“ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” – “ATƏT müşahidəçiləri deyir ki, sanki Norveçdir...”

07/09/2024 - 14:59

REAL Partiyası İdarə Heyətinin üzvü, 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkilərində 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd Natiq Cəfərli “AzPolitika”-ya müsahibəsində parlament seçkilərinin nəticələri, gələcək gözləntilər və REAL-ın atacağı addımlarla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, növbədənkənar parlament seçkilərindən əvvəlki gözləntilərinizlə, seçki günü baş verənlər arasında bir fərq və ya oxşarlıq oldumu?

- Azərbaycanda seçki sistemində hüquqi, siyasi və bir də iqtidarın saxtalaşdırmasından qaynaqlanan problemlər var. Bütün bunlar ortaya sentyabrın 1-dəki görüntüləri çıxardı. Siyasi partiyalar da, cəmiyyət də özü üçün bunu araşdırmalı və müəyyən dərslər çıxarmalıdır. Bizim də səhvlərimiz, yanlış hesablamalarımız oldu. Mənim üçün ən ağrılı məsələlərdən biri o oldu ki, insanları seçkiyə gətirə bilmədik. Namizəd olduğum 33 saylı Xətai Birinci Seçki Dairəsində 21 günün 21-də də yüzlərlə, bəlkə də minlərlə insanla görüşdüm. Binaları gəzdik, insanlarla söhbət etdik, çıxışlar etdik, 16 min ədəd flayer payladıq və s.

Təbii ki, biz seçkilərin saxtalaşdırılması ilə bağlı addımların atılacağını gözləyirdik. Bu, mənim üçün sürpriz olmadı. Çünki artıq illərdir ki, belədir. Amma ən böyük ağrılı məsələlərdən biri o oldu ki, bizim dairədə 8-9 faizdən çox seçici seçkiyə gəlmədi.

- İcra qurumları inzibati resurslarını cəlb etmişdimi?

- Bizim 40 məntəqənin 39-da müşahidəçimiz var idi. 40-cı məntəqə də cəzaçəkmə müəssisəsi idi. Müraciət etsək də, nə görüş, nə də müşahidəçiliklə bağlı heç bir cavab almadıq. 39 məntəqənin 39-da müşahidəçilərimizin gəldiyi ortaq nəticə bu oldu ki, əvvəlki kimi vəhşicəsinə karusellər olmadı. Yəni, əvvəlki illərdə gördüyümüz dəstə-dəstə onbaşılar, yüzbaşılar gəlib, bir məntəqədə səs verib sonra digər məntəqəyə getmədilər. Bu dəfə inzibati resursu başqa cür işlətdilər. Məsələn, valideyn və müəllim qrupları vasitəsilə insanları seçkiyə cəlb elədilər. Bizim müşahidəçilər çalışırdılar ki, seçiciləri yoxlasınlar. Amma baxırsan ki, adamın qeydiyyatı var, həmin dairədə yaşayır və haqlı olaraq səs verməyə gəlib...

İnsanların seçkidə iştirak səviyyəsi həddindən artıq aşağı idi. Saat dörddə, beşdə məntəqələri artıq üçüncü dəfə gəzəndə məntəqə sədrlərinin də çoxu deyirdi ki, “müəllim, insanlar gəlmir, siz çıxın, çağırış edin, gəlsinlər”. Sadəcə, yuxarıdan tapşırıq gəlir ki, məsələn, “məntəqədə iştirakçılıq faizi 30 faizdən aşağı olmaz”. Sona yaxın, bizim müşahidəçilərimiz çıxarılandan sonra topa bülletenlərin atılması baş verdi. Həm də seçici fəallığını artıq göstərmək üçün belə etdilər. Amma buna baxmayaraq, 33 saylı seçki dairəsində rəsmi rəqəmlərə görə, iştirakçılıq faizi ölkədə ən aşağı göstəricilərdən biri oldu.

- Nə qədər oldu?

- Heç 20 faizə çatmadı.

- Nə qədər seçici vari idi həmin dairədə?

- 49 minə yaxın seçici var idi.

- Belə çıxır ki, seçkiyə cəmi 10 min nəfər gəlib...

- Təqribən, bəli. Ən böyük problem isə həmişə olduğu kimi səs sayımında baş verdi. Biz burada yeni bir yanaşmanı da təsbit etdik. Məsələn, REAL Partiyasının əsas rəqibi YAP-dandırsa, bütün dairələrdə REAL ikinci yerdə oldu. Digər tərəfdən, hansında ki, YAP-ın müstəqil adı altında verdiyi və keçirmək istədiyi namizəd varsa, orada REAL YAP-ın namizədindən sonra ikinci və ya üçüncü sırada qərarlaşıb.

