Məhəmməd Füzuli: Məndə Məcnundan füzun aşiqlik istedadı var
Qafqaz.Media dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə seçmə qəzəllərini təqdim edir:
***
Məni candan usandırdı, cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçün qilmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardim mən, dedilər yarə qil rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı inanmazmı?
Şəbi-hicran yanar canim, tökər qan çeşmi-giryanim,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşi gözümdən qanli axar su,
Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı?
Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görəcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmı.
***
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,
Nütfeyi-qabildürür, qəmzə kimi ustadı var.
Qıl təfağür kim, sənin həm var mənim tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.
Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,
Hər kimin kim, dövr cövründən dili naşadı var.
Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
***
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.
Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.
Olmayan qəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
***
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!
Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!
Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!
Gör təni-üryan ilə əhvalımı hicran günü,
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!
Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin,
Kim olur dərmani-dərdə-eşq dişvar, ey həkim!
Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür
Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!
***
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
İltifatın arizməndi-visal eylər məni.
Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
***
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.
Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.
Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.
Bülbüli-ğəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!
***
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım istəyib dərman,
Özümdən həmbətər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəfin,
Səfadən dəm vuran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər səriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Mənə göstərdi gərdun, tirə bəxtim kövbəkin yüz kəz,
Məni-bədbəxt ona hərgah kim, baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
***
Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.
Ey deyən: "qeyrə könül vermə", qanı məndə könül,
Səri-zülfündə olan bəxti-qəradən qeyri?
Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli,
Doymadı dərdə, məni-bisərü padən qeyri.
Mişki-Çin zülfün ilə eyləsə dəva nə əcəb,
Nə olur üzü qara qulda xətadən qeyri?
Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin
Var bir canə yarar feyzi, bəqadən qeyri.
Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin,
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.
Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi,
Qılalım səbr, nədir çarə rizadən qeyri?
***
Mehri könlümdə nihan olduğun ol mah bilir,
Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.
Sorman ol mahilə hali-dilimi tanrı üçün,
Biləli onu özüm, bilməzəm allah bilir.
Gah yüz lütf qılır, gah təğafül guya
Gah bilməz bu giriftarlığım, gah bilir.
Can fəda eyləməyi yara həmin mən bilirəm,
Bu təriqi demə hər qafilü gümrah bilir.
Nəzəri-lütf diriğ etmə Füzulidən kim,
Sənə sidqilə özün bəndeyi-dərgah bilir.
Fuad Biləsuvarlının təqdimatında
Qafqaz.Media