Bənövşə və işıq qatarı – Səma Muğanna (hekayə)

11/11/2024 - 09:57

Bənövşə və işıq qatarı

Qatar gələcəkdisə,Bənövşə artıq bu küçədə olmayacaqdı. Ümumiyyətlə, Bənövşə adlı sakin bu tozlu Bakı şəhərində yaşamayacaqdı. 

Onun varlığını hər kəs unudacaqdı. “Unutmaq”- dedim. Bu insanlar “unutmağı” nə adlandırır axı? Bir ləçəyi qopan çiçək belə ləçəyi qopub düşür deyə fəryad edir. Əslində, qopan ləçəklər öz-özünə qopub düşmür ki, onları insanlar qoparır… Bənövşənin həyatı kimi. İnsanlar bir-birlərinin həyatında xəritə olmağa çalışır. O xəritədə yolçu deyil, bir-birlərinin düşmənlərinə çevrilirlər…
Bənövşə addımlarını atarkən, sanki geriyə gedirdi. Bu yalanlarla dolu olan tozlu Bakı şəhərindən gözləntiləri vardı. Bu gözləntilər kimdən, yaxud nədən idi? Kim axı onu bu yolda incidirdi? Bənövşənin bu dünyadan istəyi nə idi? Ümumiyyətlə, Bənövşə kim idi? Çoxlarını maraqlandıran bu sualın cavabı məhz o gün Tanrıyla söhbətləşərkən tapılmışdı. Bənövşə özü də bilmədən Tanrıya bütün sirrlərini danışmışdı…
18 avqust 1998-ci il…
İnsan ömrünün demək olar ki, yarısını ailəsinə, sevdiyinə, sevdiklərinə qurban verir. Bu qurban dediyimiz neçə-neçə insan, sanki bu dünyayla sağollaşıb gedir. Əslində, daxili dünyasında baş verənlərdən təəssüf ki, xəbərləri yoxdur. Sizə film kimi bir hadisədən danışmaq istəyərdim, ancaq gəlin danışmayım. Bənövşə özü sizə danışacaq. Deyirlər, “acı da olsa, həqiqəti bilmək lazımdır”
Mənim adım Bənövşədir. Bu gün müəllif deyil, həyatımı mən sizə danışacam. Həyatımda baş verən hadisələr bəlkə də təsadüfdür, ancaq mən təsadüflərə inanmıram. Bəlkə də inanmaq istəmişəm, lakin iznim olmayıb.İnsanlar məni “məzlum Bənövşə” deyə çağırırlar. Həqiqətən, “məzlumlar” özlərini bu dünyaya qurban edənlərdimi? İnsanlar dünyanı günahlandırır, lakin özlərini deyil. Mən nə qurban, nə məzlumam. Mən küllərdən doğulan Bənövşəyəm! Ancaq səsimi heç kəs duymur. Sən mənim səsimi duyursan və mən sənin yanındayam. Bilirsən niyə? Çünki sən günahlarını, xatirələrini, düşündüklərini mənə danışırsan. Qorxma, sən məni görmürsən. Mən sənin fırtınanda boğulan susqunluğun, ya da yağış yağdıqdan sonra göy üzündə görünən göy qurşağınam. Mən sənin xoşbəxtliyin, kədərinəm. Sən məni unutsan da,mən səni unutmuram.
Bənövşə hava soyuq olduğundan bu gün evdən çıxmamışdı. Hiddətli yağan yağışın səsi pəncərələri isladarkən, sanki Bənövşənin də qəlbini isladıb, ona yeni can, yeni ruh olurdu.Bənövşə yenə gözlərini uzaq yollara dikib qatarın gəlməyini gözləyirdi. Qatar… Maraqlıdır,o qatarda kimi gözləyirdi? Bu an qapının zəngi çaldı və Bənövşə dalıb getdiyi xəyal dünyasından ayrılıb reallığa geri döndü. Qapıya yaxınlaşıb:
-Kimsiniz?
-Mənəm, Ayşən, aç qapını.
-Ayşən, nə yaxşı gəldin?
-Sənə yaxşı xəbərlərim var. Çamadanını hazırla, sabah gedirik.
-Nə? Hara gedirik?
-Qoy bir nəfəs alım. Bacıcan, mənə bi stəkan su ver. Nəfəs-nəfəsə qaldım.
-Al, iç. Danış görüm, Ayşən. Nolub axı?
-Demək, səni sabah İstanbula göndərirəm. Özün üçün gəz-dolaş. Nə var axı bütün günü evdə,bu 4 divara baxa-baxa qalmısan?
Gizli qalan çox hadisələr vardı, lakin Ayşən heç vaxt sirrlərini gizlətməyi bacarmırdı. İnsanlar bəzən düşünür ki, sirrlərini gizlətməklə hər şey daha yaxşı olacaq. Ancaq düşünmürlər ki,əslində, gizlətdikcə açılan yaraların izi daha da çoxalır, eynən Ayşən kimi…
-Sən axı mən istəmədən bunu necə edə bilərsən?
-Yaxşı, sakitləş. Mən sənə yaxşılıq olsun deyə etdim. Səni düşündüyüm üçün.
