“Cavanlar teatra gələndə həmin gün mənim üçün bayram olur”
Ədalət Hacıyev: “Teatrın gənclərdə həm elmi, həm tərbiyəvi rolu çox böyükdür”
“İnsan gördüyü işlərə nə qədər tənqidi yanaşsa, işlərinin yaxşı tərəfə doğru inkişaf etdiyini görəcək”
Müsahibimiz Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir. Bu gün Ədalət müəllimin 65 yaşı tamam olur. Dəyərli ziyalımıza ömür- gün dostu, Xalq artisti Brilliant xanım Dadaşova ilə bir oğlu Cahad bəylə birgə can sağlığı uzun ömür arzu edirik. Onunla müsahibəmizdə həyat və yaradıcılığı ilə bağlı söhbətləşdik.
- Ədalət müəllim, sizin barənizdə internetdə araşdırma aparanda yalnız onu öyrənmək mümkündür ki, 1989-cu ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışırsınız. Belə ki, 1989-2008-ci illərdə direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində işləyirsiniz. Bütün bunların xaricində sizi oxucularımıza necə təqdim edə bilərik, özünüz haqda nə deyə bilərsiniz?
- Belə statistik məlumatlar aldım, xoş oldu. Amma doğrudan, bu teatra mən direktor müavini kimi gələndə, sözün açığı, özümə çox inanmırdım. Çünki mən iqtisadçıyam. Teatr sahəsində çalışmaq üçün incəsənət təhsilim yox idi. Ona görə əvvəl dedim ki, baxıb görüm nə olacaq. Əvvəlcə mənə çox qəribə görsənirdi. Teatr elə bil yerdir ki, teatrda çalışdıqca adam sözün yaxşı mənasında, “xəstələnir”. Mən burda gördüm ki, həm istehsalat, həm də sənət var. Bir yazıçının hansısa əsərinin üzərində çoxlu-çoxlu adamlar çalışır. Sonra bunları tamaşaçılara çatdırmaq lazımdır. Aktyorlar çalışır, tamaşaçılar qiymət verir. Qıraqdan baxanda çoxlarına elə-belə görsənir ki, teatrdı da… Amma içəridə mətbəxi çox mürəkkəbdir. Mənə çox maraqlı gəldi. Marağımdan dolayı mənim bunlara münasibətim də dəyişdi. Artıq mən özümü başqa yerdə hiss edə bilmirdim. Siz də gəlib baxdınız. Mənim üçün teatrın tamaşadan maraqlı hissəsi məşqin özüdür. Hətta mən orda rejissorlara pis mənada yox, yaxşı mənada yazığım da gəlir. Çünki onlar bəzi səbəblərdən aktyorlardan yüz faiz istədiklərini ala bilmirlər. O, tamaşanı özü üçün qurub. Belə də olmalıdır. Amma bəzən onu ala bilmirlər. Bu, rejissorlara çox çətin olur. Bu, çox canlı, mürəkkəb bir prosesdir. Burda insanın duyğuları, onların münasibətləri hamısı bir yerdə bir maraq üzərində alınır. Ona dəyər.
Qohumlar var, dostlar var, tanışlar var, hamısının da məndən "zəhləsi" gedir. Çünki bazar günü, şənbə günü mən hansısa qohumların yığıncağına, toylarına, şad günlərinə gedə bilmirəm. Deyirəm ki, bu yığıncaqları birinci gün edin, ya da ikinci gün. Onlar da deyirlər ki, ay balam, birinci gün də biz işləyirik. Belə şeylər olur. Amma teatrı qoyub getmək olmur. Teatrın işığı yanırsa, mən o gün gedib başqa yerdə otura bilmirəm. Bilirəm ki, burda proses, iş gedir. Teatra tamaşaçı gəlir, caamat gəlir, elə bil sənin evinə qonaq gəlir. Sən çıxıb gedəcəksən? Əlbəttə ki, yox. Bu yaxşı çıxmaz(Gülür). Ona görə insan teatra bağlanır.
- Qeyd etdiyiniz kimi, iqtisadçısınız, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmisiniz.
