AZƏRBAYCANA QARŞI XAİN PLAN - Ölkəmizin dünya səviyyəsində energetika təchizatında artan rolu İran və Rusiyanı narahat edir…

07/02/2023 - 15:56

İranın Azərbaycana qarşı nifrətlə bəslənmiş düşmənçiliyinin pik həddi Tehrandakı səfirliyimizə hücumda nümayiş olundu. Belə ki, yanvarın 27-də SEPAH üzvü olan silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə basqın edərək, bir mühafizəçini öldürdü, ikisini yaraladı. Hücumdan sonra Azərbaycan səfirlikdəki fəaliyyətini müvəqqəti dayandırdı.

Hadisə Bakı ilə Tehran arasında gərginliyin artması fonunda baş verdi. Daha dəqiq desək, bu, Bakının regional oyunçu kimi rolunun artmasından və Tehranın bunu həzm etmək istəməməsindən qaynaqlanır. 

Azərbaycan uzun müddətdir ki, İranın Ermənistanla xoş əlaqələrindən gələn xəyanətlə üz-üzədir. Tehran isə İranın regional düşməni olan İsraillə Azərbaycanın münasibətlərinin dərinləşməsindən narahatlığını getdikcə daha çox dilə gətirir və rəsmi Bakıya qarşı neqativ rəftarını ölkəmizin "sionizmə yaxınlaşması" ilə əlaqələndirir. Buna baxmayaraq, Bakı artıq Azərbaycana əsas silah tədarükçüsü olan İsrailə ilk səfirini təyin edib.

Bütün bunlara paralel olaraq rəsmi Bakı Tehranı Azərbaycan daxilində ekstremist şiə qruplaşmalarını gücləndirməkdə ittiham edir ki, son həftənin İran agentlərini təmizləmə hadisələri Bakının haqlı olduğunu ortaya qoyur. Amma İranın səfirliyimizə hücumuna dar çərçivədən yox, daha geniş çərçivədən baxmaq zəruridir. Məsələnin kökü daha dərində yeləşir, lap “çibanın kökü” kimi.

Bəllidir ki, Tehrandakı Azərbaycan səfirliyinə hücumun ardınca İranın İsfahan şəhərindəki PUA zavodlarının vurulması baş verdi. Dünyada belə bir ictimai rəy var ki, ABŞ İranın dövlət kimi yox olmasını və dağlmasını istəyir. Amma nədənsə İraq və Liviyanı yerlə-yeksan edib xaraba qoyan ABŞ İrana "əlini bulamır", yalnızca "barmaq silkələmək"lə kifayətlənir. Əslində isə İsrailin İrandakı hərbi obyektə hücumu İslam respublikasını cilovlamaq üçün yeni səylərin bir hissəsidir. Keçən il ərzində İran daxilində bir sıra insidentlər, o cümlədən təxribat və kiberhücumlar, sui-qəsdlər, güclü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri, eləcə də alim və mühəndislərin müəmmalı şəkildə öldürülməsi baş verib. Tehran hadisələrin bəzilərində İsraili günahlandırıb. İsfahandakı hərbi obyektə son hücumda isə ABŞ iştirakının olmadığını açıqladı.

Bu inandırıcıdırmı? Əlbəttə, yox! Bəs bu açıqlamanın səbəbi nədir? Görünür, ABŞ "İsfahan mesajı"ndan sonra hələ İranın "ipə-sapa yatacağı" ilə bağlı ümidini itirməyib. Amma İranın Rusiyanı silahlandırması “qırmızı xətti” keçdi, üstəlik Tehran günbəgün Moskva ilə əməkdaşlığını artırır. Vaşinqtonun İranın PUA-ların istehsalı ilə məşğul olan səkkiz iranlı şəxsə qarşı sanksiya elan etməsindən bir gün sonra, ABŞ mediası Rusiyanın hər il təxminən 6000 İran PUA-sı istehsal edəcək zavod qurmaq planını açıqladı. Hesabat “Wall Street Journal”da dərc edildi və ABŞ Dövlət Departamentinin sanksiyalar barədə məlumatından sonra gəldi.

Beləliklə, Rusiya və İran artıq Ukraynaya qarşı ölümcül zərbə vuran 6 min ədəd PUA istehsal edə biləcək fabrik yaratmağa çalışır və bu zavodda Rusiyanın son bir ildə istifadə etdiyi “Şahed” tipli kamikadze dronlar istehsal ediləcək. İşin daha maraqlı tərəfi budur ki, bu zavod Tatarıstanın Elabuqa bölgəsində qurulacaq ki, burada da məqsəd Ukraynanın atəş hədəfini Tatarıstana çevirməkdir.

