“Erməni siyasəti”nin çirkin siması və Paşinyanın “get-gəl” çırpıntıları - TƏHLİL

28/11/2023 - 13:07

Hazırda Qərblə Rusiya arasında manevr etməyə çalışmaqla “həyatda qalmağa” çalışan ən parlaq siyasi simalardan biri Nikol Paşinyandır desək, yəqin ki, yanılmarıq. Ermənistanın baş naziri Qərbin qarşısında reverans, Rusiyanın qarşısında isə demarş etməklə simasını qorumağa və özünü təsdiq etməyə çalışır. Paşinyan öz manevrləri ilə Qərblə Rusiya arasında “get-gəl” cəhdləri ilə yanaşı, “erməni siyasəti”nin çirkin simasını da əks etdirir.

Sual oluna bilər ki, hansı şəkildə? Cavab olaraq deyilə bilər ki, din qardaşı Gürcüstanı tələyə salmağa çalışmaqla. Əlbəttə, İrəvanın ABŞ-ın Azərbaycana qarşı təhdidkar münasibət sərgiləməsinə “maşa olması”nı hansısa mənada başa düşmək olar. Hərçənd, ABŞ da “dəm vurduğu” demokratik prinsipləri lazım gələndə ayaqlaya bilir. Buna misal kimi, elə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Cənubi Qafqaz ölkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə etməsini və Gürcüstanda ikili standartlar nümayiş etdirməsini göstərmək olar. Xüsusilə 2023-cü il oktyabrın əvvəlində Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) USAID-in dəvəti ilə dövlət çevrilişləri və “rəngli inqilablar”ın təşkili üzrə “mütəxəssis”lərin ölkəyə gəlməsi barədə məlumat yaymasından sonra bu barədə mühakimə yürütmək çox yerinə düşər. Hansı ki, qonşu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, USAİD sentyabrın 26-29-da Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən Tiflisdə keçirilən təlimləri maliyyələşdirib. Dörd günlük təlim kursunun məqsədi ekstremistləri Gürcüstanda “qeyri-zorakı” hakimiyyət dəyişikliyi həyata keçirmək üçün hazırlamaq olub. Tiflisdəki “İbis” mehmanxanasında qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaş cəmiyyəti fəalları, xüsusən də hökumətin devrilməsi proseslərinin hazırlanması və həyata keçirilməsində həlledici rol oynamalı olan böyük qruplardan biri üçün yenidən hazırlıq keçib.

Burada haşiyə çıxaraq bir nüansı vurğulamaq yerinə düşər ki, Aİ-nin xarici siyasət ofisinin rəsmi nümayəndəsi Peter Stano maraqlı bir açıqlama verdi. O bildirdi ki, Avropa İttifaqı Gürcüstanla Modovanı Dnestryanı, Abxaziya və Cənubi Osetiya olmadan birliyə qəbul edə bilər.

Azərbaycana gəlincə isə, rəsmi Bakı USAID-in ölkədəki sabitliyi pozmaq üçün addım atmasını gözləmədi, sadəcə olaraq bu təşkilatı “qapıdan qovdu”. Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildiridi ki, Azərbaycanda “Artıq USAİD-in fəaliyyət göstərməsi üçün yer yoxdur”. O, USAİD-in direktoru Samanta Pauerin destruktiv mövqeyini qeyd edərək, onun nəzərinə çatdırdı ki, “USAİD, Birləşmiş Ştatların Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi postunda heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti ilə bağlı məsələ qaldırmayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini tələb etməyib. “Avrora” Fondunun mükafat laureatı Samanta Pauer bu fondun təsisçisi, məşhur oliqarx və “çirkli pulların” yuyulması ilə məşğul olan Ruben Vardanyanla əlbir olub.

Çox maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri çirkli pulların yuyulması sxemlərinə görə Ruben Vardanyana qarşı sanksiyalar tələb etmişdilər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrında Qarabağda peyda olandan sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı çevriliş planlaşdırıb. Bir daha bariz şəkildə görünür ki, ABŞ-ın da, Avropanın da “demokratik dəyərləri dəstəkləmə” xətti öz maraqlarına xidmət edəndə aktivləşir.

