Belarus öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkdi – KİYEVDƏ “DİQQƏT YAYINDIRAN MANEVR”DƏN DANIŞIRLAR

15/12/2022 - 19:57

Belarus hakimiyyəti Ukrayna ilə sərhəddə olan qoşunlarını geri çəkərək, daimi dislokasiya yerinə qaytardığını açıqlayıb. Bir gün əvvəl isə Belarus hakimiyyəti hərbi qüvvələrin döyüş hazırlığının yoxlanıldığını elan etmişdi.

Qafqaz.media xəbər verir ki, bu səbəbdən, ukraynalı ekspertlər Minskin məlum qərarı ilə bağlı tələsik nəticə çıxarmamağa çağırır və belə düşünürlər ki, Belarus hakimiyyəti “diqqəti yayındıran manevrlər” edir.

Bütün bunlara rəğmən, Belarus Müdafiə Nazirliyi silahlı qüvvələrin Ukrayna sərhədi yaxınlığında yerləşən 38-ci desant-hücum briqadasının daimi dislokasiya yerinə qaytarıldığını açıqlayıb.

Bu məlumatları Belarusun hərbi texnika və birləşmələrinin hərəkətini izləyən yerli “Qayun” Teleqram kanalı da təsdiqləyib.

МИНОБОРОНЫ РБ

Üstəlik, Belarus Müdafiə Nazirliyi briqadanın daimi dislokasiya yerinə qayıtmasını təsdiqləyən fotoşəkilləri də dərc edib.

Qeyd edək ki, müharibə başlayandan Ukrayna hakimiyyəti Belarusu münaqişə tərəflərindən biri hesab edir. Çünki bu ölkə Rusiya ordusuna öz ərazisindən işğal üçün tramplin kimi istifadə etməyə icazə verib. Qərb və Ukrayna ekspertləri də istisna etmirlər ki, gələcəkdə Belarus ordusu Rusiya ordusu ilə birlikdə Ukraynanın qərb vilayətlərinə qarşı yeni hücuma keçə bilər.

Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cümə axşamı keçirdiyi brifinq zamanı bildirib ki, Belarus ərazisindən ikinci hücum ehtimalı indi aşağıdır.

Rusiya rəsmiləri Belarus qoşunlarının yerdəyişməsi ilə bağlı şərh verməməyi üstün tuturlar.

Qafqaz.media