“Putin hakimyyəti özünü və Rusiyanı məhv edəcək” - “HƏLLEDİCİ SAVAŞ MOSKVADA OLACAQ...”

19/12/2022 - 12:59

Donbasdakı separatizmin ilk “qaranquşlarından” biri və “rus dünyası” ideyasının qatı tərəfdarı sayılan, eləcə də Haaqa Tribunalının terrorçu kimi barəsində qiyabi hökm çıxardığı İqor Strelkov (Qirkin) Rusiya “youtube” kanallarından birinə geniş və maraqlı müsahibə verib.

Son müsahibəsində Strelkov Putin hakimiyyətinin ünvanına ağır ittihamlar səsləndirib və Ukraynadakı müharibənin Rusiya üçün acınacaqlı perspektivlərindən danışıb.

Strelkov Ukraynadakı işğalçılıq müharibəsinə haqq qazandırsa da, bu işin çox yarıtmaz və hazırlıqsız şəkildə həyata keçirilməsindən gileylənib və deyib ki, artıq Rusiya ordusunun bu savaşda Ukrayna Silahlı Qüvvələrini tam məğlub və darmadağın etməsi mümkün deyil: “Mənim hakimiyyəti devirmək fikrim yoxdur. Mən sadəcə, insanlara xəbədarlıq edirəm ki, Rusiya hakimiyyəti bu cür davam etsə, bizi qarışıqlıq gözləyir. Belə getsə, hakimiyyət özünü və özü ilə birgə bütün ölkəni məhv edəcək. Təəssüf ki, bizə, yəni sadə ruslara yaxın aylarda, uzağı ən yaxşı halda illərdə baş verəcək hadisələrə hazırılaşmaq lazımdır...”

Strelkovun fikrincə, Putinin devrilməsi, yaxud özünün könüllü olaraq hakimiyyətdən getməsi ölkədə böyük xaos yaradacaq. Buna baxmayaraq, hakimiyyət özü bilərəkdən, ya da bilmədən “Ukraynadakı savaşda uduzmaq və xalqı qəzəbləndirmək üçün əlindən gələni edir”.

Strelkov Rusiyadakı hazırkı durumu ötən əsrin əvvəllərindəki vəziyyətlə - Rusiya-Yaponiya müharibəsi və inqilab öncəki durumla eyniləşdirib. O, artıq hakimiyyətin mahiyyətinin və idarəetmə tərzinin dəyişəcəyinə - “ağıllanacağına” ümid etmədiyini söyləyib: “Belə bir təəssürat var ki, orada (hakimiyyətdə-red.) ziyanvericilərdən və axmaqlardan ibarət konqlomerat var. Onlardan biri bilərəkdən ziyan vurur, digəri nə baş verdiyini anlaya bilmir, üçüncülər isə öz “komfort zonası”ndan çıxa bilmirlər. Özü də bilə-bilə ki, həmin bu “komfort zona” tezliklə partlaya bilər, onlar yenə də nəsə etmək qabiliyyətində deyillər. Mənim hakimiyyətlə bağlı təəssüratım bundan ibarətdir”.

Özü barədə danışan Qirkin deyib ki, üç dəfə - səfərbərlik vasitəsilə, eləcə də “Vaqner” və Donbasın “silahlı qüvvələri” tərkibində cəbhəyə getməyə cəhd etsə də, onu ön xəttə buraxmayıblar. Buna baxmayaraq, artıq yenidən cəbhəyə getməyə cəhd etmək fikrində deyil, eləcə də fövqəladə fədakarlığa, məsələn, həbsə düşməyə və s. də hazır deyil: “Mənə qulaq asmırlar (hakimiyyətdə). Qulaq asanda isə artıq gec olacaq. Bu müharibənin hər həftəsi, hər ayı ilə təhlükə artır. Ancaq mənim susmağa haqqım yoxdur. Çünki cəbhədə hər gün mənim yoldaşlarım döyüşür və həlak olurlar. Hətta ehtimal etsək ki, mən sırf merkantil maraqlarımdan çıxış edirəm, bu halda da mənim əsaslandırmalarım dəmirdəndir (möhkəmdir). Çünki bu müharibədə biz məğlub olsaq, mən Haaqaya ömürlük həbsə gedəcəm. Oradan məni Kiyevə göndərəcəklər, orada isə məni asacaqlar. Bu sarıdan mənim heç bir şübhəm yoxdur...”