- Necə oldu ki, Rus Dram Teatrına yolunuz düşdü?
- Rəhmətlik, böyük sənətkarımız, SSRİ Xalq artisti Məlik Dadaşov bura teatrın bədii rəhbəri təyin olunmuşdu. Həm bədii rəhbər, həm də director idi. O vaxt mən komsomolda işləyirdim. Komsomol dağılmışdı, orada işləyənlərin çox faizi dövlətçiliklə bağlı iş aparmaqla yanaşı, çox güclü məktəb idi. O da bilirdi bunu. Mənə dedi ki, sən güclü, yaxşı məktəb keçmisən. Yeni komanda, yeni adamlar, yeni insanlar teatra cəlb edilmişdi. Mənim də onda 28 yaşım var idi. Dedi ki, Ədalət, gəl sən mənim yanımda müavin işlə. Doğrudan da mən bura gələndə tamam başqa vəziyyət idi. Sovet vaxtları idi. Tamaşaların hamısı sovet idealogiyasından bəhs edirdi, Lenin haqda idi. Teatrda çox şeyləri dəyişmək lazım idi. Yəni insanlara daha da yaxınlaşmaq lazım idi. Belə məsələlər vardı. Biz bu müddət ərzində işləməyə başladıq. Amma ondan sonra vəziyyət tamamilə dəyişdi. Öncə 20 yanvar hadisələri, sonra da Birinci Qarabağ Müharibəsi başladı. Buna baxmayaraq, teatr öz fəaliyyətini davam etdirirdi. Bizim rəhbərlik də dəyişdi. Sonra bizim teatra Ədalət Vəliyevi direktor təyin etdilər. Ədalət müəllim sonra mənə zarafatca deyirdi ki, bir təşkilatda iki Ədalət(Gülür)! Ədalət müəllim teatrda çox işləmişdi. Məndən çox təcrübəli idi. Teatrın bünövrəsi necə qoyulub, teatrda səhnənin necə düzəldilməsi, dekorasiyaların necə qurulması və s. məsələri, bir sözlə, teatrı çox yaxşı bilirdi. Çünki bütün mərhələləri keçmişdi. Həmişə çalışırdı ki, təcrübəsiz kadrlara nəsə öyrətsin. Deyirdi ki, adam var bilir və demir, adam da var, deyir, öyrədir.Yenə də deyirəm, kənardan baxanda teatr çox sadə görünür. Amma işin içinə daxil olanda çox mürəkkəbdir.
- 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2019-cu ildə isə 60 illik yubileyiniz münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmisiniz. Hər halda, bu, sizin işinizə verilən qiymətdir. Özünüz necə, fəaliyyətinizdən razısınızmı?
- Sözün açığı, elə insan deyiləm ki, fəaliyyətimdən razı olum. Bir də təkrarlamaq istəyirəm, teatr elə bir yerdi ki, gərək, hər gün nəyisə yenidən öyrənirsən. Bizim teatrda elə insanlar var ki, 40 il, 50 il iş təcrübələri var. Həmin sözləri onlardan da soruşsan, deyəcəklər ki, mən teatr haqda heç nə bilmirəm.Hər gün burda nəsə öyrənirəm. Həmişə də deyirəm ki, bunu gərək belə edəydim, gələn dəfə, gələn sezondan belə etmək lazımdır. Yəni hər dəfə özüm-özümü tənqid edirəm ki, bunu düz etmədim, onu düz etmədim. Hardasa, bu, mənim özümə kömək olur. İnsan gördüyü işlərə nə qədər tənqidi yanaşsa, işlərinin yaxşı tərəfə doğru inkişaf etdiyini görəcək. Sözün açığı, özümdən razılığım yoxdur. Yaxşı ki, pis yox, yaxşı oldu. Doğrudan da, çox çətindir.
Bayaq iki rejissordan danışdım. Tamaşa özü bir komanda oyunudur. Tamaşa zamanı bir işığı düz qoymadın, aktyor nəyisə düz etmədi, kimsə biraz axsadı, bütün ümumi işə mənfi təsiri olur. Bunların bir-birinə zəncirvari bağlılığı var. Ulu Bəxtiyar Vahabzadənin belə misraları yadıma düşdü:
Bir özümdən razıyam ki,
Özümdən narazıyam.
