Məşhur muğam ifaçısı: “Deyir, Hacıbaba Hüseynov nağaraçalan olub…” – Şok müsahibə

18/08/2024 - 09:07

Bakı muğam məktəbinin qocaman nümayəndəsi, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Aqil müəllim, öncə bu sualdan başlayaq: ustadınız kim olub?

- Hacıbababa Hüseynov. Ustadım da, müəllimim də o olub.

- İlk ünsiyyətinizi xatırlayırsız?

- Xatırlayıram. Mən APİ-nin tarix fakültəsini qurtarıb əsgərliyə getdim. 1974- cü ildə əsgərlikdən qayıtdım. Atam musiqi, ədəbiyyat həvəskarı idi. Özü də Mərdəkanda hökumət işində işləyirdi. Qəsəbə sovetinin sədri idi. Köhnə dillə desək, kəndxuda idi.

Atam 30 nəfərlik məclis qurdu. Qonaqların arasında Hacıbaba Hüseynov, Bəhram Mansurov, Tələt Bakıxanov da vardı. Əslində atam onları çoxdan qonaq etmək istəyirdi, mənim əsgərlikdən gəlməyim bir bəhanə oldu.

Bir az söhbət elədilər. Sonra Hacıbaba Hüseynov üzünü atama tutub dedi ki, deyirlər burda bir uşaq var, özünün də yaxşı oxumağı var. Mən də kənarda durub onlara qulaq asıram.

Hacıbaba çəkildi, mən oturdum Bəhram Mansurovun yanında. Yanında oturduğum ilk tarzən Bəhram Mansurov olub. Mənim üçün tarixi hadisədir, heç vaxt yadımdan çıxmaz. Dedi ki, oğul, nə oxumaq istəyirsən? Mənim də cahil vaxtımdı. Dedim, nə çalsaz, onu da oxuyaram. Baxdılar bir-birinə, güldülər.

Dedilər, "Şur" necədi? Dedim, yaxşıdı. “Şur” çaldılar. Oxudum, onlar da qulaq asır diqqətlə. Mənim səsim zil deyil axı. "Bərdaş", "Maye", "Şur", "Şahnaz", "Bayatı- Kürd"... Gəldim çatdım "Şikəsteyi- fars"a. Amma "Səmayi- Şəms"lik mənim səsim yoxdur. Təzədən "Şur"a düşməliyəm, onlar da bunu gözləyirlər ki, görəsən, mən bunu biləcəyəm, ya yox.

Düşdüm dayandım "Şur"un "Maye"sində. Bir-birinə baxıb təəccüb elədilər ki, aha, bunu bilir.
Bəhram Mansurov atama dedi ki, bu uşaq mənim çalğıma da qulaq asmadı, məni ardınca çəkib apardı. Gülüşdülər. Qonaqlıq qurtardı. Hacıbaba dedi ki, "oşibka"ların var ha. Dedim, əlbəttə, var. Təhsil, müəllim görməmişəm. Dedi, gəl mənim dərslərimə.

O vaxtdan Asəf Zeynallı adına musiqi məktəbinə, Hacıbaba Hüseynovun dərslərinə getməyə başladım. 1974-dən 1976-ya qədər getdim. Sonra bir gün dedi ki, sənədlərini ver, nə vaxta qədər elə belə gəlib-gedəcəksən? Dedim, axı bu mümkün deyil.

- Nə üçün mümkün deyildi?

- Çünki orta məktəbdə tarix-coğrafiyadan dərs deyirdim. Gizlicə 8 illik attestatla "Asəf Zeynallı"ya daxil oldum. Hacıbabaya xatir. Yoxsa xanəndəliyə çox həvəsim yox idi.

Beləcə, saat 1-ə kimi məktəbdə dərs deyir, ordan çıxıb "Asəf Zeynallı"ya qaçırdım. Burdan maaş, ordan təqaüd alırdım. İndi bunu demək olar da, daha sovet hökuməti yoxdur.

Qəndab Quliyeva, Səkinə İsmayılova, Məmmədbağır Bağırzadə, Sahibə Əhmədova - onlarla bir vaxtda oxumuşam. "Asəf Zeynallı"da 4 il oxuyub xanəndəlik diplomu aldım. Amma xanəndə kimi işləmədim, diplomum neçə illər evdə qaldı.

