ƏLİYEV-PUTİN DANIŞIQLARININ ƏSAS MÖVZUSU... – Ekspert şərhi
"Gözlənildiyi kimi, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri “Şimal-Cənub” layihəsi olub".
"AzPolitika" xəbər cerir ki, bunu liderlərin bəyanatlarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib. "İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib ki, Şimal-Cənub" layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir. İlham Əliyev bu mövzuda fikrini belə tamamlayıb ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan hazırkı məqamda dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuldur. İlham Əliyev Azərbaycanın bu dəhlizlə ildə 15 milyon ton və daha çox yükün daşınması imkanlarından danışıb", -təhlilçi əlavə edib. Politoloq bu mövzunun Rusiya üçün də aktual olduğunu xatırladıb: "Ukrayna müharibəsi fonunda Rusiya Asiya bazarına məhz “Şimal-Cənub” dəhlizindən çıxmaq istəyir. Azərbaycan üzərinə düşəni edib. İran ərazisindəki dəmiryolu modernləşdirilməli və Hindistanın gələcəkdə bu marşrutdan istifadəsi təmin olunmalıdır. Çünki Ermənistanın da adı “Şimal-Cənub” nəqliyyat dəhlizində çəkilir. Halbuki, Azərbaycandan fərqli olaraq Ermənistan ərazisində yol infrastrukturu modernləşdirilməyib, bunun üçün layihələr reallaşdırılmayıb". Şahinoğlunun sözlərinə görə Azərbaycanın üstünlüyü həm də ondan ibarətdir ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizində illərin sınağından keçmiş Azərbaycan ərazisindən istifadəyə üstünlük verir.
"AzPolitika.info"