“Moskva və Vaşinqtonun nüvə risklərini müzakirə etmək üçün xüsusi kanalı var” – ABŞ-ın MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ AÇIQLADI

28/11/2022 - 13:25

“Rusiya və ABŞ-ın kəşfiyyat orqanları səviyyəsində risklərin idarə edilməsi mövzusunu, xüsusən də nüvə təhlükəsini müzakirə etmək üçün xüsusi kanal var”.

Qafqaz.media xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud “RİA Novosti”-yə bildirib.

“Məhz bu məsələ (nüvə riskinin idarə olunması) Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Börnslə onun rusiyalı həmkarı arasında görüşdə müzakirə predmeti idi”, - deyə o bildirib.

Elizabet Rud əlavə edib ki, görüşdə Ukraynadakı münaqişənin həlli məsələsi müzakirə edilməyib.

Xatırladaq ki, noyabrın 14-də Ankarada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında görüş keçirilib. Kreml danışıqların Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Ağ Ev bildirib ki, Börns Narışkinlə müharibəni bitirmək üçün danışıqlar aparmayıb və onun mesajı Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin nəticələri ilə bağlı olub.

Qafqaz.media