Ankarada Azərbaycan SÖHBƏTİ

08/09/2024 - 11:12

Ankaranın mərkəzi olan Kızılay səmtinə, oğluma məktəbli forması almağa getmişdim. Mağazada çalışan gənc satıcıdan mənə lazım olan ölçünü istədim. Satıcı "hanımefendi, Azerbaycan türkümüsünüz", - soruşdu. Adətən, tanımadığım adamların şəxsi mövzuda suallarını sevmədiyimçün, əvvəlcə, soyuq cavab vermək istədim. Amma ilk dəfəydi ki, Türkiyədə bir mağazada "azerimisiniz" yox, "Azerbaycan türkümüsünüz" sualını eşitdiyimin fərqinə varıb gülümsünərək, "evet" dedim. Mən formaya baxdığım sırada satıcı mövzunu davam etdirib "Azerbaycanın neresindensiniz", -  soruşdu. Dedim, "Azerbaycanda daha önce oldunuzmu? Bölgeleri tanıyormusunuz?". "Hiç olmadım, ama en büyük hayalim bir gün Suşaya gitmektir", - dedi. Gənc adam məni hər cavabı ilə təəccübləndirdirməyə başladı. "Öncelikle Suşa deyil, Şuşadır. İkincisi, Şuşanı tanıyor, hem de orayı ziyaret etmek hayali olan birisiysense, mutlaka Azerbaycana özel ilgin vardır", - dedim. Azərbaycanla bağlı belə detallı danışan sadə adamlar, adətən, ya nə zamansa Azərbaycana (özü və ya ailə üzvlərindən kimsə) iş üçün geden biri olur, ya da bir azərbaycanlı arkadaşı olmasından dolayı suallar verir deyə, - "İlginin sebebi nedir",- soruşdum. Gənc oğlan nə desə yaxşıdır?! "Azerbaycanda hiç olmadım. Ama "sen bizimsen, bizimsen, durduqca bedende can! Yaşa, yaşa çok yaşa, ey canım Azerbaycan!". Ticarət üçün gəldiyim yerdə belə bir ortamla qarşılaşmağım gözlənilməz idi. "MHP-limisin", - soruşdum. "Hayır, ben partili değilim. Sadece türk milliyetçisiyim", - dedi.
Ödənişi etdikdən sonra mağazadan ayrıldım. Yolda düşündüm, kaş ki bu və bunun kimi gəncləri Azərbaycana göndərmək, xəyal etdikləri kimi, Şuşaya aparmaq imkanım olaydı. Azərbaycan mövzusunu Türkiyənin milli məsələsi bilən Türk millətçi kəsimi buradakı yenilməz qalamızdır! Türk millətçi kəsimi Türkiyədə Azərbaycana qarşı yönələ biləcək siyasi qərarlara qarşı hər zaman (bu gün də) sipərdir! Türkiyə siyasətində MHP faktoru, eləcə də ictmai fikir və gənclik hərəkatındakı türk millətçiliyinin inkaredilməz gücü və təsiri, bütün zamanlarda Azərbaycanın milli maraqlarının təminatıdır. Millətçi kəsimin Türkiyə iqtidarları üzərində basqısı olmasaydı, Ermənistanla sərhədlər çoxdaaaan açılmışdı. Bu kəsimlə Azərbaycanın geniş və aktiv əlaqələrə sahib olması Türkiyədəki gücümüzə güc qatar! 

Modern.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Fatih Terim də Bakıya gəlir
14/11/2024 - 12:26
Türkiyədə zəlzələ olub
19/10/2024 - 16:35