Strelkov deyib ki, müharibədə iştirak etmək üçün getdiyi cəbhəyə yaxın ərazilərdə “balığın başdan iyləndiyini” görüb: “Hər şeyi öz gözlərimlə görəndən sonra anladım ki, balığın başı bütünlüklə çürüyüb. Onun çürümüş beyni dəyişdirilməsə, nə qədər quyruğunu hərəkət etdirməyə çalışsa da, balıq gəbərəcək... Problem ondadır ki, indi başlıca savaş Moskvada olacaq. Bu, hakimiyyətin beyni, əgər qalıbsa və insanların beyni uğrunda savaşdır. Çünki əgər bu hakimiyyət özü öz üzərinə və ölkənin üzərinə çöksə, dağılsa, bizdə bir çox variantlar yaranacaq və bunların içərisində fəlakətliləri də var...”

Strelkov Rusiyadakı siyasi durumla bağlı danışarkən deyib ki, Putin hakimiyyəti əhali üçün siyasi seçim imkanı qoymayıb: “Hakimiyyətin yeganə alternativi şərti olaraq, Navalnıdır. Hakimiyyət deyir ki, ya bizik, ya da bizi istəmirsinizsə, Navalnı (müxalifətçi Aleksey Navalnı-red.) olacaq”. O, hakimiyyət uğrunda mübarizə aparmaq fikrində olmadığını bildirib. Çünki onun fikrincə, Rusiyanı gözləyən və artıq qaçılmaz olan fəlakətlərə görə məsuliyyət daşımaq istəmir: “Qoy, hakimiyyət bu məsuliyyəti bütünlüklə özü daşısın. Baxmayaraq ki, Prezident məsuliyyəti öz üzərindən yayındırır və Müdafiə Nazirliyinin üzərinə atır... Əgər şərti Navalnı xalqı küçələrə çıxarsa, çürümüş hakimiyyətdə heç kim ona müqavimət göstərməyəcək...”

Qirkinin fikrincə, Rusiya artıq Ukraynada strateji hücum barədə yox, strateji müfadiə haqqında düşünür. Xersonun təhvil verilməsi də bunun göstəricisidir: “Çünki strateji hücuma hazırlaşan bir ordu bütün itkilərə rəğmən, havayı ələ keçirilən Xerson kimi platsdarmı əldən verməzdi. Bu gün artıq 5 aydır ki, Baxmut uğrunda döyüşlər gedir. İndi istənilən kənd, yaşayış məntəqəsi uğrunda qızğın döyüş aparılır. Artıq Xerson kimi vilayət mərkəzi ölçüsündə böyük şəhəri ələ keçirmək mümkün deyil. Bütün bunlar isə o deməkdir ki, Rusiya ordusu artıq xüsusilə də Dneprin sağ sahilində hərbi əməliyyat keçirmək iqtidarında deyil". Belə bir əməliyyat olmadan isə Ukrayna üzərində, onun Silahlı Qüvvələri üzərində tam qələbə qazanmaq mümkün deyil: “Bizim hər məğlubiyyətimizdən sonra Amerika onlara daha güclü silahlar verir”. 

Strelkov hesab edir ki, Ukraynanın enerji obyektlərinə raket zərbələri endirmək və əvəzində Ukraynanın “donacağını”, xalqın isə Zelenski hakimiyyətinə qarşı qalxaraq, küçələrə çıxacağını, üsyan edəcəyini düşünmək “ziyanvericilik və axmaqlıqdır”. Onun fikrincə, müharibə bu cür davam etsə, təkcə Donbasa, yaxud Krıma deyil, Rusiyanın dərinliklərinə vurulan cavab zərbələri artacaq. Eləcə də Rusiyanın nüvə dövləti statusu əlindən alınacaq və ölkə hissələrə parçalanacaq.

O, xatırladıb ki, onun 5-6 ay əvvəl proqnozlaşdırdıqları bu gün baş verməkdədir və vaxtında tədbir görülməsə, indi söylədikləri də mütləq baş verəcək./azpolitika

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

What's been happening?
12/12/2023 - 21:12