- Sizdə ikinci yerə kimi yazmışdılar?

- Bizdə ikinci yerdə keçmiş polis zabitini yazmışdılar. Sonra 3-4 dairədə YAP-ın namizədi ümumiyyətlə tanınmırdı. Məsələn, YAP-ın namizədi Yengibar adlı şəxs hansısa elmi işçi idi. Mən onu da qınamıram. Bəlkə də yaxşı insandır, cəmiyyətin normal üzvüdür... Mənim qalib olduğum 4 məntəqədə səslərim Yengibar Əliyevə yazılıb. Biz bunu təsbit etmişik.

- Həmin şəxs seçki kampaniyası apardımı?

- Xeyr, heç nə buklet, nə bir şey... Təkcə YAP-ın öz resursları hesabına hər lövhəyə bir şəklini vurmuşdular. Onda bidik ki, bu adam kimdir. İnternetdə belə adı çıxmırdı. Amma ona məndən çox səs yazdılar. Yeni Azərbaycan Partiyasının yanaşması onu ortaya qoyur ki, yəni, biz REAL-a uduza bilmərik. Bu yanaşma ilə bizim səsləri azaltdılar. Amma yenə deyirəm, başqa dairələrdə, məsələn, Yevlaxda, Gəncədə, Şəkidə, harada ki, YAP-ın nümayəndəsi keçməli idi və o da keçdi, orada REAL özünün topladığı orqanik səslərlə ikinci yeri tutdu. Məsələn, Rəsul Cəfərov 2800 səs topladı, halbuki 2800 səslə deputat olanlar belə var.

Ən böyük problem odur ki, seçki institutu tamamilə məhv edilir və bu, çox təhlükəli tendensiyadır. Ölkə üçün, dövlət üçün gələcəyimiz üçün təhlükəlidir. Çünki seçki leqal, qanuni və konstitusion etiraz formasıdır, hakimiyyətə göndəriləcək mesajdır. Bu mesajların xətlərini kəsib doğradıqca və bu mesaj işləmədikcə anti-konstitusion və yaxud siyasi ehtimallar yaranır. Bu, ölkəni xaotik vəziyyətə qədər apara bilər.

Bir neçə ay bundan qabaq prezident seçkilərində seçici aktivliyi az qala 80 faizdən yuxarı idi, indi rəsmi rəqəm 37 faiz oldu. Bu, elə hökumətə mesajdır ki, parlament kimi ciddi instituta hörmət, inam qalmır.

- Bəlkə belə lazım idi?... 

- Məncə, yox. Çünki gələcəkdə onlar itirəcəklər. Bizim nəyimiz var ki, nə də itirək? Onlar üçün də bu leqal etiraz formalarının tamamilə ləğv edilməsi heç də yaxşı nəsə vəd eləmir.

- REAL sədri İlqar Məmmədov da öz dairəsində dördüncü oldu. Orada ikinci yer tutan şəxs kimdir?

- Yeni Azərbaycan Partiyasının nümayəndəsi. Cahandar Bayoğlu üçünü yazılmışdı. İlqar 1000-ə yaxın səs toplayıb. Bu, əslində seçkiyə gələn seçicilərin sayının nə qədər az olduğunu göstərir.

- Belə çıxır ki, orada qalib namizədə verilən səslərin sayı kifayət qədər yuxarı olub. Bu, nə ilə bağlıdır? 22-ci seçki dariəsində nə baş verib?

- 22-ci dairənin 10 məntəqəsində seçki günü REAL-dan ora yazılmış müşahidəçilər müxtəlif səbəblərdən gəlmədi. Biz indi bu məsələni araşdırırıq. Halbuki, biz onlara treninq də keçmişdik. İnsanlar niyə gəlmədi, həmin gün onlara hansı telefon zəngləri oldu? Hələ də rabitə əlaqəsinə çıxmırlar. İlqar Məmmədovun dairəsində demək olar ki, bütün məntəqələrdə müşahidəçilərə ciddi təzyiq oldu. Cəmi 3-4 müşahidəçi sona qədər məntəqədə qala bildi. Müxtəlif bəhanərlə məntəqədən çıxarılan zaman da topa bülletenlər atılırdı. Düşünürəm ki, İlqar Məmmədov seçkilərə gələn insanların səsi ilə tam qalib gəlmişdi. Çünki 1000 səs ciddi rəqəm idi.

- Partiyanızın üzvü Erkin Qədirli seçkidə qalib gəldi. REAL-ın buna da etirazı var idi. 16 saylı Yasamal İkinci Seçki Dairəsində vəziyyət necə olub?