“Avrora Mükafatı layihəsi çərçivəsində azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, tamahkarlıq və siyasi spekulyasiya Ruben Vardanyan və Samanta Pauerin ümumi dəyərləri və maraqları idi. Maskalar cırıldı! Artıq USAID-in Azərbaycanda fəaliyyət göstərməsinə yer yoxdur!”, - deyə Hikmət Hacıyev məsələyə “nöqtə qoydu”.

Həmçinin, “İnsan Hüquqları” praktikası Universitetinin professoru olan Samanta Pauer özünün “Cəhənnəmdən problem: Amerika və soyqırım dövrü” (2002)” adlı təbliğat kitabında mifik qondarma “erməni soyqırımı”na böyük diqqət yetirmişdi, amma hansısa qərəz, yaxud böyük ehtimalla erməni lobbisindən umduğu təmənna onu 20-ci əsrin əvvəllərində istər daşnakların müsəlman əhaliyə qarşı törətdikləri soyqırım və vəhşiliklərin, istərsə də Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayət və soyqırımların üzərindən “sükutla keçməyə vadar etdi”.

Son vaxtlar USAİD ilə Ermənistan arasında “tam qarşılıqlı anlaşma” müşahidə olunur. Maraqlıdır ki, USAİD Gürcüstanda hakimiyyətin zorakılıqla devrilməsi ilə bağlı Tiflisdə təlim keçirməzdən bir gün əvvəl həmin Samanta Pauer İrəvana gəldi və burada o, bir daha həm Ermənistan hakimiyyətini, həm də Qarabağdan qovulmuş hayları - “Artsax” separatçılarını dəstəklədiyini bildirdi.

2023-cü ilin oktyabr ayının əvvəlində isə USAID-in Avropa və Asiya üzrə direktor müavini Aleks Sokolovski, USAİD-in Ermənistan missiyasının direktoru Con Allelo və USAİD-in Fövqəladə Hallara Cavab Koordinatoru Mayk Lambraytın daxil olduğu nümayəndə heyəti Ermənistan hökumətinin nümayəndələri ilə görüşdü və bu əsnada USAID hayların Qarabağdan köçürülməsi ilə bağlı yaranmış vəziyyətə operativ reaksiya verilməsi sahəsində Ermənistan hökumətinə dəstək verməyə hazır olduğunu bir daha bəyan etdi...

Ümumilikdə, USAİD Qarabağ “hay taboru”na yardım üçün 28 milyon dollar ayırıb və onlara kömək etmək niyyətindədir. Baxmayaraq ki, onlar əslində vətəndaşı olduqları ölkəyə qayıdıblar. Çünki onlar əslində “məcburi köçkün” deyil, “repatriantlar” kateqoriyasına uyğun gəlirlər. Qarabağ ermənilərinə Azərbaycan vətəndaşı olmaq təklif olunub, lakin onlar imtina edirlər. Bu da tarixin bir təzadıdır ki, Qarabağdan köçən haylar yenə də tarixi Azərbaycan torpağına - Qərbi Azərbaycana köçdülər, hansı ki, oradan bütün yerli türk əhali zorla qovulmuşdu. Hələ ki, bu ərazidə beynəlxalq səviyyədə tanınmış erməni dövlətçiliyi mövcuddur və İrəvan özünün siyasi tamahı, işğalçı siyasəti və qonşuları ilə barışmaq istəməməsi ilə sanki onu tamamilə məhv etmək istəyir. Belə görünür ki, USAID nədənsə Cənubi Qafqazdakı “hay taboru”nun maraqlarını nəzərə alır və onların qonşularına qarşı siyasətini dəstəkləyir. Amma indiyədək Qarabağdan və Ermənistan Respublikasından olan azərbaycanlı qaçqınlara heç bir yardım göstərməyib, bu fikrə yaxın belə durmur.