O məclislər bizdə daimi şəkil aldı. İki gündən bir atam məclis qururdu. O məclisdə kimlər olmurdu - Həkim Qəni, Seyid Ağa, Mayil, Əlibaba Məmmədov, Sirus Təbrizli, Əlibala Hacızadə, Məmmədəli Əskərov...

Onlardan qabaq mən evimizdə Əli Fəhmini görmüşəm. Babam 1967-ci ildə rəhmətə getdi. Qırx məclisinə Əli Fəhmi Həkim Qəniylə gəldi. Əli Fəhmi axsayırdı... Həmin məclisdə Cəfər Rəmzi də vardı. Mənim 15-16 yaşım olardı, kim idi məni içəri qoyan? Qapının arasından onlara qulaq asırdım.

- Nədən danışırdılar?

- Mübahisə edirdilər. Elmi mübahisə. Mənə çox qeyri -adi gəldi. Cəfər Rəmzi çox bilikli kişi idi, əsli mərdəkanlı idi, Əlyazmalar İnstitutunda işləyirdi. Sonra Cəfər Rəmzini yola salmağa çıxdıq. O, qabaqda gedirdi, özü də çox əsəbi kişi idi. Əli Fəhmi onu göstərib atama dedi ki, bu kişini görürsüz? Ondan muğayat olun, çox böyük alimdi. Bir az tərsdi...

Doğrudan tərs adam idi, 17 il Sibirdə yatıb gəlmişdi. Əli Fəhmi tez rəhmətə getdi, 1974- cü ildə. Cəfər Rəmzi 90 yaşa kimi yaşadı. "Deyilən söz yadigardır" kitabının iki cildini buraxdırdı, üçüncünü çatdırmadı. Hər kitabı çıxanda üstünü yazıb birini atam üçün, birini də mənim üçün gətirirdi.

- Sizi konsertlərdə, tədbirlərdə az görmüşük. Halbuki sizin ətrafınız muğam bilicilərindən, söz sənət xiridarlarından ibarət olub.

- Cavan idim, səhlənkarlıq elədim... İştirak elədiyim tədbirlər isə lentə alınmayıb.

Hacıbaba Hüseynovun 70 illiyi bildiyiniz kimi filarmoniyada keçirilib. Amma ondan əvvəl 60 illiyi də olmuşdu, bunu heç kim bilmir. Mən orda oxumuşdum, amma bəxtimdən nə video vardı, nə fotoqraf.

Məsələ belə oldu. Yenə bizdə toplaşmışdılar. Atam soruşdu ki, hə, gələn dəfə nə vaxt yığışırıq? Həkim Qəni dedi ki, Hacıbabanın 60 illiyidir, orda yığışarıq. Atam üçün bu göydəndüşmə oldu. Hacıbaba üçün Mərdəkanda "Nizami" klubunda 60 illik yubiley keçirdi. Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və mən səhnədə oturmuşduq. Sonra məclis bizim evdə davam elədi.

Əlibaba mənə dedi ki, gəl bizim ansambla. Mən onun ansamblına bir az getdim, sonra getmədim, yenə səhlənkarlıq elədim.

Sonra 80-ci illərdə bir də çağırdı məni ansambla. Getdim, televizora çəkdirdi məni. Yenə qoydum qaçdım. Bir də onun ansamblına 1989-cu ildə getdim.

Sonra dini musiqiyə baş qoşdum. Müstəqillikdən sonra dini qrup düzəltdik. Dini toylar, konsertlər… İstanbulda Ümumdünya musiqi festivalında konsert verdik.

2000-ci ildə “Speys” kanalından zəng gəldi. Məşhur musiqi proqramına dəvət edirdilər. Dedim, axı, mən musiqinin daşını atmışam. Amma sonda getdim. Canlı efirdə çıxış etməliydim. Mən 25 il idi ayrılmışdım bu sənətdən. Nə isə, çıxdıq efirə, gözəl çıxışımız oldu. Ordan başlandı...

2009-da isə Arif Babayev zəng etdi ki, diplomlarını da götür, gəl. Fikirləşdim ki, görən məni niyə çağırır? "Drujba" kinoteatrının yanında görüşdük. Telefonu götürüb konservatoriyaya zəng elədi ki, Aqil müəllim gəlir, onun sənədlərini al, işə götür.

