Vasif Talıbov Naxçıvandan Bakıya uçub - MR RƏHBƏRİ GÜNLƏRDİR DƏVƏTDƏN İMTİNA EDİRDİ...

12/12/2022 - 19:52

Muxtar Respublika rəhbərinin yeni qərarlarla bağlı çağırıldığı ehtimal olunur

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya yola düşüb.

Qafqaz.media xəbər verir ki, bu barədə Azpolitika.info-ya MR-dəki etibarlı mənbə məlumat verib.

V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki "fırtına" ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla bağlı qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.

Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan olunacağı gözlənilir.

Məlumat üçün onu da bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov indiyədək Bakıya gəlməkdən imtina edirdi.

Mötəbər mənbələrdən verilən məlumata görə, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.

V.Talıbov mərhum dövlət başçısı Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, dünən Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.

Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edib. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.

Qafqaz.media