- Erkin Qədirlinin dairəsinin iki böyük üstünlüyü var. 16-cı dairə bizim ofisin də yerləşdiyi, akademik çevrənin yaşadığı bir dairədir. Erkin Qədirli 16 il universitetdə müəllim olub. Orada yaşayanların çoxu Erkin müəllimi keçmişdən tanıyır. Onun minlərlə tələbəsinin olması və tələbələrin də bir çoxlarının buralarda yaşaması üstünlük yaratdı. İkincisi, bundan öncəki dörd il yarımlıq deputat fəaliyyətində yaratdığı üstünlük oldu. Erkinin çox qəribə xasiyyətləri var, yəqin ki, cəmiyyət də bilir. Gördüyü işlər haqqında ciddi bir piar aparılmasına icazə vermir. Müsahibə verdiyim bu otaq həm də Erkinin seçicilərlə görüş otağıdır. İki mindən çox insan bu müddət ərzində problemləri ilə bağlı ona yaxınlaşıb. O, bu insanların bir çoxunun problemlərinin həllində leqal yollarla iştirak edib.

- Amma təbii ki, bu üstünlüklər yenidən deputat olmaq üçün kifayət deyil...

- Bəli, Azərbaycan reallığında deputat seçilmək üçün bunlar kifayət etmir. Erkin Qədirliyə mane olmaq istəsəydilər, olardılar. Bunun səbəbi nədir? Onun özü də müsahibələrinin birində demişdi. “Heç kim haqqında düzgün seçildiyini deyə bilmərəm” kimi bir ifadə işlətmişdi. Təbii ki, etiraz etsəydilər və yaxud imkan verməsəydilər keçməyəcəkdi. İmkan verirlər. Niyə? Açığı bilmirəm. Müxtəlif səbəbləri ola bilər. Məsələn, beynəlxalq təqdimat məsələsi ola bilər. Erkin Qədirli Avropa Şurasındakı fəaliyyətinə görə Azərbaycanın imicində müəyyən müsbət dəyişikliklərə nail oldu. Məsələn, Ukrayna məsələsində onun anti - Rusiya bəyanatları yadda qaldı və bütün sessiyalarda Rusiya əleyhinə bəyanatlara səs verib. Bu səsvermələrdə Azərbaycan nümayəndə heyəti iştirak etmirdi, amma Erkin iştirak edirdi. Bu da Ukraynanın müsbət reaksiyasına səbəb oldu. İkinci məsələ Azərbaycanda siyasi məhbusların mövcudluğu ilə bağlı çıxışında və komissiyanın yaradılmasında rəyi və səsi oldu.

- Artıq hökumət Avropa Şurasından imtina edib...

Ətraflı

- Çox istəyirlər ki, hətta sabah qayıtsınlar. Sadəcə, öz şərtləri ilə qayıtmaq istəyirlər. Amma tam imtina da eləməyiblər. Bundan başqa, Erkin Qədirli dörd il yarım ərzində müxtəlif beynəlxalq tədbirlərdə parlamentin nümayəndə heyətinin üzvü kimi iştirak etdi. Almaniyada, Britaniyada, Amerikada çoxlu sayda ölkələrdə maraqlı effekt yaratdı. Onun çıxışları həddindən artıq tənqidi yöndə olurdu. Konfranslardan sonra yaxınlaşıb deyirdilər ki, “Azərbaycanda belə bir insan olduğunu biz bilmirdik”. Britaniya nümayəndə heyətinin təklifi ilə Erkin Qədirli Avropa Şurasında Prosedurlar Komissiyasında sədr müavini seçildi. Yəni, azərbaycanlı nümayəndə heyətinin təklifi olmadan, heç azərbaycanlı nümayəndə heyəti səs vermədən bu baş verdi. Çünki o komissiyada Azərbaycan nümayəndə heyəti zatən yox idi. Ona görə də Erkin Qədirli oradakı fəaliyyətinə görə komissiya sədrinin müavini seçildi. Bu da çox vacib bir komissiyadır. Çünki Avropa Şurasının plenar iclaslarına çıxarılan bütün sənədlər orada qeydiyyatdan keçir. Yəqin ki, bunların cəmində hökumət də fikirləşir ki, Erkinin xeyri ziyanından daha çoxdur.

- REAL-ın Erkin Qədirlinin dairəsindəki nəticələrə etirazı nədən ibarət idi?

- Altı məntəqədə seçkiyə gələnlərin sayı az olub, amma artıq göstərilib. Erkin Qədirli zatən qalib gəlib. Amma 6 məntəqədə qanun pozuntuları olub. Bu, son nəticələrə təsir etmir. Hardasa 2 min səsin artıq yazıldığını düşünürük.

