Bakıda sıxlığı azaldacaq Dövlət Proqramı – Deputat hansı tədbirlərin nəzərdə tutulduğunu açıqladı

31/01/2025 - 11:18

Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır. Onun sözlərinə görə, Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini - yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi özündə ehtiva edir.

İqtisadçı vurğulayıb ki, Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mobilliyinin gücləndirilməsi kimi tədbirlər ilə yanaşı piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. “Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur”, - o əlavə edib.

Deputatın sözlərinə görə, Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur: “Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir. Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir ki, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir”.

V.Bayramov onu da bildirib ki, Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur.

“Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”, - iqtisadçı yekunlaşdırıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəzərdə zəlzələ oldu
26/01/2025 - 18:57