Rus diplomatların Aİ daxilində hərəkəti məhdudlaşdırıla bilər – ÇEXİYANIN TƏKLİFİ MÜZAKİRƏ EDİLİR
Avropa İttifaqı ölkələri Çexiyanın Rusiya diplomatlarının qurum daxilində hərəkətinə məhdudiyyətlər tətbiq etmək təklifini müzakirə edir.
“Financial Times” yazır ki, Praqa bu təklifi Rusiya kəşfiyyatının iddia edilən agentlərinə qarşı mübarizə ilə izah edir.
FT-nin məlumatına görə, ötən həftə Çexiya Aİ ölkələri arasında Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin bir hissəsi kimi bu məhdudiyyətləri müzakirə etməyi təklif etdiyi haqda sənəd yayıb.
Təklifə əsasən, rusiyalı diplomatlar bütün Şengen zonasında deyil, yalnız ev sahibi ölkənin ərazisində hərəkət etməyə imkan verən viza və yaşayış icazəsi almalıdırlar. Çexiya həmçinin viza və yaşayış icazəsi üçün müraciət edərkən Rusiya Federasiyasının diplomatlarından yalnız saxtalaşdırılması daha çətin olan biometrik pasportların qəbulunu təklif edib.
“GRU və digər xidmətlərin agentləri Çexiya ərazisinə gəlir. Şengen zonasında buna nəzarət etmək çox çətindir”, - Avropa diplomatı nəşrə bildirib.
FT qeyd edir ki, Çexiyanın təklifi ilə bağlı müzakirələr ilkin mərhələdədir. Nəşr yazır ki, mürəkkəb hüquqi məsələlərə görə, bu təşəbbüsün 12-ci sanksiyalar paketində görünməsi ehtimalı azdır.