Bu addımdan sonra İran indi özünü “mötədil” və ya Qərblə hansısa “sövdələşmə” edəcəyinə inanılan ölkə kimi sata bilmir. İran Rusiyanın günahsız ukraynalılara qarşı kampaniyasında fəal iştirak edən azsaylı ölkələrdən biridir. İllərdir ki, İran Yaxın Şərqi terrora məruz qoyur və öz PUA-larından istifadə edərək, onları İsrailə qarşı atıb, həmçinin Yəməndə Hizbullah, Həmas və Husiləri silahlandırıb. Digər tərəfdən, İranın bütün işləklərinə baxmayaraq ABŞ-ın hələ də İrana Səddam Hüseyn İraqına davrandığı kimi davranmaması və Tehrana qarşı sadəcə "qulaqburması" ilə keçinməsi maraqlıdır. Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı və BƏƏ, o cümlədən də digər ərəb ölkələri Çinin nüfuz arealına qarşı meyllənməkdədir. İndiyə qədər ərəb dövlətləri ABŞ-ın nüfuz arealında idisə, indi proses Çin "tərəfə sürüşür". ABŞ bu vaxta qədər ərəb coğrafiyasını İsraillə balanslaşdırırdı, başqa sözlə ərəb dövlətlərinin "gözünün odunu İsraillə alırdı". Amma İsraillə ərəb dövlətləri arasında bağlanan “İbrahim Anlaşması”ndan sonra Tel-Əviv münasibətləri yoluna qoymağa başladı və ərəb coğrafiyasına - sünni islama aid olan kontingentə "yeni xoxan" lazımdır. Bu rolu isə İran tam layiqiylə yerinə yetirə biləcək yeganə namizəddir. Onsuz da İranın var oluş missiyası hər zaman islam aləminə qarşı "Troya atı" funksiyasını yerinə yetirmək olub. Başqa sözlə, İran ABŞ-a "hürən it" qismində gərəkdir və Vaşqinton bu “iti” gərəkdiyi kimi sünni dünyanın içinə ikitirəlik salmaq, qısıqrtmaq üçün yaxşı istifadə edəcək. Bu prizmadan baxanda ABŞ-ın İrana toxunmaması, ona xəbərdarlıq qismində qulaqburmalarını belə anlamaq olar.   

Rusiyaya gəlincə, İran PUA-larından başqa Kreml Moskva-Tehran-Yeni Dehli oxunun yaradılması istiqamətində addımlar atır. Tehran və Moskva azad ticarət haqqında memorandum imzalayıblar ki, bu da iki ölkə arasında əməkdaşlığın daha da inkişafıdır. Bundan əvvəl İranın dəmir yolu infrastrukturunun elektrikləşdirilməsinə sərmayə qoyuluşu və qarşılıqlı ticarətin rəqəmsal tokenə keçirilməsi planları açıqlanıb. Əgər 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,2 milyard dollar idisə, 2021-ci ildə bu rəqəm artıq 4 milyard dollara çatıb, 2022-ci ildə isə 4,8 milyard dollara yüksəlib.

Rusiya İslam Respublikasının əsas siyasi tərəfdaşına çevrilir. Siyasəti-iqtisadi əlaqələrin inkişafı genişlənir. Tehran isə açıq şəkildə Çin-Səudiyyə yaxınlaşmasından narahatdır. Səudiyyə Ərəbistanı İranın əleyhdarlarından biridir və enerji təchizatı sahəsində iqtisadi rəqabətlə yanaşı, daha ciddi ideoloji və dini ziddiyyətlər mövcuddur. Əlbəttə, Pekin və Tehran arasında münasibətlərdə qırılma və ya ciddi sürtünmə barədə danışmağa ehtiyac yoxdur, amma müəyyən gərginlik var.

İran qaynayır, Rusiya boşalır – iki qonşu ölkədəki böhran Azərbaycana nə vəd edir? TƏHLİL

Bundan başqa, Tehran Cənubi Qafqazda özünün əleyhinə olmayan oyunçuların olmasında maraqlıdır, əsas da Rusiyanın. Demək olar ki, İranın Zəngəzur dəhlizinin əleyhinə olduğunu bilməyən yoxdur, amma səbəb yalnız Ermənistanla 40 km-lik sərhədini itirməsi qorxusudurmu? Xeyr! İş burasındadır ki, İranın böyük ümidlər bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizi təhlükə altına düşüb. İran Şimal-Cənub dəhlizinin köməyi ilə öz ərazisi ilə Rusiya Federasiyasına ən böyük idxal qovşağına çevrilmək istəyir.

Ancaq aydındır ki, Qafqazda müharibə Tehranın "möhtəşəm" iqtisadi planlarının qarşısında dayanır. Və onun Türkiyə-Azərbaycan oxunun qələbəsi ilə başa çatması İran üçün qətiyyən sərfəli deyil, çünki bu halda Şimal-Cənub nəqliyyat dəhlizi Tehrana düşmən olan qüvvələrin-Türkiyə ilə Azərbaycanın nəzarətində olacaq.

Ona görə də iranlılar artıq alternativ yol üzərində - “Şimal-Cənub”dəhlizinin, amma Azərbaycan ərazisində deyil, Xəzərdən keçən dəhlizin üzərində düşünürlər. Ona görə də indi onlar prezident Putinin Xəzərdə yeni Rusiya limanının tikintisi planının həyata keçirilməsində maraqlıdırlar. Beləliklə, İran istər-istəməz Qafqazda status-kvonu saxlamaq, yəni öz istədiyi tərzdə sülhün və Ermənistanın olduğu şəkildə saxlanılması üçün Rusiyanın müttəfiqinə çevrilir.

