AŞPA-nın qış sessiyası işinə başlayıb

23/01/2023 - 18:46

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb.

Sessiyanın ilk günündə AŞPA yeni prezidentini seçib. Niderlandlı deputat Tini Koks 175 səs toplayaraq yenidən Assambleyanın prezidenti seçilib. Onun rəqibi ukraynalı deputat Oleksandr Merezko isə 44 səs qazanıb.

23-27 yanvar tarixlərində baş tutacaq sessiya çərçivəsində Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Oleksandra Matviçukun iştirakı ilə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və insan hüquqları aspektlərinə dair müzakirələr keçiriləcək.

Eyni zamanda, 16 və 17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair hesabat müzakirə olunacaq. AŞPA Zirvə görüşü üçün təkliflərini təqdim edəcək.

Assambleyada cari məsələlər üzrə debat proseduru əsasında “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” mövzusu müzakirə olunacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” debatının keçirilməsinə qarşı AŞPA-da çıxış edib.

“Laçın dəhlizi açıqdır. Siz “Laçın dəhlizinin blokadasının humanitar nəticələri” başlığı seçməyiniz regiondakı reallığa tamamilə ziddir. Mənim buna sübutlarım var. Ümid edirəm, Parlament Assambleyasına yolun açıq olması və onu heç kimin bağlamayacağına dair real faktları təqdim edə biləcəyəm. Ancaq bəzi qüvvələr vəziyyəti baş-ayaq göstərməyə çalışır,” o qeyd edib.

Ermənistanlı deputat Ruben Rubinyan isə vəziyyətin fəlakətli olduğunu, debatın keçirilməsinin lehinə olduğunu deyib. “Hər halda, Laçın dəhlizi bağlanıb. Dağlıq Qarabağda fəlakətli vəziyyət var. Bu, yaranmaqda olan böhran belə deyil, artıq böhrandır və müzakirə edilməlidir,” o bildirib.

Həftə ərzində qış sessiyasında İslandiyanın baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Berbok da çıxış edəcək. Həmçinin Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç parlamentarilərə öz kommunikasiyasını təqdim edəcək.