“BAYDEN, UKRAYNALILARI NİYƏ ALDATDINIZ?!” – “Maliyyələşmə kəsiləcəyi halda Kiyevin vəziyyətə müvafiq planı olmalıdır”

27/11/2023 - 11:16

Rusiya ordusu Donetsk vilayətindəki Avdeyevka şəhərini ələ keçirmək üçün 7 oktyabrdan indiyədək böyük itkilərə baxmayaraq, intensiv hücumlar edir. Belə görünür ki, rusların dekabrın ortalarına kimi bu şəhəri zəbt etmək məqsədi var və bu, Vladimir Putinin prezidentliyə yenidən öz namizədliyini irəli sürməsiylə bağlı ola bilər.

Digər tərəfdən isə Moskva ABŞ-ın Ukraynaya yardım göstərməyəcəyinə ümid bəsləyir və buna görə də onu taqətdən salmağa çalışır. Əgər həqiqətən də Bayden administrasiyası Ukraynaya yeni yardımlar təşkil edə bilməsə və ya etmək istəməsə, onda cəbhədə vəziyyət Ukrayna ordusu üçün çox çətin olacaq. Artıq son dövrlər Ukrayna KİV-lərində Baydenin davranışlarına daha kritik və realistcəsinə yanaşmağa başlayıblar.

Ukraynanın “Obozrevatel.com” saytında gedən “ABŞ niyə ukraynalıları qələbəyə ruhlandırdı: Maliyyələşmə kəsiləcəyi halda Kiyevin vəziyyətə müvafiq planı olmalıdır” yazısında mövcud vəziyyətə toxunulur. 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: “ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcəkmi? Nümayəndələr palatasında Ukraynaya, İsrailə və Tayvana yardım göstərilməsi ilə bağlı qərar veriləcəyi gözlənilir.

Bu qanunun nə qədər tez qəbul olunmasını və onun Baydenin təklif etdiyi layihədən nə dərəcədə fərqlənəcəyini indi heç kim söyləyə bilməz. ABŞ qanunverici orqanının yuxarı palatası Senatda çoxluğa malik olan Demokratlar partiyası öz qanun layihələrini Nümayəndələr Palatasına təklif etməyə hazırlaşır (Senatın belə bir hüququ var). Nümayəndələr Palatasına nəzarət edən respublikaçıların İsrailə dəstəyi böyükdür, Ukrayna isə bu məsələdə zəif müdafiə edilir. Bununla yanaşı, respublikaçılar bu qanunu qeyri-leqal miqrasiyaya qarşı (Məsələn, Meksikadan gələnlərlə) mübarizəyə ayrılacaq vəsaitlə əlaqələndirmək niyyətindədirlər. Amma demokratlar üçün belə bir qanun qəbuledilməzdir, çünki onların seçiciləri arasında bir vaxtlar qeyri-qanuni miqrant olmuşlar var və onlar qeyri-qanuni miqrasiyanın leqallaşdırılmasını istəyirlər. Qısaca olaraq onu deyək ki, hazırda seçki kampaniyasının başlanması ilə əlaqədar kəskinləşən partiyalararası çoxsaylı ziddiyətlər var və ona görə də əgər Ukrayna hər hansı yardım alarsa, onun miqdarı elə səviyyədə olacaq ki, yazda daha bir tranş üçün yenidən Konqresə müraciət edilsin.

Bəlkə də ola bilsin ki, Baydenin tələb etdiyi 60 milyard dollar ayrılsın. Görəsən, Ukraynaya kifayət həcmdə və ya ümumiyyətlə heç bir yardım edilmədiyi halda Bayden və onun administrasiyasının hər hansı bir strategiyası varmı? (Müşahidəçilər İsrail və Tayvanla bağlı daha nikbindirlər).

Əgər Baydeninin belə bir strategiyası yoxdursa, onda bəs o nəyə görə Ukraynaya yardım etməyə başlamışdı? Axı, bu sadəcə sadizmdir! Müharibənin əvvəlində Ağ Ev Ukraynaya silah tədarükünün heç nəyi dəyişdirməyəcəyini, onun şansının olmamasını, hərbi, insani və iqtisadi resurs fərqinin ona heç bir ümid verməyəcəyi mövqeyini tutsaydı, bunu başa düşmək olardı. Bəs onda Zelenskini İstanbul razılaşmasını imzalamaqdan çəkindirmək, insanlarda ümid yaratmaq, böyük vədlər vermək, sonra isə onları yarı yolda buraxaraq, əlini yelləyib “şərtlər dəyişib, ona görə də gedin Putinlə razılığa gəlin” söyləmək nəyə lazım idi? İncildə belə yazılır: “Amma mənə inanan kiçiklərdən birini günaha sürükləyənin vay halına! Belə adamın boynuna dəyirman daşı asıb dənizə atsaydılar, daha yaxşı olardı (Matfey İncili). Bayden! Siz ukraynalıları niyə aldatdınız? Onlar öz qələbələrinə elə əmindilər ki, hətta bunun artıq əllərində olduğuna inanmağa başladılar! Yeri gəlmişən, Amerika heç də birinci dəfə deyil ki, özünü bu cür aparır. Belə davranışlar artıq amerikalılar üçün ənənəyə çevrilib. Amerikanın Ukraynaya qarşı da bu cür rəftar edəcəyinə inanmaq istəməzdik. Alternativ strategiya barəsində düşünmək lazımdır. Amerikanın yardımları olmazsa, Ukraynanın nə edəcəyini fikirləşin. Axı, bu həmin Baydendir ki, 2014-2015-ci illər ABŞ vitse-prezidenti kimi Ukraynanın Putin tərəfindən işğal olunmasına göz yummuşdu. Bu doğrudurmu ki, Putin Krımı ilhaq edərkən Turçinova zəng vurub, ondan heç bir halda “yaşıl adamlara” müqavimət göstərilməməsini tələb edən məhz Bayden olub? Yəni deyilib ki, siz təxribata getməyin, biz burada diplomatik kanallarla hər şeyi yoluna qoyacağıq... Hər halda, Qordonun canlı yayımında Yatsenyuk məhz bunu söyləmişdi. Yoxsa, Yatsenyuk bu fantaziyalarla sadəcə özünü kənara çəkmək istəyir? Hər şey ola bilər.

Biz nə vaxtsa həqiqəti biləcəyikmi? Bəlkə də öyrənəcəyik... Amma bu ukraynalıları xoşbəxt edəcəkmi?”/azpolitika.info