Ona görə biz də özümüzdən narazıyıq.
- Dahi Hüseyn Cavid isə deyirdi:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
Şübhəsiz, mədəniyyətimizin inkişafında teatrların da özünəməxsus rolu var. Ümumiyyətlə, siz Azərbaycan teatrlarının indiki səviyyəsindən razısınızmı? Sizi qane etməyən nələrsə varmı?
- 40, 50, 60 yaşlarında insanlar tamaşaya baxmağa gəlirlər, bu, bizim üçün adidir. Amma cavanlar gələndə bizim üçün, şəxsən mənim üçün həmin gün bayram olur. Görürəm ki, gənc adamlar teatra bir gəlişi ilə nə qədər qabağa, irəli düşürlər. Tamaşadan da əlavə, tamaşaçılara da fikir verirəm. Elə adamlar var ki, görürəm, bu teatra, bu binaya birinci dəfədir gəlir. Teatra baxmaqdan əlavə, qarderobda qadına kömək edib, paltosunu geydirən gənclər görmüşəm. Bilirsiniz də, tamaşa zamanı telefonlarla danışmaq, nəsə yemək olmaz. Bütün diqqət tamaşaya yönəlməlidir. Aktyora gül vermək, aktyora əl çalmaq reaksiyası da öz yerində olmalıdır. Həm də ki, bu bir saat, iki saat, üç saat ərzində sən bu kitabı oxudun. Bəlkə də sənin vaxtın yoxdur, işləyirsən, çalışırsan, təhsil alırsan. Bəlkə də bu yazıçı sənə maraqlı deyildi, amma sən bunu gəldin gördün, oxudun və bildin bu nə demək istəyir. Teatrın bu barədə gənclərdə həm elmi, həm tərbiyəvi çox böyük rolu var. Ona görə də mən gənclərin bizim teatra gəldiyini görəndə çox sevinirəm. Sonra da görürəm ki, o adamlar yenidən tamaşalarımıza baxmağa gəlirlər. İki saat, 3 saat vaxtların itirirlər. Amma burdan gedəndə tamam başqa simada gedirlər. Hiss edirəm ki, tamaşalarımız xoşlarına gəlib.
Onu da deyim ki, bunun çox böyük əhəmiyyəti var.
- Xalqımız həmişə mədəniyyətimizə bağlı olub. Dünənə baxanda bu gün mədəniyyətimiz necədir? Yəni müstəqilliyimizdən sonra mədəniyyətimizin inkişaf səviyyəsi sizi qane edirmi?
- Yaxşı qeyd etdiniz. Bizim mədəniyyətimiz təkcə bu gün deyil, keçmişdə də həmişə yüksək səviyyədə olub. Bizim həmişə güclü şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, aktyorlarımız, aktrisalarımız olub. Bizim "Yeddi gözəl" tamaşası var. Bizə Latviyadan SSRİ-nin Xalq artisti, səhnə əsərinin rejissoru Yonas Vaytkus gəldi, dövlət sifarişi ilə bu tamaşanı səhnələşdirdik. İndiyə kimi də tamaşa oynanılır. Getdi, öz ölkəsində də bu əsəri tamaşaya qoydu. O deyirdi ki, mən heç bilmirdim, Azərbaycanın bu cür dahi Nizami Gəncəvisi var. O Nizami Gəncəvi ki, onun yazdıqlarını Şekspir götürüb. Onun yazdıqlarından başqa dünya ədibləri götürüb. Amma Nizami Azərbaycanda yeddi hadisəni seçərək özü danışır. Gəlib burda tamaşaya baxandan sonra özünüz də görəcəksiniz ki, Avropadan olan Avropa mədəniyyətini bizim mədəniyyətimizlə eyniləşdirib. Çox gözəl proyekt alınmışdı. Bu, ondan irəli gəlir ki, Azərbaycanın mədəniyyətini bizim repertuarda canlandıran Cəfər Cabbarlı, Səid Qurban, Nizami, Elçin, Anar və s. ədibləri var. Vaqif Səmədoğlunun əsəri gedir. Həm də Rusiyanın, dünya ədiblərinin əsərlərini tamaşaya qoyuruq. Rus dili belə dildir ki, bizim Bakıda çox millətlər yaşayır... Multikulturalizm sözünün arxasında doğrudan da real vəziyyət dayanır. Məsələn, öz teatrımızda ştat cədvəlinə baxanda görürəm ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bizdə çalışır. Düzdür, bizim dövlət dilimiz “Azərbaycan dili”dir. Onlar bizim ana dilimizi bilirlər. Biz rus dilində tamaşalar oynayırıq. Rus dili bunları birləşdirir. Bu da bizim mədəniyyətimizdir.
