Adına kart açılan "ölü canlar"ın dindirilməsi vacibdir - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə prosesi

30/08/2024 - 19:23

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlər verib. Bayram Bayramovun vəkili Tahir Şamxalov çıxış edərək bəzi əmlaklar üzərində olan həbsin götürülməsi vəsatətini verib: “Bayram Bayramova məxsus Gəncə şəhərində yerləşən evin və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin üzərində həbsin götürülməsini istəyirik”. Hakim bu məsələnin hökm qəbul edilərkən müşavirə otağında müzakirə olunacağını deyib. Vəkil digər vəsatətində Bayram Bayramovun 2020-ci il Vətən müharibəsi zamanı çalışdığı hərbi hissəyə nə qədər çağırışçı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların olmasının müəyyən edilməsi üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib: "2020-ci il dekabrında müharibə vaxtında çağırışçılara, könüllülərə, ehtiyatdan çağırılan zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara əmək haqqı verilib. Lakin həmin sənədlər sonradan protokola uyğun olaraq yandırılıb. Bu səbəbdən də məhkəmədə sübut olaraq heç bir sənəd təqdim olunmayıb. Ümumilikdə həmin şəxslərə 719 min manat maaş verilib. Lakin Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmin sənəd mövcud olmadığı üçün məbləğ Bayram Bayramovun adına mənimsəmə kimi yazılıb". Məhkəmə vəsatətin dəqiqləşdirilməsi üçün gələn proses müzakirəyə çıxarılacağını deyib. Daha sonra general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edərək Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi Namiq Poladovun məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib. Vəkil əsaslandırıb ki, iş üzrə müdafiə etdiyi Nizami Məmmədova verilən 18 milyon manatlıq ittihamdan 4 milyon 600 min manatı Namiq Poladova çatıb: "İstintaqda da məhkəmə dövründə də şahidlərin və iş üzrə dindirilən təqsirləndirilən şəxslərin hər biri hərbi hissələrdə inspeksiyaya pul verdiklərini bildirib. İnspeksiya pulları da birbaşa Namiq Poladova çatıb. Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqləyib. Namiq Poladovun özü isə istintaqda bunu üzərindən atıb. Xahiş edirik, məhkəmə Namiq Poladovu iclasa çağırsın”. Namiq Poladovun iş üzrə sualları cavablandırmaq üçün növbəti proseslərin birində məhkəməyə çağırılacağı gözlənilir. Rəşad Mirmehdizadə digər vəsatətində iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlər var və bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməlidir. Təqsirləndirilən Cəlal Kazımovun vəkili də məhkəmə komisyon ekspertizasının keçirilməsinin vacibliyi bildirib. Məhkəmə bu vəsatətin müzakirəsi üçün zaman lazım olduğunu əsas gətirərək, gələn prosesdə müzakirəyə çıxarılacağını deyib. Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin dindirilməsini tələb edib. O bildirib ki, adına kart açılan "ölü canlar"ım dindirilməsi vacibdir. Hakim bu vəsatətin müzakirəsini növbəti prosesə qədər təxirə salıb. Proses sentyabrın 13-də davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00