“Mənə deyirlər ki, sənətdə bəxti gətirmiş aktrisayam…” – XALQ ARTİSTİ

03/06/2024 - 15:11

Aktrisa Bəsti Cəfərova: “Mənə elə gəlir ki, aktyor böyük rolu oynamaqla inkişaf edir”

“Hər bir kəs səhnəyə özünü, öz yaradıcılığını, öz istedadını gətirir. Teatrlar da çalışmalıdırlar ki, səhnəyə gənc, gözəl, yaraşıqlı, istedadlı aktyor və aktrisaları cəlb etsin...”

“Həyatda gördüklərim, teatrda olan hadisələr haqda bir kitab yazmaq istəyərəm”

Teatr ecazkar bir aləm olmaqla yanaşı, həm də sənət məbəddir. Bu məbədin sakini olmaq isə böyük xoşbəxtlikdir. Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının (“Azdrama”) aparıcı səhnə ustası, minlərlə tamaşaçı qəlbində əbədi yer tutmuş aktrisa Bəsti Cəfərova da bütün ömrünü bu ecazkar sənətə həsr etmiş aktrisadır. Onunla müsahibəmizdə teatrımızın durumu haqda suallara cavab tapmağa çalışdıq.

- Bəsti xanım, siz “Azdrama”nın aparıcı səhnə ustalarındansınız. Eyni zamanda, İncəsənət Universitetində tələbələr yetişdirirsiniz. İlk olaraq teatrımızın bu günkü durumu haqda fikrinizi bilmək istərdik…

- Teatrımızın durumu gördüyünüz kimidir… Tamaşalarımız gedir. Deyə bilmərəm ki, əvvəllər pis idi, indi yaxşıdır. Əvvəllər də yaxşı tamaşımız olurdu. Bilirsiniz, teatr tamaşalarının da ömrü, taleyi insan ömrü kimidir. Bəxti gətirən tamaşa da olur, bəxti gətirməyən tamaşa da. Uğurlu tamaşa da olur, uğursuz tamaşa da. Yəni bu yaradıcı işdir. Görürsünüz ki, yaradıcı işdə də bədahətən nələrsə, hansısa hadisələr olur, bu və digər tamaşaya təsirini göstərir. Amma ümumilikdə desəm, bizim teatrın tamaşaları həmişə yaxşı olub. Hər bir dövrdə teatrımızın ab-havası da, tamaşaları da gözəl olub. Tamaşaçı alqışı da, tamaşaçı axını da görmüşük.

Həmişə gileylənirlər ki, teatra gələn yoxdur, teatrın zalı boşdur və s. Biz teatrda heç vaxt boş zal görməmişəm. Mən özüm 1978-ci ildən, düz 46 ildir ki, sərasər Akademik Milli Dram Teatrında işləyirəm. Şəxsən mən teatrımızda boş zal görməmişəm. Onu yazan adamlar paxıl adamlardır ki, teatra gəlmirlər. İnandırım ki, heç onların teatrdan xəbərləri yoxdur.

İndiki duruma gəldikdə, bildiyiniz kimi, təqribən bir il bundan əvvəl Əməkdar incəsənət xadimi Mehriban xanım Ələkbərzadə bizə yeni bədii rəhbər təyin olundu. Mehriban xanım da öz repertuar planını tutub. Bizim teatrın repertuar planından danışmaq istəmirəm, bu haqda Mehriban xanımdan götürdüyünüz müsahibədə qeyd etmişdiniz. Mənə elə gəlir ki, bizim teatrımıza, bizim teatrın adına, aktyorlarımıza sanballı əsərlər yaraşır. Mən teatrımızın bu gününü də, gələcəyini də çox parlaq görürəm. Və çox istəyirəm ki, parlaq olsun.

- Bəsti xanım, deyirsiniz həmişə gileylənirlər ki, teatra gələn yoxdur, teatrın zalı boşdur. Amma əksər hallarda bu sözləri deyən elə sizin bəzi yaşlı həmkarlarınız olur...

- Yox, yaşlı nəslin nümayəndələrini deməzdim. Artıq mən özüm də yaşlı nəslin nümayəndəsi sayılıram…

- Yəni sizdən yaşca böyük olan həmkarlarınızı nəzərdə tuturam...

