Avropa İttifaqı: “Türkiyəyə yardım göndərməyə hazırıq" - YENİLƏNİB

06/02/2023 - 14:55

Avropa İttifaqı (Aİ) Türkiyədəki zəlzələdən sonra fövqəladə vəziyyətdə xəritə xidməti göstərmək üçün "Kopernik" peyk sistemini işə salıb, 10 axtarış-xilasetmə xidməti ayırıb.

Bu barədə Aİ-nin ali nümayəndəsi və böhranlar üzrə komissarının birgə bəyanatında bildirilib.

Aİ həmçinin güclü zəlzələdən sonra Suriyada zərərçəkənlərə dəstək verməyə də hazır olduğunu qeyd edib.

***

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Ankaraya yardım təklif edib.

O, Türkiyə ilə həmrəy olduğunu söyləyib.

“Bu səhər Türkiyə və Suriyanın bəzi bölgələrində baş verən dağıdıcı zəlzələ xəbərini eşidəndə çox kədərləndim.

Həyatını itirən çoxlu ailələrə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Ş.Mişel bildirib.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də özünün tviter səhifəsində Türkiyəyə kömək etməyə hazır olduqlarını yazıb: “Bu səhər Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoyub, çoxlu sayda yaralı var. Dualarımız Türkiyə və Suriya xalqının yanındadır. Avropa İttifaqı lazımi köməyi göstərməyə  hazırdır”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb. 

***

“Türkiyə və Suriyaya yardım göndərməyə hazırıq”.

Bunu Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi tviterdə yazıb.

“Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan zəlzələ barədə eşitmək şokedicidir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - komissar vurğulayıb.?report