Dedim, ay Arif müəllim, bu nə haqq- hesabdı? Dedi, gedərsən, bilərsən. Getdim, sənədlərimi aldılar, qol çəkib möhür vurdular, məni sinifə apardılar. Sinifdə 17 uşaq. Başladım konservatoriyada dərs deməyə.

- O vaxtdan ta bu günə qədər pedaqoqluq edirsiz...

- Arif müəllimin dəvətilə, Səyavuş müəllimin də zəhməti nəticəsində 15 ildir orda işləyirəm. Mən orda cənab prezidentin sərəncamıyla Əməkdar İncəsənət Xadimi adını aldım. Bu yaxınlarda da Prezident təqaüdü veriblər mənə. Çox razıyam.

- Tələbələrinizdən necə, razısız?

- Tələbələrin hamısı yaxşıdı. Aralarında bir-iki tənbəli var. Tutaq ki, səsin, oxumağın var, amma əgər tənbəl olsan, demək, sənin heç nəyin yoxdu. Əsas işgüzarlıqdı, çalışqanlıqdı. Allah Hacıbabaya rəhmət eləsin. Bir də görürdün ki, xanəndənin birinin səsi yeddinci fələyə gedir, amma ürək yoxdu. "Hicaz" pərdəsini gülə-gülə oxuyurdu. Hacıbaba deyirdi ki, səndən heç nə olmayacaq. Doğrudan da o adamdan xanəndə çıxmadı.

Halbuki Allah ona nə boyda səs-nemət vermişdi! Səs var, amma məktəb keçməlisən. Hissiyyat, muğamın mənəvi tərəfləri ustad dərslərində istiqamətləndirilir.

-Şuşada ilk muğam məktəbinin açan Xarrat Qulu olub. Bəs Bakıda muğam öncülü kim idi?

- Məktəb sovet hökuməti qurulandan sonra açılıb. Ancaq Bakıda muğamın keşiyində duran nəsil Mansurovlar nəsli olub. Məşədi Məlik, Məşədi Süleyman... Böyük nəsil imiş. Alimlər, şairlər, xanəndələr, çalğıçılar hər gün onların evində yığışıb məclis qurarmışlar. Onlar nəsillikcə tarzən olublar, muğam ənənəsini yaşadıblar, böyük muğam biliciləri də onların arasından çıxıb, bu gün də var.

 

20-ci əsr Azərbaycan muğam sənətinin inkişafında ən böyük rolu 30-cu illərin əvvəllərində Əhməd Bakıxanovun Üzeyir Hacıbəyovun böyük təşəbbüsüylə yaratdığı Xalq Çalğı Alətləri Orkestri oynayıb. O çox böyük tapıntı idi. İndi bir ansambl da yoxdur. Ansamblları bərpa etmək lazımdı. Radio bu işdə fəaldı, muğamları verirlər.

Əhməd xanın ansamblının çalğısına qulaq asıb dəhşətə gəlirəm. Allah, bu nə çalğıdı, bu nə kollektivdi! Böyük-böyük tarzənlər, kamançaçalanlar, Sərvər İbrahimov, Hacı Məmmədov kimi sənətkarlar ansamblda üçüncü, dördüncü tarçalan kimi oturublar. Sənət aşiqləri idilər! Təəssüf ki, bu gün ansambl yoxdur...

- Məktəblər olmayan vaxtda muğam toylarda yaşadılırdı. Siz toylara getmisiniz?

- Toylara getmişəm. İndi də gedirəm. Amma indi toyların siması dəyişib. Çox dəyişikliklər olub. Mən köhnə, gözəl toy adət-ənənələrini görmüşəm. Muğam dəstgahlarımız oxunmur artıq toylarda.
Toyda deyirlər "xanəndə bir şey oxusun". Belə də sifariş olar? Nə oxuyum, simfoniya oxuyum, ariya oxuyum? Xanəndəyə deyərlər, bir "Şur" başla!