Misal üçün, biz Mirzə Fətəli Axundovu, Nizamini rus dilində Rusiyanın Sankt Peterburq şəhərində və digər ölkələrin şəhərlərində - Kiyev, Odessa, Moldova, Tbilisidə oynayanda bizə xüsusi tərcüməçi lazım olur. Amma onlar rus dilini bildiklərinə görə, çox rahat olur, Odessada, Kiyevdə, Moskovada "Müsyo Jordan" tamaşası zamanı bunu özüm görmüşəm. Tamaşaçı çıxırdı, öz aralarında deyirdilər ki, daha başqa nə söhbət ola bilər?! Hələ ədib 200 il bundan əvvəl bu əsəri yazıb.
Bunlara nə qədər “Qarabağ Azərbaycanındır” desən, deyəcəklər ki, özlərini tərifləyirlər. Amma onlar özləri baxıb hər şeyi görürlər. Axı o vaxtlar Qarabağ problemi də yox idi. Artıq başa düşürlər ki, Azərbaycanın qonağı gəlib. Qarabağ torpağının atları, yeməkləri var. Fransızlar bizim adət-ənənəyə görə qonağı necə qəbul etmək lazımdır, bunları danışır. Yəni demək istəyirəm ki, bu faktları teatrla birlikdə başqa millətlərə çatdıra bilirik. Bu barədə də, əlbəttə, dövlətimiz də, Mədəniyyət Nazirliyi də, sağ olsunlar, bizim teatra dəstəklərini əsirgəmirlər.
Teatrımız 2008-ci ildə təmir olundu və demək olar ki, yenidən quruldu. Hər şey yeniləndi. Rusiyada belə bir kollektiv yoxdur ki, Bakıya gəlməsin, bu səhnədə çıxış etməsin. İmkanımız olduğuna görə onları dəvət eləmişik. Çünki onlar soruşurlar ki, səhnə necədir, işığınız necədir? Bizim texnika səviyyəmiz, teatrımız güclü olmasa, onlar bura gəlməzlər. Onlar görürlər ki, bizim texnikamız var, teatr bu cür təmir olunub, ona görə də gəlib iştirak edirlər. Çünki onlar görürlər ki, bizdə o imkanlar var.
Bu yaxınlarda, noyabrda dünyanın ən məşhur Kukla teatrı - Obraztsov adına Mərkəzi Dövlət Akademik Kukla Teatrı bizim Kukla teatrına yerləşə bilmədiklərinə görə bizim teatrı seçmişdilər. Yəni buranın səhnəsini tamaşalarına görə yox, böyüklüyünə görə seçirlər. Ancaq üç və ya dörd tamaşanı götürüb öz repertuarlarına sala bilirlər. Texniki tərəfdən hər şey onları razı salır, işıqdan tutmuş, qurğunun işləməyinə qədər hamısı böyük şərtdir.
- Ədalət müəllim, incəsənətimizdə, mədəniyyətimizdə nələrin dəyişməsini istərdiniz?