Qayıdaq Paşinyanın siyasi gedişlərinə. Bu gün Paşinyanın əsas “siyasi sərmayəsi” Ermənistanın KTMT-dən tam çıxması və Rusiyanın Gümrüdəki hərbi bazasının “qovulması”dır. Hələ 2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal” qəzetinə müsahibəsində ölkədə Rusiya hərbi bazasının yerləşdirilməsinin Ermənistan üçün heç bir fayda vermədiyini bildirmişdi. Kreml üçün bu, mühüm geosiyasi məğlubiyyət deməkdir. Çünki Moskvanın dosyesində erməni lobbisinin şirnikləndirməsi ilə separatizmin dəstək macəraları var.

İndi məlum olur ki, bu “macərapərəst” siyasət təkcə Ukrayna istiqamətində süquta və Rusiyanın “dünyanın ikinci fövqəldövləti” kateqoriyasından “beynəlxalq ictimaiyyətdə təklənmiş dövlət statusu”na keçməsinə deyil, həm də Ermənistanı tam itirməsinə gətirib çıxarıb. Bundan başqa, Paşinyan Ermənistan Respublikasında təkcə siyasi deyil, həm də biznes məkanını “rusiyapərəst” ünsürlərdən addım-addım “təmizləyir”. Rusiya Federasiyasındakı erməni diasporu, etnik erməni dövlətindəki “bazasından” məhrum edilməkdədir. Paşinyanın “siyasi təmizliyi” gec-tez erməni diasporunun Rusiyadakı mövqelərinə zərbə vuracaq. Axı onlar Ermənistandakı “kadr bazaları” ilə Kremlin işinə yarayırdılar və bunu da “xüsusi imtiyazlar” üçün istifadə edirdilər. Məsələn, Ruben Vardanyan öz strukturlarının köməyilə Rusiyaya Ermənistan vasitəsilə sanksiyalardan yan keçməyə kömək edirdi. Ona görə də Ermənistanda “hərbi yolla” hakimiyyətin dəyişdirilməsi sifarişinin müəllifi ilk növbədə Rusiyadakı erməni lobbisidir, çünki onların başqa yolla Ermənistanda nüfuz və mövqelərini bərpa etmək şansı yoxdur. Təsadüfi deyil ki, Ermənistanı tam itirməmək üçün Kremlin “əbədi əlaltısı” statsunu daşıyan Robert Koçaryanı yenidən siyasi səhnəyə irəli sürmənin yeni taktikasını icad ediblər. Koçaryan bu dəfə Paşinyanı tənqid etmir, çünki tənqid baş nazirin qiymətini daha da qaldırır. Koçaryanın bu dəfəki tezisi Ermənistanın Rusiyaya birləşməsidir. “Rossiya 24” kanalına verdiyi müsahibədə Koçaryan bu planını açıqlayıb.

Görünür, Rusiyanın “buzu əridi”, Moskva İrəvanla nə edəcyinə qəti qərar verdi, bunu səsləndirən dil isə Robert Koçaryan oldu. Koçaryan müsahibəsində bildirir ki, SSRİ-nin saxlanılması, eləcə də Qarabağın da SSRİ ilə birgə saxlanılmasının tərəfdarı idi. Belə demək olar ki, Ermənistanın Rusiyaya birləşdirilməsi ideyası ətrafında siyasi qüvvələrin meydana çıxmasına təkan verilir. Elə təəsürat yaranır ki, Paşinyan Kremli erməni məsələsinin “hərbi yolla həllinə” təhrik etmək üçün hər şeyi edir. Koçaryanın təklifi Kremlin ölkəyə əlavə hərbi qüvvələr gətirməklə, Ermənistanda özünə sadiq hökumət qurmaq və hərbi baza saxlamaq üçün hərəkətə keçəcəyi siqnalını verir. Hələlik, ümumi sərhədin olmaması faktiki olaraq bu ssenarini hələlik geridə qoyur. Sanki, İrəvan qəsdən çalışır ki, belə bir ssenari baş verərsə, ən yaxın qonşularından heç kim ona kömək etməsin. Azərbaycan və Türkiyə ilə sülh prosesi dayandırılıb, kommunikasiyalar açılmayıb, sülh müqaviləsi bağlanmayıb. Bu baxımdan nəzəri olaraq, Azərbaycanın Zəngəzur dəhlizini alaraq, qalan əraziləri Kremlə verməklə “Ermənistanı bölmək” təklifi masa üzərində ola bilər.