- Bəs, qalibiyyətə kölgə salmırmı?...

- Bu, ümumilikdə bütün namizədlərə kölgə salır. Erkin Qədirlinin seçildiyini bilirik. Amma məsələn, gəlib 5 min nəfər səs veirbsə, bunu 10 minə qaldırmağa nə ehtiyac var?

- Nə gözləyirsiniz, hansısa dairənin nəticələri ləğv oluna bilərmi?

- Açığı mənim heç bir gözləntim yoxdur. REAL-a aid dariələrin hansınınsa nəticəsi ləğv olunmayacaq. Ola bilər, ölkə üzrə 1-2 dairənin nəticələri ləğv olunsun. Məsələn, keçən seçkidə 4-5 dairə ləğv olundu.

- Seçkidə iştirak edən müxalifətin performansını necə qiymətləndirirsiniz?

- Azərbaycanda 30 ildir ki, bir boykot koalisiyası var. Ən böyüyü də YAP-dır. Onun seçkini saxtalaşdırması hesabına seçkiyə inam öldü. Ən böyük boykot budur elə.

- Seçkidə iştirak etdiniz, boykot edən müxalifətinin arqumentlərinə haqq verirsinizmi?

- Xeyr. O arqumentlərə haqq versək, onda gərək heç bir işlə məşğul olmayaq. Onlar deyirlər ki, Azərbaycan hökuməti Britaniyadakı kimi şərait yaratsın. Debat olsun, seçki olsun biz də gələk udaq. Niyə yaratsın hökumət bu şəraiti?!

- Konstitusiyada belə yazılıb, hər halda...

- Konstitusiyada ən dəqiq ifadə Bakının Azərbaycanın paytaxtı olmasıdır. Bu, arqument deyil. Müsavatçıların, realçıların, Vəfa Nağı kimi namizədlərin heabına ölkədə seçkilərin saxtalaşdırılması ifşa olunub. Heç birimiz iştirak etməsəydik, o faktlar da, videolar da olmayacaqdı.

- ATƏT-in rəyini necə qiymətləndirirsiz?

- ATƏT nümayəndələri burda da oldular, ofisdə də görüşdük. Deyirlər ki, vizual olaraq sanki Norveçdir. İnsanlar gəlir, səs verir...

- Rəyləri necə idi?

- Kifayət qədər obyektiv.

- Müxalif partiyaların performansı necə idi bəs?

- Adama deyərlər, birinci öz partiyandan danış. Özümüzlə bağlı deyə bilərəm ki, səhvlərimiz oldu.

- Hansı səhvlər?

- Biz təbliğat-təşviqat kampaniyası zamanı virtual məkana daha çox önəm verdik. Bu, yanlış oldu. Təsiri kifayət qədər az imiş. Virtual təbliğat ictimai rəy yaratmağa kömək edir, amma həlledici deyil. İnsanlar sənə layk qoyursa, paylaşımını paylaşırsa, elə bilirsən ki, artıq səni seçib.

- Çox yanlış təəssüratdı...

- Bizim üçün hə, onlar üçün yox. Biz buna köklənməməli idik. Və ya ola bilərdi ki, biz daha az namizədlə çıxış edərdik və seçkiyə daha böyük resurslar cəlb edərdik.

- Müxalifətdən seçkidə iştirak edib nəticə əldə etməyən 10-a yaxın partiya var. Belə bir durumda koalisya yaratmaq mümükündürmü?

- Açıq görüşlərə hər zaman açığıq. Amma deyə bilərəm ki, Azərbaycanda bunun ciddi bir nəticəsi olmayıb. Elə bir qurum yarananda ora səmimi insanlardan çox başqa şəxslər gedir. Bir müddət sonra da mübahisələr başlayır. Hələlik belə bir düşüncəmiz yoxdur. Bizim seçki platformamız hazırdı. Kim ki şəxslər uğrunda yox, tezislər uğrunda mübarizə aparmaq istəyirsə, biz buna açığıq.

- REAL partiyasının strategiyasında indikindən fərqli bir dəyişiklik olacaqmı?

- Olacaq. İdarəetmədə də dəyişiklik olacaq.

- Lider dəyişikliyi mümkündürmü?

- O, iclasdan sonra müəyyənləşdiriləcək. Hər şey ola bilər. Öz səhvlərimizdən nəticə çıxaran partiyayıq. Bu parlament öz vaxtını sona qədər aparsa belə, 2028-ci ildəki seçkilərə tamam başqa bir strategiya ilə hazırlaşmağa vaxtımız olacaq.

 

“AzPolitika.info” 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