- Mədəniyyətimizdə, incəsənətimizdə kim işləyirsə, kim özünü mədəniyyətdə hiss edirsə işinə olan münasibəti əla olmalıdır. İşlərində tələbkar olsunlar. Məşhur sovet filmi var:
"Доживем до понодельника". Filmdə müəllimlərin həyatından danışılır. Bir müəllim o biri müəllimə deyir ki, gərək sən işində bir səhv buraxmayasan, çünki bunun nəticəsi çox ağır olur, sənin şagirdlərin sabah gedib başqa işlərlə məşğul olacaq.
Yəni bunların hamısı zəncirvari məsələdir. Mədəniyyətdə də gərək səhv olmasın, hamı öz işini sevsin. Mən direktor olduğumdan, teatrda qapıçıdan tutmuş, aktyora kimi - hər biriylə danışıram. İşə götürəndə birinci soruşuram ki, sənin teatra, mədəniyyətə, incəsənətə münasibətin necədir? Bir kitab oxusanmı? Bilirsən, dram nədir? Çox vaxt mənə deyirlər ki, əşşi, mən qapıçı işləyirəm. Deyirəm, yox, sən başqa yerdə qapıçı işləyə bilərsən... Bura xəstəxana olsaydı, deyə bilərdim ki, iynə vura bilirsən? O başqa şeydir. Amma sən teatra gəlmisənsə ilk növbədə səhnəyə çıxan adamlara, bu işi görən insanlara, mədəniyyətimizə münasibətin olmalıdır.
Sizin sualınıza belə cavab verim ki, hər birimiz ilk növbədə özümüzə, öz işlərimizə cavabdeh olmalıyıq. Başqasını tənqid etməkdən asan bir şey yoxdur. Birinci tənqidi özündən başlamalısan. Hər birimiz özümüzə, öz işimizə düzgün yanaşmalıyıq. Öz işimizə düzgün yanaşsaq, inanın, gördüyümüz işlərin nəticəsi çox gözəl, çox yaxşı olacaq.
- Sizcə, bir xalqın mədəni inkişafı üçün ilk növbədə nə etmək lazımdır?
- Mədəni inkişaf üçün birinci bilik səviyyəmiz olmalıdır, bunu hamımız çox yaxşı bilirik. “Nəsimi” filmində görmüsünz də, Nəsimi deyir: "Bir var aqil adam, bir də var cahil adam" Nəsiminin o kəlamı hamımıza aiddir. Aqil adam hər bir şeyə qadirdir, cahil adam isə öz cahilliyi ilə özü kimiləri “cahillik xəstəliyi”nə yoluxduracaq. Cahillik həm də bir növ xəstəlik kimidir. Cəmiyyətimizdə nə qədər savadlı adam çox olsa, cəmiyyət o zaman udar. Cahil adamlar bizi geri çəkirlər. Savadın varsa, deməli, mədəniyyətin də var, mədəniyyətə qiymət verirsən. Çünki sən savadlısan, şairlərinə, ədiblərinə hörmət bəsləyirsən. Yəni başa düşməlisən ki, sənət nədir. Bu, çox vacibdir.
- Həyat kiminə yaşamağı, kiminə çətinliyi, kiminə dözümlü olmağı öyrətdi. Bəs, həyat sizə nələri öyrətdi?