Toylarda sərpayılar olurdu. Sərpayılar hörmətli cayıllardan olardı. İndi kim gəlir, çubuğu götürür ki, bu gün sərpayı mən olacam. Arağı içib lülqənbər olur. Toy da qarışır bir-birinə. Qarabağda toy idarə edən şəxslərə "padşah" deyirlər. Toy yiyəsi qalırdı qıraqda. Toyda nə olur, cavabdeh sərpayıdır.
Buzovnada sərpayı Qüdrət vardı, Allah ona rəhmət eləsin. Heç gəzmirdi toyxananın içində. Tutaq ki, xanəndə oxuyur, iki adam qıraqda söhbət edir, heç səsləri də gəlmir, azca mızıltısı gəlir. Qüdrət əlini aparırdı dodağına, yəni susun. Səs kəsilirdi. Bərkdən deməzdi, onu ədəbsizlik bilərdilər.

Sizə bir söz deyim. 60-cı illərin əvvəllərində ki, toylarda araq, çaxır verilməyə başlandı, o bizim toylarımıza ağır zərbə vurdu. Əvvəl gizlicə verirdilər. Sonra gördülər ki, danışan yoxdur, aşkarda etdilər. Düzdür, içkisiz toyların da sayı artıb. Amma o yaxşı şeyi ki, sən verdin badi-fənaya, onu geri qaytarmaq çox çətin olur.

Camaat çox şeyləri yadırğayır. Muğamat bilən kişilər vardı. Onlar toyxanaya gələndə musiqiçilər deyirdi ki, özünüzü yığışdırın, filankəs burdadı. Toy məktəbdir, ədəb, tərbiyə yeridi. Çoxları elə bilir ki, toy 6 saat oynamaq üçündü. 6 saat oynamaq olar? Vallah, ayıbdı. Bizim kişilərimiz axı 6 saat oynamayıblar. Toyda 1-2 oynayan olardı, məsələn, biri hörmətli cayıldı, 15 ildən sonra oğlu olub, onun xətrinə uşaqla oynayardı.

İndi saat 6-dan gecə 12- yə kimi oynayırlar. Mən görürəm ki, keçmiş adətləri qaytarmaq olmayacaq. Ona görə özlüyümdə bir toy proqramı qurmuşam. Toylarımızı bölək üç hissəyə. Bir qism adamı 6-dan 8-ə kimi çağır. Dəvətnamədə “muğam həvəskarları üçün” yaz. 8-dən 10-a kimi toyu estrada həvəskarları üçün et. 10-dan 12-yə kimi isə rəqs musiqisini sevənlər üçün. Nə şiş yansın, nə kabab.

- O dövrdəki muğam ənənələri ilə çağdaş dovrün muğam ənənələri arasında hansı fərqlər var?

- Yerdən göyə qədər fərq var!

- Amma indiki xanəndələr o dövrkü ustadların sənətinə bəzən xor baxırlar. Məsələn, bu yaxınlarda müğənnilərin biri böyük muğam bilicisi, ustad sənətkar Hacıbaba Hüseynovu "Zülfü Adıgözəlovun nağaraçısı" adlandırdı…

- Çox yersiz sözdü! Vasif Adıgözəlov özü deyirdi ki, əgər Zülfü Adıgözəlov muğamatın tacıdırsa, Hacıbaba Hüseynov da o taca brilyantlar düzüb gedən sənətkardı. Heç yaraşarmı belə bir söz demək: "Hacıbaba Hüseynov Zülfü Adıgözəlovun nağaraçalanı olub".

Əvvəla, Zülfü xanəndədi, xanəndəyə nağaraçalan lazım deyil. Dəfi qoltuğunda, tar, kamança ilə oxuyur, çıxıb gedir. İkincisi, kaş mən nağaraçalan olub elə Zülfünün nağaraçısı olardım. Üçüncüsü, lap elə tutaq ki, nağaraçısı olub. Xanəndələrin çoxu nağaraçı olub. Sonra böyük-böyük xanəndələr olublar. Zülfü toylara gedib, Hacıbaba da nağaraçı kimi toylara gedib, toylarda üzbəüz oturublar.
Sonra camaat görür ki, Hacıbabanın yaxşı oxumağı var. Başlayırlar Zülfü olan toyxanada onu oxutdurmağa. Yenə bir dəfə deyəndə ki, Hacıbaba, sən də oxu, bu Zülfünün bir az acığına gəlir. Axırda Hacıbabanı çağırıb deyir ki, əgər xanəndəsənsə, götür qavalı, get xanəndəliyini elə. Sən mənə burda mane olursan. Vəssalam. Bu da yaxşı sözdür. Hacıbaba da qavalı götürüb xanəndəliyə başlayıb.