- Gəlin belə deyək də, bizdən yaşlı kim qalıb ki?! Bizdən yaşlı, Allah ömür versin, Rafiq Əzimov, Hacı İsmayılov qalıb. Bizdən yaşlı daha yoxdur. Allah onlara uzun ömür, cansağlığı versin, yaşlı nəsil biz olmuşuq. Orta nəslimiz, teatra yeni götürülən gənc nəslimiz var. Yəni yaşlı nəsil o sözləri deyə bilməz. Məni tanıyanlar da yaxşı bilirlər ki, sözlərimdə yalan yoxdur. Mənim sözlərimə inam böyükdür.

- Uzun illərdir səhnə mədəniyyətiniz, möhtəşəm rollarınız, peşəkar aktrisalığınızla özünüzə xüsusi bir sənət meydanı yaratmısınız var. Biz, hamımız "Tanrı kölgəsi"nə sığınsaq da, bu sənətdə Bəsti Cəfərovanın kölgəsinə sığınan gənclərimiz var?

- (Gülümsünür). Heç kim heç kimin kölgəsinə sığınmır. Bilirsiniz, teatra gələn hər bir aktyor, hər bir yaradıcı fərd özünü, öz bacarığını nümayiş etdirir. Mən deməzdim ki, kimsə mənim kölgəmdə qalmalıdır və yaxud qalacaq. Mən, Bəsti Cəfərova olaraq, müəyyən yaradıcılıq prosesi keçmiş insanam. Belə deyək də, sovet dövrünə dayanan bir prosesdir. 1978-ci ildə Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun üçüncü kurs tələbəsi olaraq, bizim novator rejissorumuz, baş rejissorumuz Tofiq Kazımov tərəfindən Əkrəm Əylislinin "Quşu uçan dağlar" adlı tamaşasına dəvət olunmuşam. Ondan sonra mənim müxtəlif rejissorlarla işbirliyim olub. Qeyd etdiyiniz kimi, istər yaradıcılığımın birinci dövründə, istər ikinci dövründə, istər də indiki zamanda gözəl rollar oynamışam. Elə indi də məsuliyyətli rollarım var. Rollarımı oynayıram da.

Onu da demək istərdim ki, hər bir yaradıcı insan elə bil, özüylə yaradıcılıq sferasına obrazlarını gətirir. Yəni mən rollarımı Bəsti Cəfərova olaraq, fərdiyyətimlə çıxış edərək belə oynayıram. Eyni rolu götürüb başqa bir aktrisaya versələr, o da tamam başqa cür oynayacaq. Demək, mən öz rolumu bu cür oynadım, gələn cavanlar mənim kölgəmdə qalacaq, elə bir şey yoxdur. Teatrda həmişə proses müştərək olub. Nəsillərin müştərək işi. Bu bizim dövrümüzdə də elə idi. “Bizim dövrümüz” deyəndə, biz teatra təzə gələndə səhnəyə kimlərlə çıxmırdıq - Ağasadıq Gəraybəyli ilə bir səhnəni bölüşmüşük, Həsənağa Turabovla, Amaliya xanım Pənahova ilə uzun müddət tərəfmüqabili olmuşuq. Səməndər Rzayev, Yaşar Nuri, Rafael Dadaşov kimi sənətkarlarla bir səhnəni bölüşmüşük. İndi də biz, yaşlı nəsli olaraq, yeni gələn cavanlarla tamaşalarda oynayırıq. "Əsrə bərabər gün" tamaşasında Nayman ananı oynayıram. Mənim orda oğullarım var. Universiteti təzə bitirib, bizim teatra ilk addımlarını atırlar. Biz onlarla işləyirik. Bu, çox maraqlı prosedurdur.

- Yəni Siz həm də gənclərə stimul verirsiniz…

- Təkcə stimul yox. Onlar yalnız mənimlə yox, bizim yaşlı aktyorlarla səhnənin bölüşürlər. Hacı müəllim də o tamaşada oynayır. Hacı müəllimdən, məndən və yaxud digər aktyorlardan yaradıcılıq prosesində özlərinə nələrisə götürürlər. Amma mən deməzdim ki, onlar - gənc aktyorlar mənim kölgəmdə qalırlar. Əsla!