- Orda dediklərinizin hamısı var. Dediklərinizi hamımız həyatımızda keçmişik. Heç kim deyə bilməz ki, həyat, ömür yolum düz olub. Enişsiz-yoxuşsuz həyat, ömür yolu yoxdur. Bir ildə həm atamı, həm də anamı itirdim. Yəni bizim özümüzün də həyatımızda görün nə qədər enişli-yoxuşlu sistem dəyişib. İki Qarabağ müharibəsi görmüşük. Otuz il yerişimiz başqa idi, indi tamam başqadır. Artıq qürurla yeriyirik, dünyanın gözünə düz baxa bilirik. Belə deyərdim ki, onurğa sütunumuz dəyişib. Ona görə yox ki, mən dövlət teatrında işləyirəm. Bir balaca idarəyə rəhbərlik etməyin, insanlarla dil tapmağın özü də çox çətindir. Amma bir dövləti idarə etmək daha çətindir, hətta sənin qonşuların da istəməz ki, başını qaldırasan…
Biz hamıyla görüşürük. Mən maşını yudurduram, gedirəm təkərləri doldururam. Təmiz hava almaq üçün getdim bir çörək aldım. Orda işləyən adam üçün nə fərqi var ki, kimin vəzifəsi nədir. Elə adamlardan bu sözləri eşidəndə başa düşürsən ki, bu insanlar həyatı nə qədər düzgün başa düşür, qiymət verir, münasibət bildirir. Yəni o, təkərə hava doldurur, amma danışanda savadına, biliyinə, dünya görüşünə heyran olmaya bilmirsən. Deyir ki, Azərbaycan başqadır, biz başqayıq. El içində işlədilən bir məsəl var: “Qabaqda gedənin öz yiyəsi var”. Evin öz yol göstərəni var. Bizim xalq üçün böyük şərtdir. O evin böyüyü, o evi düzgün yolla aparanı var. Ona görə də caamat rahat yaşayır. Belə şeylər çox vacibdir, bunların hamısını biz görmüşük. Qarabağ hadisələri olanda mənim 10 yaşım olmayıb axı, 28, 29, 30 yaşım var idi. Burda 20 Yanvar hadisələrini görmüşəm. Bilə-bilə yalandan bizim adımızdan hətta erməniləri də meydana atırdılar. Baxıb görürdüm, azərbaycanlı deyil, yalandan deyirdilər ki, gedək İrəvana bomba ataq. Hər bir şeyi biz gözümüzlə görmüşük. Tamaşa vaxtı güllə atırdılar. Hərcmərclik idi. Biz bu bütün olayları bilmirdik. Bir var sən səhər yuxudan durub işə gedirsən, heç kəs sənə qarşı özbaşınalıq eləmir, qayda-qanun var… Bunları görməyən adam düzgün qiymət vermir. Ölkəmizdə nə qədər çətinliklər olub, biz bunları görmüşük. Biz bu mərhələləri keçmişik, heç nəyin üstündə atışmalar, nalayiq hərəkətlərin hamısını görmüşük. Torpaqlar da əldən getmişdi. Böyük, humanist insan, dövlətimizin başçısının düzgün siyasəti nəticəsində artıq Qarabağ bizimdir. Hamımızın Prezidentimizə münasibəti yekdildir. Hamı Prezidentin başına and içir. Çünki gördülər ki, çətin vəziyyətdə azərbaycanlıları ayağa qaldırdı. Hər şey çətin idi, pandemiya bir yandan, caamat bir yandan xəstə... Orda qırğın, burda qırğın, hər yer, aləm bir-birinə dəymişdi. Belə bir şey yox idi ki, hə, sakit dur, torpaqları al. Bunların hamısı böyük şərtdir. İndi xalqımız çox gözəl başa düşür ki, Prezidentimiz nə qədər dahi işlər görür. Bugünki əminamanlığa, rahatlığa görə də cənab Ali Baş komandanımıza, Müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizin canı sağ olsun!
- Maraqlıdır, Tanrının Sizə bəxş etdiklərindən hansını özünüzə hədiyyə sayırsınız?
- Hədiyyə odur ki, razılıq söhbəti olanda özümdən narazı olsam da bir bu şeydən razı qalıram ki, çıxırsan bayıra, ölkənin gözəlliyini görürsən, şəhərin havasını udursan. Nə yaxşı ki, Bakını mənzərələrini, dənizini görürsən. Öz caamatını, xalqını üzügülər, şən görürsən. Sənin ailən, şəhərin, dövlətin yaxşı olanda sən razı olursan. Mən bu razılığı xalqımızın da gözlərindən sezirəm.
