığın yolu həm də kitab oxumaqdan keçir.
Elə "qəlbidaş" olmamağın da!..
lll
Din və qadınla bağlı mübahisə etmək, müzakirə açmaq Don Kixotluqdur.
Belələri əvvəldən məğlubiyyətə məhkumdurlar.
lll
"Dərd də azar kimi gələndə batmanla gəlir". Yusif Səmədoğlunun "Qətl günü" romanından bu məşhur fikri Ukraynanın futbol üzrə Avropa çempionatındakı bəxtsizliyini düşünərkən xatırladım.
lll
Pənah Hüseyn regional siyasi proseslərdən macəra romanı kimi şövqlə danışır.
lll
Minlərlə gəncin olduğu zalda himn oxunanda gərək divarlar titrəyə.
lll
Ən sərsəm fikirləri də bəyənənlər tapılır.
lll
Bəxt üz döndərirsə, sakitcə razılaşmaq lazımdır.
lll
"Oxunmaqdan" ötrü hər sifətə düşməyə, bunu özünə rəva görməyə, damla-damla yığılan etibarını İP-yə qurban verməyə dəyərmi?
lll
Türkiyə millisi gözlənilməz komandadır. Onları ruh idarə edir. Coşub ən güclüyə qalib gəlmək imkanları da var, süstləşib ən zəifə uduza da bilərlər.
Əminəm ki, bu gün coşqu və ruh stadionu da, oyunçuları da bürüyəcək, Türkiyə millisi bütün türk dünyasını sevindirəcək.
lll
İnsanlardakı gözəl keyfiyyətlərin bəzən yoxa çıxmasına sakitcə köks ötürməkdən başqa əlacın qalmır.
lll
Hərdən kənd həyatı yadına düşür; kəndin ilkinliyi, sadəliyi, təbiiliyi üçün darıxırsan, qəribsəyirsən. Yarpaq xışıltısını, arx şırıltısını, quşların səsini, təbiətin sükütunu dinləmək, dinşəmək istəyirsən.
Sonra görürsən ki, ötəri xiffətmiş. Öyrəşdiyin həyat tərzi daha rahatdır.
lll
Ehtiyacından daha çoxunu istəmək də, israfçılıq da harınlıqdır.
lll
İsti olur şikayət edirlər, sərin olur gileylənirlər. Təbiət də yorulur bəzi adamların vasvasılığından.
lll
Bütün müzakirələri votsapda aparırlar deyə üz-üzə oturanda söhbətə mövzu qalmır.
lll
Yaxşılıq etmək insana güc verir.
Bir az fikrə getdim. Bəlkə bunu hamıya şamil etmək olmaz? Pislik etməkdən, quyu qazmaqdan, badalaq vurmaqdan da enerji alanlar var...
lll
Yeganə istedadı abırsızlığı idi...
lll
İndi adamları tanımaq çətin deyil ki!
Sosial şəbəkələr heç nəyi gizləməyə imkan vermir; xarakterdəki qüsurlar bir gün özünü mütləq büruzə verir.
lll
Çılğın, emosional reaksiyaların zamanı keçib. Yaş öz sözünü deyir.
lll
İngiltərə millisinin azarkeşləri bizdə də çox imiş.
lll
Şuşa şəhəri Düsen Kaseinovun TÜRKSOY-un Baş katibi çalışdığı zaman - 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.
O zaman bu qərarı şərh edən Düsen Kaseinov bildirmişdi: "Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirmək üçün əlimizdən gələni edəcəyik".
Sonra Düsen bəyin TÜRKSOY-un Baş katibliyində vəzifə müddəti başa çatdı. Sən demə, bu müddətdə Düsen bəy heç Şuşada olmayıb. Yazıçılar Birliyinin 90 illik yubiley tədbirinə gələn qonaqlarla birgə Düsen Kaseinov da ilk dəfə Şuşaya gedir.
Xoş gəliblər! Yolları açıq olsun!
Şuşa sevgisinə və tarixi qərarda roluna görə Düsen Kaseinova bir daha minnətdarlığımızı çatdırdıq.
lll
Adam gərək yaxşılıq etməkdən yorulmasın.
lll
Cırlaşma baş alıb gedir.
lll
Yuxu futbolu üstələyir...
lll
Şəkil çəkdirməyi yığışdırmaq lazımdır...
lll
Yayın fəsadlarıdır - hamı halsız və yorğundur.
lll
Xocalıda həmkarımız Səriyyə Müslümqızının evində samovar çayı içdik.
8 sadə söz! Amma nə qədər hissiyyat, duyğu, enerji, həyəcan daşıyır birləşəndə.
Şükür bu günlərə!
lll
Hər sözü məqsədli deyənlərdən səmimiyyət gözləmə.
lll
İndi xoruzun quyruğunu gizlətmək mümkün deyil.
Qafqaz.Media