Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

31/07/2024 - 16:56

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca üçüncü “Məzun Günü” baş tutub. "APA-Economics" xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, bir sıra özəl və dövlət qurumunun nümayəndələri və yeni tədris dalğasının tələbələri də iştirak edib. Məzun günündə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edib. Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Technion” Texnologiya İnstitununun rəhbərliyi öz çıxışlarında məzunları təbrik edərək mərkəzin ölkənin kibertəhlükəsizlik mühitinə faydalarına diqqəti çəkiblər. Qeyd edək ki, məzun olan 60 tələbə ötən ilin noyabr ayında 2000-dən çox müraciətçi arasından bütün mərhələləri uğurla başa vuraraq AKM-də təhsil haqqı qazanıb. Tələbələrin ən gəncinin 17, ən böyüyün isə 40-dan çox yaşı var. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. Məzun günündə təlim iştirakçıları kibertəhlükəsizlik isitqamətində öz layihə və ideyalarını təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş məzunların mükafatlandırılması baş tutub. Sonda məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib. Xatırladaq ki, indiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 120 tələbə məzun olub. Məzunların 72%-i özəl və dövlət sektorlarında işlə təmin olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37