MİXAİL SAAKAŞVİLİ İLƏ BAĞLI BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ EDİLDİ - “Onun həyatını xilas edin”

06/12/2022 - 16:44

Gürcüstanın keçmiş diplomatları beynəlxalq ictimaiyyətə eks-prezident Mixail Saakaşvilinin həyatını xilas etməyə çağırıb.

Qafqaz.media Apsny.ge saytına istinadən xəbər verir ki, dipolmatlar Avropa İttifaqına, NATO-ya, Avropa Şurasına, ATƏT-ə, eləcə də bu təşkilatlara üzv olan dövlətlərin parlament orqanlarına və hökumətlərinə məktublar göndəriblər. Onlar bildirirlər ki, Saakaşvilinin səhhətinin sürətlə pisləşməsi fonunda amerikalı tibb ekspertlərindən ibarət müstəqil komissiya prezident Saakaşviliyə qarşı işgəncə və ağır metallarla zəhərlənmə də daxil olmaqla, ciddi insan hüquqları pozuntularını aşkar edən təhlil və araşdırmaların nəticələrini dərc edib.

“Bundan əlavə, bir qrup həkim prezident Saakaşvilinin bədənində arsen və ağır metalların, o cümlədən civənin izlərini aşkar edib. Buna görə də ekspertlər onun dərhal ABŞ və ya Qərbi Avropadakı tibb müəssisəsinə daşınmasını qətiyyətlə tövsiyə edirlər”, - məktubda deyilir.

Keçmiş gürcü diplomatları amerikalı həkimlərə istinadən bildirirlər ki, Saakaşvilinin xaricdə müalicə almasına icazə verilməsi keçmiş prezidentin siyasi müdaxilədən qorxmadan Qərb standartlarına uyğun araşdırma və müalicə aparmasına imkan verən ilk addım olardı.

“Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi ilə müəyyən edildiyi kimi, Mixail Saakaşvili hazırkı rejimin siyasi məhbusudur. O, azad edilməlidir. Gürcüstan Aİ-yə namizəd statusu almaq istəyəndə, xüsusən də Avropanın bütün təhlükəsizliyinin təhlükə altında olduğu bir vaxtda hazırkı inkişaf qətiyyən qəbuledilməzdir.

Biz, keçmiş gürcü diplomatları, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və müvafiq hökumətləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını mövcud vəziyyətə mümkün qədər sərt reaksiya verməyə çağırırıq”, - məktubda deyilir.

Qeyd edək ki, Gürcüstanın müxtəlif ölkələrdəki keçmiş səfirləri, müxtəlif beynəlxalq təşkilatlar və birliklərdəki keçmiş daimi nümayəndələri olmaqla 31 nəfər imzalayıb.

Qafqaz.media