-Sən məni düşünə bilməzsən, Ayşən! Məni heç kəs düşünə bilməz! Məni yaşadığım dünyamdakı ikinci Bənövşə də anlaya bilməz! Anlaya bilməz!-deyirəm…
-Yaxşı bəsdi görək. İkinci Bənövşə nədir? Sən hələ də elə şeylərə inanırsan?
-Ayşən,xahiş edirəm, evimi tərk et.
Onlar dalaşdıqdan sonra Ayşən qapını vurub çıxdı. Bir neçə dəqiqə donub qalan Bənövşə sükutu pozmaq üçün yenə pəncərənin önünə keçdi. Səssizcə hönkürtü çəkərək daxilində qopan fırtınanı içindən qoparıb atmaq üçün çabalayırdı, lakin bacarmırdı.
Bəli, Bənövşə heç vaxt insanlar tərəfindən anlaşılmırdı. Bənövşə fərqli idi. Bənövşənin göz bəbəkləri belə insanlarla eyni deyildi. Göz bəbəkləri dedim, əziz oxucu, sən heç bilirsənmi insanın göz bəbəkləri sadəcə rənginə görə fərqli deyil? O göz bəbəklərinin altında neçə-neçə qurbanlar yatır! Bu bir insan olmaya da bilər. Xeyr, qətiyyən aldanma! Bir dənizin fırtınasında boğulan qayıqçı,qəfildən yağan yağış,buludlar,hətta çiçəklər belə! İnsanlar onlara baxdıqca böyüyür, düşünür, hətta bəzən özlərini məhv edir. Bənövşə də özünü məhv etmişdi.Məhrum etmək demədim,yanlış anlama, məhv etmək. Hə, hə düz eşitdin…
18 avqust 1998-ci il tarixi təqvimlərə deyil, lakin mənim ömür səhifəmə siyah tonlarda yazılmışdı. O gün dəyişəyəciyini kimsə söyləsə,bəlkə də inanmazdım. Mən nə təcavüzə uğradıldım, nə də döyülmədim, söyülmədim! “Məzlum” dedikdə ilk insanların ağlına gələn də bu deyilmi? Mən yaşayan Bənövşəni öz əllərimlə öldürmüşdüm.“İnsan sevərkən yenidən doğularmış”-deyirlər. Mən nə zaman doğulacaqdım? Əgər bir gün bu dünyaya yenidən qayıtmaq şansım olsaydı,Tanrımdan taleyimi alıb başqasının taleyini mənə yaşatmasını-deyərdim. Bilirsən niyə? Bilmirsən, çünki sən də məndən biri deyilsən.
Pəncərənin önündə gözləyərkən məhz o gün qatar gəlmişdi. Qatar heç vaxt gəlib keçməzdi.Atam, anam məni tərk edib getdikdən sonra o qatar bir daha gəlmədi. Gələcəklərini söyləmişdilər, lakin gəlmədilər.Hansı yerdə, haradadır? Suallarının cavabını yalnız o qatarla bilərdim. O qatar məhz 18 avqust günü 1998-ci ilin ən qızmar günəş istisində gəldi.Bilirsənmi, nə yazı, nə payızı, nə də yayı sevirəm. Sevdiyim yalnız qış fəslidir. İçimdə hayqıran, hətta boğulan 2-ci Bənövşə də mənim kimidir. O da qışı sevir. Ancaq insanlar deyirlər ki, qışda tənha qalırsan, üşüyürsən. Mən üşümürdüm.Mən atamla, anam getdikdən sonra heç vaxt üşümədim…
İsti çayım o an əlimdən yerə dağıldı. Qarşımda atamla, anamı görürdüm. Yuxu olduğunu zənn edib gözlərimi ovuşdurdum, ancaq yuxuya bənzəmirdi axı. Bəs… Bəs Tanrı mənimlə oyunmu oynayırdı? Yox… Əslində, Tanrı deyil,mən özümlə oyun oynayırdım. Yaşımı soruşma, deməyəcəm. O da məndə qalsın, ancaq bil ki, bir insan ömrü nə qədər yaşaya bilərsə, mən ömrümün yarısını yaşamışam, çünki yarısı atamla, anamın əlindədir…
Qapını açıb çölə çıxdım. Ətrafımda heç kəs yox idi. Tək dayanan qatardan başqa. Qatara baxdıqda, sanki bütün yaşadıqlarım gözümün önündə canlanırdı. Hə, hə bir də rəqəmlər.1,2,3. Sonra bütün yaşadıqlarım beynimdən silinir, ancaq gözümün önündə davam edirdi.Qatar… Qatar getdikcə rəqəmlər də davam edirdi,lakin 1, 2 və 3-cü rəqəmdə qalırdı. Sonra kimsə yaxınlaşıb elə bil qulağıma pıçıldayırdı:- “İnsan ömrü 3 hissədən ibarətdir. Giriş, əsas,nəticə. Sən isə nəticəyə gəlməmisən, Bənövşə. 2-ci Bənövşəyə de, o sənə hər şeyi danışacaq”