O adamlara demək istərdim ki, oğul, sən get hələ Hacıbaba Hüseynovun sənətini öyrən, sənin Hacıbabanın nağara çalmağı kimi oxumağın olsun, sonra get Hacıbabadan danış.

Arif Babayev uzun illər bizdə kafedra müdiri olub. On il bir yerdə işlədik. Mən Arif Babayevdən bir dəfə xanəndələr haqqında artıq söz eşitmədim. Bu cavanların bir tikə boyları var, Hacıbabanın sənətindən danışırlar. Belə naqis sözlər insana hörmətsizlik gətirir.

- Hacıbaba Hüseynovun özü kiminsə qarasınca danışırdı?

- Yox, qətiyyən. Nə olsaydı, üzünə deyərdi. Deyərdi ki, filan şeyi səhv oxudun, filan qəzəli yerində demədin.

- Hazırda oxuyan xanəndələrdən kimlərin ifasını bəyənirsiz?

- Bu dəqiqə Alim Qasımov böyük muğam məktəbinin davamçısıdı. Gənc xanəndələr arasında çox istedadlar var, gözəl səslər var. Muğam müsabiqələri də keçirilir, bu yaxşıdır. Amma davamı gəlmir. Axı bu iş davam eləməlidir. Oxuyanlar öz istedadlarını realizə etməlidir. Məsələn, televiziyaların heç birində muğam rubrikası yoxdur. Xanəndə harda oxusun? Hansı verilişə gedirsən, deyir verilişin formatına uyğun deyil.

Bir söz deyim, bu çox böyük qəbahət, nöqsandır bizim üçün. Bir dəfə televiziyaların birinə getmişdim. Qəzəllərin birindən sual verdilər. Başladım oxumağa. Üç beyt demişdim ki, reklam efiri kəsdi. Sözüm ağzımda qaldı. Eyib deyil? Məni siz efirə çağırmısız, çağırmısızsa, qulaq asın. Mənim sözümü niyə kəsirsiz?

Deməli, sənəti, sözü bilmirsiz. Bilmirsiz ki, qəzəli harda kəsmək olar. Özlərinə belə haqq qazandırırlar: reklamın vaxtı var. Onda əvvəl reklamını ver, sonra mən qəzəli deyim.
Bizim böyük sənətkarların səs yazıları var, vaxtaşırı verilərdi, indi verilmir. Muğam dəstgahı anlayışı camaatın yadından çıxıb artıq. Xanəndələrin qəzəl savadı yoxdur.

Xanəndə mahnı oxuyur, araya bir balaca muğam salır - "Mailin ünvanı vətəndir", vəssalam. Bəyəm mən Füzulidən oxuyanda vətənpərvər olmuram? Mənim aləmimdə bu gün ən vətənpərvər xanəndə bizim klassik ədəbiyyatımızı dərindən bilən, ifa və təbliğ edəndir.

- Milli geyim muğamda nə dərəcədə lazımdı? Siz çox az sənətkarlardansınız ki, muğam oxuyanda başınızda milli papaq olur.

- Milli geyim təkcə muğamda deyil, ümumiyyətlə lazımdı. Özbəklər bütün dünyada araqçınla tanınırlar. Mən şəhərdə olanda bəzən cavanlar mənim papağıma baxıb gülürlər. Bu mənə ləzzət edir. Mən istəyirəm mənə yaxınlaşıb papaqla bağlı suallar versinlər. İndi buna "molla papağı" deyirlər. Bu molla papağı deyil, milli baş geyimidi. Sonra cürbəcür yollarla sıradan çıxarıblar, ancaq mollalar saxlayıblar. Tələbələrə deyirəm ki, heç olmasa imtahana gələndə geyim-geciminizə fikir verin, millilik olsun.

- Siz ilk dəfə ifa edəndə tarzən Bəhram Mansurovun yanında oturmusuz. Bəs sonralar ifa zamanı o anı xatırlayırdınızmı və Bəhram müəllimdən sonra başqa tarzənlərin müşayiətini necə qəbul edirdiz?