Üstəlik, İranın ürəyindən dünya enerji mərkəzinə çevrilmək də keçir. Bu barədə hədəfini rəsmi Tehran neft naziri Cavad Oudjinin diliylə hələ 2022-ci ilin sentyabrında bəyan etmişdi. Açıqlamala bildirilirdi ki, İran beynəlxalq bazarlara neft tədarükünə və qlobal enerji təhlükəsizliyini təmin etmək üçün çalışmağa hazırdır.

"Neft və neft məhsullarının əsas istehsalçısı olaraq, biz həmişə beynəlxalq neft bazarında rol oynamağa və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə hazırıq", - deyə İran xəbər agentliyi "Şana" bildirmişdi. Bundan bir gün əvvəl isə - sentyabrın 4-də İran XİN-nin rəsmi nümayəndəsi Kanani Çafinin açıqlamışdı ki, nüvə sazişi bağlanacağı təqdirdə Tehran Avropanın enerji ehtiyaclarının çoxunu təmin edə biləcək və dünya enerji mərkəzi funksiyasını öz üzərinə götürməyə hazırdır. Bəs Azərbaycanın timsalında Avropanın enerji təhlükəsizliyi təmin olunduğu halda, Tehranın səfirliyimizə hücumu gözlənilməz idimi? Xeyr!

O halda Azərbaycanın "böyük oynaması"nı cilovlamaq üçün İran nəyə əl atmışdı? Zəngəzur dəhlizinin baş tutmaması və Bakını "Bir Kəmər Bir Yol" projesindən ofsaytda qoymaq üçün Tehran Çindən Cənub-Şərqi Asiya və Fars körfəzi ölkələrinə yüklərin daşınması üçün Bəndər-Abbas limanından istifadə etməklə “Qırğızıstan – Özbəkistan – Türkmənistan – İran” nəqliyyat dəhlizinin yaradılması planını işə saldı. Çin belə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün pul ayırmağa hazırdır. KİV-lər Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qırğızıstan və İran Qırğızıstan Respublikasına Bəndər-Abbas şəhərində torpaq sahəsinin ayrılması məsələsinə baxılması üçün idarələrarası işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

İranın Bişkekdəki səfiri Səid Xərrazi ötən bazar günü keçirdiyi mətbuat konfransında “Qırğızıstan açıq dənizə çıxmaq üçün İran limanlarının, o cümlədən Bəndər Abbas və Çabahar limanının imkanlarından istifadə edə bilər”,- deyib. Hətta fevralın 6-na olan məlumata görə, Qırğızıstan prezidentinin “Qırğızıstan – Özbəkistan – Türkmənistan – İran” nəqliyyat dəhlizinə qoşulması məqsədilə İrana səfəri gözlənilir. Hərçənd Azərbaycan TransXəzər dəhlizini aktuallaşdırmağa və Mərkəzi Asiya üçün Avropaya açılan pəncərə rolunu oynamağa, İran isə qarşımızı kəsməyə çalışır.

Beləliklə, yazılanlardan belə nəticə çıxır:

1. İran Azərbaycanın Avropanın qaz təchizatçısı olmasına qarşıdır və özünü bu rolda görür. Daha dəqiqi, İran da Rusiya da Azərbaycanın dünya səviyyəsində energetika təchizatında artan roluna rəqibdirlər.

2. İranla Rusiya Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlzində iştirakını əngəlləyir və hər iki dövlət bizim Bir Kəmər Bir Yol layihəsində iştirakımızı “Qırğızıstan – Özbəkistan – Türkmənistan – İran” nəqliyyat dəhlizini irəli sürməklə sıfırlamağa çalışır.

3. Son gələn xəbərlərə görə, Rusiya ilə Gürcüstan arasında tikilən tunel magistrallar başa çatmaq üzrədir. Zəngəzur dəhlizində Rusiyanın maraqlı olması tezisi öz aktuallığını itirir. Çünki Rusiyaya Türkiyəyə çatmaq üçün quru yolu lazımdırsa, Kreml bunu Gürcüstandakı tunel magistrallar vasitəsilə də edə bilər və Zəngəzur vasutəsilə Türkiyənin Azərbaycana, oradan da Mərkəzi Asiyaya açılmasındansa, özü Gürcüstanla Türkiyəyə çatmaqda maraqlı olacaq. Necə ki, Rusiyanın Zəngəzur dəhlizinin həyata keçməsi üçün barmağını barmağına vurmaq istəmir. Bəlkə də Rusiyanın Zəngəzur dəhlizində maraqlı olması və bu dəhlizin ona hava-su kimi lazım olması Azərbaycanı sakitləşdirmək, vaxtı uzatmaq üçün aldadıcı gedişdir.

Ülviyyə ŞÜKÜROVA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