SON DƏQİQƏ! Səfirliyimizə hücum edən şəxsin kimliyi məlum oldu... / YENİLƏNİB

27/01/2023 - 13:02

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

Qafqaz.media xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb. 

Məlumata görə, həmin şəxs İran vətəndaşı Yasin Hüseynzadədir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki nəfər yaralanıb.

*** 11:48

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

“Tasnim” xəbər verir ki, bu barədə Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. İstintaqın ilkin versiyasına görə, hadisə şəxsi motivlidir və həmin şəxsin ailə problemləri var.

"Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açmağa başlayıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Polisin operativ fəaliyyəti nəticəsində hücum edən şəxs dərhal saxlanılıb, istintaq aparılır", - polisdən bildirilib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir./report