- Hər dövrün öz siması var. Yaxşı tarzənlər nəsli yetişdi. Ağasəlim Abdullayev, Möhlət Müslümov, Firuz Əliyev, böyük muğam bilicisi Valeh Rəhimov, Vamiq Məmmədəliyev... Bunlar müasir dövrün Əhməd xanları, Bəhram Mansurovlarıdı...

Bəhram Mansurovla bir neçə dəfə toylarda da olmuşuq. Toyların birində Hacıbaba məni yanına çağırdı. Gəldim. Dedi, nə oxuyacaqsan? Dedim, "Mahur hindi". Müxtəsər, "Mahur"u oxudum, "Şikəsteyi- fars" pərdəsində Hacıbaba dedi ki, Seyid Əzimdən oxu. Başladım Seyid Əzimdən oxumağa. Gördü ayaq vermək istəyirəm, dedi ayaq vermə. Aldı məndən, birini də özü Seyid Əzimdən oxudu. Toyxanada deyişmə gedir: birini o oxuyur, birini mən. Camaat da diqqətlə qulaq asır. Sonra Hacıbaba dedi ki, indi ayaq ver. Ayaq verdim, “Mahur- hindi” başa çatdı, camaat alqışladı.

Qəzəliyyatı indi üçüncü, dördüncü plana aparıblar. Siz bilirsiz Azərbaycan ədəbiyyatı nə deməkdir? Füzulinin türkcə divanı qalıb, gedib tərcümə olunmuş qəzəllərini oxuyurlar.
Füzuli Azərbaycan türkcəsində yazıb axı bu qəzəli:

Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,
Nola cürmi ki, asılmasına fərman olmuş.
Şahisən mülki-məlahətdə, sənə qullar çox,
Biri oldur ki, varıb Misrdə sultan olmuş.

Bu gün belə bir tendensiya yaranıb: deyirlər, sadə sözlər oxuyun, camaat başa düşmür. Bəs çətinləri kim oxusun? Füzulini onda kimə tapşıraq? Füzuli qəzəliyyatı elmdir. Elm sahibi oxumaq istərsən, get onun qəzəllərini oxu.

- Aqil müəllim, Əliağa Vahidin qəzəllərindən də çox oxuyursuz. Özünü həyatda görmək sizə nəsib olubmu?

- Yox, Əliağa Vahid 1965-ci ildə rəhmətə gedib. Mənim atam görüb onu. Atam hökumət işindən qabaq Şağan kəndinin sərpayısı olub. Şağan kəndinə Əliağa Vahid Bəyməmməd və Bəbir ilə gələrdi. Bəyməmməd və oğlu Bəbir Məmmədzadələrin bizə ana tərəfdən qohumluqları çatıb.
Bəyməmməd kənd toylarında meyxana deyirdi. Amma Bəbir müəllim olub. Şuşada pedaqoji texnikumda müəllimlik edib. Sonra Bakıya gəlib. Yazıçılar İttifaqının folklor şöbəsinin rəhbərliyinə qədər yüksəlib. Adam 29 yaşında rəhmətə gedib. Çox gözəl şair olub, bir kitabı yadigar qalıb...

Bu gün bir tendensiya da var, onu da deyim. Keçmiş xanəndələr haqqında yersiz danışdıqları kimi Əliağa Vahidin qəzəllərinə də ağız büzürlər. Nə var -nə var bir balaca şeir demək qabiliyyətləri var. Deyirəm bir balaca təbin var, de ki şükür sənə pərvərdigara. Sənin Vahiddə nə işin var? Vahid böyük şair idi. Düzdü, belə qəzəlləri də var: təxmini deyir ki, könül aldanma o şuxa, onun əngəli var.
Hardasa kefinə gəlib, yeyib-içəndən sonra bu sözləri deyib. Amma Vahid Vahiddi!

Diyari-eşqə sultanəm, bəlalar çox çəkib başım,
Cəlali-şövşətim qəmdir, hücumi-dərd fərraşım,
Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,
“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.

Bunu Füzuliyə təxmis yazıb. Füzuli ilə onun sözlərini ayırd elədiniz? Yox. Füzuliyə təxmis demək hər oğulun işi deyil.


Müəllif: Günel Natiq

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18