Qorxub qaçmaq istədikdə kiminsə qolumdan tutduğunu hiss etdim. Qəflətən gözlərimi qapatdım və o an atamın, anamın səsini yenidən eşitdim. Səslərində dərin bir hüzn, hətta təşviş duyulurdu. Gözlərimi açdıqda kiminsə qolumdan tutduğunu hiss edirdim, ancaq onu görmürdüm. Bəlkə də mən artıq dəli olmuşdum.
Ancaq dəli deyildim. Sadəcə bu yaşananların niyə məhz 18 avqust baş verdiyini bilmirdim.Tarixləri biz ələ ala bilmərik,ancaq o qatar bir səs, hətta işarə idi.
Sonunda dözə bilməyib qışqırdım. Gözlərimi açdıqda bayaq baş verən kabusdan heç nə qalmamışdı.Sadəcə arxama dönüb getdikdə qatardan çoxlu insanların qalxıb-düşdüyünü gördüm. Gözlərimi yerə dikib ağır addımlarla yoluma davam edərkən anamın “Bənövşə” deyə səsləndiyini eşitdim. Arxama çevrilməyə qorxurdum,çünki çevrilərsəm yenidən kabus yaşayacağımı düşünürdüm. Yavaşca pıçıldayaraq:
-Ana, sən yuxusan, xahiş edirəm, məni daha da çox incitmə!
-Yuxu deyiləm, Bənövşəm! Bax, yanında bacın da var. İşıq!
-İşıq?
-Hə, atan da indi gələcək! Gəl!
İşıq ayaqlarımdan yapışdıqda bu yaşadığımın yuxu olmadığını zənn etdim. Əslində, mən yuxuda deyildim. Mən nə yaşadıqlarımı, nə də itirdiklərimi yenidən təkrarən yaşayırdım.Mən 2-ci Bənövşəni dinləyib yenidən doğulmuşdum!
Arxama çevrilib İşığa sarılarkən huzura boyanan mən, sanki yenidən doğulmuşdum. Atam,anam mənimlə idi! Mən onları itirməmişdim! Yəni bütün yaşadıqlarım kabus idi? Tanrım,mən yuxudan oyanmışdım?
Əslində,mən yuxudan oyanmamışdım, 2-ci dəfə doğulmuşdum.Bütün yaşadıqlarımı arxada qoyub yenidən doğulmuşdum. Bu necə baş vermişdi? Bilmirəm. Tanrım, hardasan?
-Burdayam, əziz qızım. İnsan bəzən yaşadıqlarını unutmaq üçün intihara əl atır.Mən isə onları heç vaxt bağışlamıram, çünki insan istəyərsə,yenidən doğulmağı bacarar. Bu həyatdan küsüb getməklə nə əldə etmək olar axı?
-Mən.. Mən səni görmürəm,Tanrım!
-Sən məni heç vaxt görə bilməyəcəksən, əziz Bənövşə! Yağan yağışı duya bilirsən? Ancaq bilmirsən ki,hər damlası sənin simana damladıqca o sənə işadə verir. Bütün yaşadıqların sənə işarədir. Sən bu gün istəməsəydin, yenidən həyata qayıtmayacaqdın! O qatar da səni həmişə gözlədi. Uzaqlarda olsa belə gözlədi. Mən də səni uzaqlardan izləyəcəyəm. Salamat qal!
Bu gün Bənövşənin hekayəsini məhz onun dilindən dinlədiniz.Bəlkə də gözləriniz yaşarır,dolur, siz isə onu gizlədirsiz, ancaq gizlətməyin. İnsan göz yaşlarını gizlətdikcə böyümür.Onları izn verin ki,qaçıb getsinlər. Onların da haqqı sizin göz bəbəklərinizdə addım-addım getməkdir, qaçmaq deyil axı…
Bəli, Bənövşə yenidən küllərindən doğulmuşdu. O gedən qatar isə elə həminki qatar idi.Yenidən qayıtmışdı. İnsanlar geri dönmür, taleləri dəyişmək mümkün deyil, hətta yaşanan hadisələri belə unutmaq da asan deyil.Ancaq insan yenidən doğulmağı bacara bilər.Tanrı sizi eşidir,duyur! Bənövşə hər pəncərənin kənarında oturub düşünərkən bəlkə də yaşadıqlarını unutmaq deyil, yenidən yaşamaq istədiyi üçün çabalayırdı.Əgər o,Ayşənlə birgə getsəydi,bəlkə də zamanı geriyə alıb bu yaşayacaqlarını, yaşamaq istədiklərini yaşaya bilməyəcəkdi.Ona nəfəs olan bu qatar oldu. Qatarın gəlişi Bənövşənin həyatını dəyişdi…
-Əziz müəllif, bəs işıq?
-İşıq.. İşıq isə onun ikinci Bənövşəsi idi. Bu gün o da yenidən doğulub yaşamağa söz vermişdi. Bu gün Bənövşə yaşamağa inanıb, yenidən doğulmağa söz vermişdi. Sözünü tutdu… 

Səma Muğanna, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, 4 kitab müəllifi 

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04
Mif prosesdir - Azər TURAN
23/10/2024 - 15:28