25 maydakı tamaşada onların mənimlə, Sabir Məmmədovla səhnələri vardı. Çox parlaq oyun nümayiş etdirdilər. Onlara demək olarmı ki, mənim, yaxud Sabir Məmmədovun kölgəsində qalırlar?! Elə bir şey yoxdur. Hər bir kəs səhnəyə özünü, öz yaradıcılığını, öz istedadını gətirir. Teatrlar da çalışmalıdırlar ki, səhnəyə gənc, gözəl, yaraşıqlı, istedadlı aktyor və aktrisaları cəlb etsin. Yəni gələcək gənclərindir. Biz bacardığımızı etdik. Mən 46 ildə oynadığımı oynamışam. Arxaya boylanıb baxanda öz-özümə deyirəm ki, bunlar mənim qismətimə düşüb, mən bu rolları oynamışam. İndi buyurub, məndən müsahibə götürürsünüz və qeyd edirsiniz ki, mən bunları oynamışam. Mən də gənc olmuşam. Bu teatra 65 yaşında gəlməmişəm ki...(Gülür) İndi gənclər də get-gedə inkişaf edəcəklər. Mənə deyirlər ki, sənətdə bəxti gətirmiş aktrisayam. Mən arzu edirəm ki, inşallah, bizim teatra gələn gənclərin də elə mənim kimi bəxtləri gətirsin, yaxşı-yaxşı rejissorlarla işləsinlər, gözəl, sanballı, böyük rollar oynasınlar.

Bəzən mənə irad tuturlar ki, mən ancaq böyük rollar oynamaq istəmişəm. Mənə elə gəlir ki, aktyor böyük rolu oynamaqla inkişaf edir. Kiçik rol elə kiçik roldur. Kiçik rolu oynayan aktyorların imkanları da az olur. Amma böyük rolun imkanları böyük olur. Çalışırsan ki, güc gələsən, güc göstərəsən, nəyisə düşünəsən, nəyisə götür-qoy edəsən. Nəhayət, kamil bir obraz yarada bilirsən. Mən belə deyərdim.

- Siz akrisalıqla bərabər həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Maraqlıdır, aktrisalığınızla pedaqoji fəaliyyətiniz mizan tərəziyə qoyularsa, hansı ağır gələr?

- Əlbəttə ki, 46 illik aktrisalığım. Pedaqoji fəaliyyətim 20 ildir. Amma, bayaq dediyim kimi, pedaqoji fəaliyyətim mənim üçün çox önəmlidir. Mən onu yaradıcılığımdan kənar hesab etmirəm. Pedaqoji fəaliyyətim də yaradıcılığımın bir qoludur.

- Yazıçılıq istedadınız olsaydı və özünüz haqqınızda yazdığınız əsərdə bizim tanıdığımız Bəsti Cəfərovanın hansı üzdə olmayan cəhətlərini daha qabarıq göstərərdiniz?

- Mən öz rolum üzərində işləyəndə yaradıcı iş apara bilirəm. Sözün düzü, əsər yazmaq haqqında fikirləşməmişəm. Ömür vəfa etsə, nə vaxtsa memuar yaza bilərəm. Həyatda gördüklərim, teatrda olan hadisələr haqda bir kitab yazmaq istəyərəm. İstər yaxşı, istərsə də pis xatirələrimi memuar şəkilində yaza bilərəm.

Amma yazıçı, dramaturq kimi oturub bir əsər yazım, o mənlik deyil. Hesab edirəm ki, hər kəs öz işini görməlidir. Bizim kifayət qədər dramaturqlarımız da var, yazıçılarımız da.

- Həmkarlarınızdan pyeslər yazanlar da olub…

- Bilirəm, Allah Ramiz Novruza rəhmət eləsin, o, çox gözəl pyeslər yazırdı. Onun gözəl tərcümələri də var idi. Əsər də yazmışdı. Bizim teatrda da tamaşaya qoyulmuşdu. Televiziyada da onun əsəri nümayiş etdirilmişdi. O, bunu bacarırdı. Məndə o istedad yoxdur. Sözün düzü, mən o barədə də fikirləşməmişəm. Həm də vaxtım olmayıb. Amma artıq neçə nəfər mənə memuar yazmaq barədə deyib. Ömür vəfa etsə, dediyim kimi, bəlkə yazdım.

- Necə düşünürsünüz, taleyin, həyatın ağır sınaqları həmişə güclü insan yetişdirir?

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28