Özün özündən razı ola bilməzsən. Mənim işim belədir ki, qonaqlı-qaralıdır. Beşinci, altıncı, bazar günləri tamaşaçı mənim üçün qonaqdır. Mən tamaşaçıların teatra münasibətini görürəm. Onlar hansı əhval-ruhiyyədədirlər, onları görürəm. Həm də bizim teatra rusdilli turistlər gəlirlər. Biz azərbaycanlıyıq, Azərbaycan bizim dövlətimizdir. Amma bizimkilər tamaşalarımıza baxmağa gələndə mənə çox xoş gəlsə də, özgə gələndə on qat xoşuma gəlir. Xarici vətəndaş gəlib sənin şəhərinə, mədəniyyətinə, caamatına qiymət verirsə, bu tamam başqa şeydir. Mənim heç yadımdan çıxmaz, Rusiyadan bir rejissor gəlmişdi. İki ay burda qaldı. Biz onun üçün ev tutmuşduq. Elə oldu ki, həmin vaxt Bulvarda bayram şənlikləri oldu, bir milyon adam var idi. Sabahısı günü mənə dedi ki, orada bir adam görmədim ki, bir-birinin ayağını tapdalasın, gecələr bir sərxoş adam görmədim. Özü Moskvada rejissordur. Deyirdi ki, bizdə bayramda hamı sərxoş vəziyyətdə olur, biz bunları görməmişik. Bizdə isə bayramlarda Bulvarda nə qədər adam olur, biri kiminsə ayağını tapdalaya və ya itələyə, belə şey olmur. Bir-birinin yanında əyləşirlər, uşaqlara, qadınlara, yol verirlər. Bu mədəniyyətdir də. Xarici vətəndaşlar bunu görəndə, gedib bizim haqda danışanda biz öz-özümüzə deyirik ki, doğrudanmı, bizdə belə şeylər olur?! Bizim görmədiyimizi də başqaları təmiz gözlə görə bilir.
Əlbəttə, bu da Tanrının mənim üçün böyük hədiyyəsi, mükafatı, bəxşişi sayılır.
- Sevimli sənətkarımız Brilliant xanımın həyat yoldaşısınız. Ulduz bir müğənninin həyat yoldaşı olmaq çətin olmayıb?
- Əlbəttə, çətindir. Əvvəlcə səsi gəldi, sonra da özü. Mən Brilliantın əvvəlcə səsini eşitmişdim. Onunla tanış olanda da telefonla danışmışdım. Ona görə də Anarın pyesi çox xoşuma gəldi. O telefonla yığanda “88 45” əvəzinə “46 “yığmışdı. Bizdə “46” idi. Onda mobil telefonlar yox idi, ev telefonları vardı. Mən də gördüm bir qız zəng vurub, yalandan dedim ki, mənəm. Ələkbər adında bir adamı çağırırdı. Dedim ki, Ələkbər indi gələcək. Sən demə, Ələkbər bunların qohumudur. Qohumu ilə də danışmalıymış. Təxminən 10 dəqiqə, 15 dəqiqə danışdıq. Mən əvvəl adımı demədim, sonra tanış olduq. Mənə elə gəlir ki, bu bir qismətdir. Bilərəkdən olmayıb. Qismət də çox maraqlı hadisə kimi oldu. Yadımıza düşəndə çox gülürük. O vaxt bəlkə telefona cavab verməzdim, heç mənim vaxtım olmazdı. Nədənsə, vaxtım da var idi, danışa da bildim. Hardansa o sözləri tapdım. Nədənsə, o, telefonu atmadı(Gülür). Maraqlı bir şey alındı, həyat yollarımız birləşdi.
- Həyatda nail olduqlarınızı asanlıqla, yoxsa böyük mücadilə nəticəsində əldə edə bilmisiniz?
- Yenə də deyirəm, həyatda elə bir şey olmur, nələrə nail oluruqsa mücadilə, mübarizə nəticəsində nail oluruq. Sən artıq bilməlisən ki, hansı işin qulpundan yapışa bilərsən və bu işin uğurunda mübarizə aparsan o arzuna çatmış olacaqsan. Mən də istəyərdim ki, kosmonavt olum. Amma başa düşməliydim ki, məndən kosmonavt olmaz.
Burda belə şeylər var ki, yenə də mən özümdən deyirəm, nəyə qadirsən, nəyi bacarırsan, nə sənin imkan dairəndədir, çalışmalısan onunla məşğul olasan. Onda da nəsə bir nəticə alınır. Bilirsən ki, bu sənlik deyil, gedib onunla niyə mübarizə aparasan?!
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz.Media