Paşinyanın ABŞ və NATO ilə “flört etməsi” İranı da qıcıqlandırır və Tehran İrəvanda Kremlpərəst rejimi görməyi xoş qarşılamayacaq, çünki özünü o statusda görür. İranın indiyədək məmnun olmadığı əsas şey Ermənistan ərazisindən Azərbaycanın nəzarəti altında keçəcək Zəngəzur dəhlizidir və İran buna alternativ olaraq özünün nəzarəti altında olacaq “Araz dəhlizi” təklif edir. Və burada Paşinyan ABŞ vasitəsilə “İran dəhlizi layihəsi”nə badalaq vurmaqla (Dövlət Departamenti artıq “yolverilməzliyini” bəyan edib) sadəcə olaraq öz rejimini Tehranın dəstəyindən məhrum edir. Elə bu məqamda gözlər çox zəif olan və Rusiyanın “kəraməti sayəsində” 20 faiz ərazisi işğal altında olan Gürcüstana çevrilir. Belə görünür ki, Kremlin ağlında məhz bu ərazilərdən Ermənistana “hərbi dəhliz” açmaq planı var ki, Putin İrəvanda ruspərəst hökumətini qura və Cənubi Qafqazda geosiyasi mövcudluğunu saxlaya bilsin.

Ukraynadakı müharibənin “dondurulmasından” sonra Kremlin buna gücü çatacaq. Gürcüstanın bu cür planlara müqavimət göstərmək gücü və bacarığı yoxdur. Bundan əlavə, Gürcüstan daxilində Kremlpərəst “elitar beşinci kolon” və ona bağlı “cavax” separatçıları pusquda fürsət və Rusiyanın Ukraynadan sonrakı yeni işğal addımını gözləyirlər.

Paşinyanın Rusiyanı saymazyana rəftarıyla cırnatmasına, Ermənistanın Rusiyaya nümayişkəranə şəkildə tüpürməsinə və Kremli aşağılamasına cavabın qiyməti ağır olacaq.

Moskvanın iki yolu var - ya Paşinyan rus ordusunu təhqirlərin müşayiətilə “qovub” çıxararaq onları nümayişkaranə şəkildə NATO ölkələrinin (təbii ki, Türkiyə yox, ABŞ və Fransa) hərbi kontingenti ilə əvəzləyəcək, ya da Ermənistanda hakimiyyəti dəyişəcək.

Bunu isə seçki yolu ilə etmək mümkün deyil. Yalnız çevriliş yolu ilə, yalnız Paşinyanın “dənlədiyi” “Qarabağ klanı”na arxalanaraq etmək mümkün olacaq. Belə görünür ki, Moskvanın dadına Ermənistandakı rusyönlü qrupa kömək etmək üçün Gürcüstan ərazisindən keçməklə işğalla sonuclanacaq “hərbi xüsusi əməliyyat” çatacaq. Bu “xüsusi əməliyyat” Ukraynadakı hərbi qüvvələr yaxın 2-3 ay ərzində müharibənin tam “dondurulmasından” sonra çıxarsa baş tuta bilər.

Belə görünür ki, rəsmi Tiflis də baş verənlərin fərqindədir və özünü, dövlətçiliyinin itirilməməsinin zəmanətini Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizdə görür. Çünki nəhəng gəlir imkanı olan rentabelli iqtisadi layihələr siyasi stabilliyin qarantı rolunda çıxış edir.

Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin necə inkişaf edəcəyi Gürcüstan və onun gələcəyi üçün son dərəcə vacibdir. Gürcüstan Azərbaycanla birgə bu dəhlizdə əsas mövqe tutur. Ukraynada müharibə başlayandan sonra bu dəhlizə böyük tələbat olduğu meydana çıxdı, ona görə də bu dəhlizdə iştirak edən bütün ölkələrin işinin əlaqələndirilməsi çox vacibdir.

Əlbəttə ki, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının 2023-cü il noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən sammit bu baxımdan böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Mərkəzi Asiya ölkələrinin dövlət başçıları və nümayəndələri ilə yanaşı, Gürcüstan və Macarıstanın baş nazirləri İrakli Qaribaşvili və Viktor Orban da iştirak etdilər. Sammitin yekunu olaraq Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə yol xəritəsi və iclasın Bakı Bəyannaməsi qəbul edildi. Bakı Bəyannaməsində regional inteqrasiya imkanlarından birgə istifadə yollarının araşdırılması və yaranan ümumi çağırışlara ümumi cavabların formalaşdırılması məqsədi ilə SPECA-nın iqtisadi əməkdaşlıq və davamlı dialoq platforması kimi rolunu gücləndirmək niyyəti bəyan edildi. SPECA ölkələri rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiya, sənaye, enerji, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid kimi prioritet sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bakı Bəyannaməsində həmçinin vurğulandı ki, əməkdaşlığın prioritet sahəsi tranzit marşrutlarının rəqəmsallaşdırılması və yaşıl enerji transformasiyası, o cümlədən Transxəzər Yaxın Şərq-Qərb dəhlizi çərçivəsində ticarət və nəqliyyatın asanlaşdırılması və enerji əlaqəsi, o cümlədən yaşıl enerjidir. Bu məqsədlə iştirakçı ölkələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca məlumatların və sənədlərin multimodal mübadiləsinin rəqəmsallaşdırılmasına dair Yol Xəritəsini qəbul etmək qərarına gəldilər.

Bütün bunlar Gürcüstan iqtisadiyyatı üçün son dərəcə vacibdir. Bakı Bəyannaməsində təsbit olunmuş prinsiplər Orta Dəhlizin inkişafı çərçivəsində Gürcüstanın Azərbaycan və Türkiyə ilə inkişaf edən əməkdaşlığına tam uyğun gəlir və bu məqsədlər üçün xarici maliyyə fəal şəkildə ayrılır.

Xüsusilə vurğulanılmalıdır ki, SPECA-ya üzv olan bütün ölkələr Gürcüstanın ərazi bütövlüyünü tanıyır və onun tezliklə bərpasını arzulayırlar. Bunu, məsələn, Ermənistanın Gürcüstanın ərazi bütövlüyü məsələsinə münasibəti ilə müqayisə etmək olmaz.

Ermənistan BMT-də mütəmadi olaraq gürcü qaçqınların Abxaziya və Cənubi Osetiyaya qayıtmasının əleyhinə səs verməklə yanaşı, separatizmi və Gürcüstanın parçalanmasını dəstəkləyib. Bu siyasət İrəvan tərəfindən Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yaradılmış qondarma separatçıların - separatçı Suxumi və Sxinvali rejimlərinin “müstəqilliyini” rəsmən tanıyan “Artsax” separatçılarının köməyilə icra edilib. Ermənistanın “əsas himayədarı” Fransa 2008-ci ildə Rusiyanın təcavüzü zamanı öz prezidenti Nikola Sarkozi vasitəsilə Gürcüstana faktiki təslim olmağı məsləhət görmüşdü və Abxaziya ilə Sxinvali bölgəsini tərk etməyi təklif edən Gürcüstana qarşı kobud davranmışdı.

Azərbaycanın Türkiyə və Gürcüstanla, digər tərəfdən isə Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq nəticəsində uğurlar əldə edilib. Ölkəmiz faktiki olaraq Orta Dəhliz infrastrukturuna yatırdığı sərmayələrlə Gürcüstanın iqtisadi inkişafına töhfə verib. Azərbaycan Gürcüstanın özünün iqtisadiyyatına əsas investorlardan biridir.

Onu da qeyd edək ki, SPECA sammitində iştirak edən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə suveren ölkələrin ərazi bütövlüyünün bərpasının vacibliyini xüsusilə vurğulamışdı. Prezident Qasım-Jomart Tokayev həm də Prezident İlham Əliyevi və Azərbaycan xalqını “əlamətdar hadisə – beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin edilməsinə” münasibəti ilə təbrik etdi. Sadalananlardan da göründüyü kimi, Gürcüstanın “sağ-salamat” qalması, iqtisadi gələcəyi də Azərbaycanla Türkiyə tandemində iştirak etməkdə, Bakının irəli sürdüyü, müəllifi olduğu beynəlxalq layihələrdə yer almaqdadır.

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