“ÖGEY ATANIN BÖYÜTDÜYÜ CİNAYƏTKAR...” – Putinin “sağ əli”nin bioqrafiyasına dair maraqlı faktlar

14/01/2023 - 14:37

Son illər, xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan etibarən əvvəllər “Putinin aşbazı” kimi tanınan Evgeni Priqojinin personası ətrafında xeyli müzəkirələr aparılır. Nə savad, nə siyasi karyera, nə də intellekt baxımından qətiyyən parlamayan bu müəmmalı fiqur qısa müddətdə yaratdığı 

“Vaqner” adlı özəl hərbi şirkət (Rusiya qanunvericiliyi belə şirkətlərin yaradılmasını qadağan edir-red.) sayəsində Rusiya kimi dünyanın taleyinə təsir imkanları olan dövlətdə az qala əsas söz sahiblərindən birinə çevrilib. Bu faktın özü Rusiyadakı idarəçiliyin anormallıq və legitimlik səviyyəsi barədə bir daha düşünməyə əsas verir...

“AzPolitika.info” xəbər verir ki, ukraynalı tanınmış jurnalist və aparıcı Nataliya Moseyçuk Y.Priqojinin bioqrafiyası ilə bağlı bir sıra maraqlı faktlar aşkarladığını bildirib. Moseyçuk apardığı araşdırma nəticəsində vaxtilə Priqojinin babalarının Ukraynada yaşadıqlarını, onun özünün də həyatının bir hissəsini Ukraynada keçirdiyini öyrənib.

Məlum olub ki, Priqojinin Dnepropetrovsk vilayətinin Joltıye Vodı şəhərində yaşamış bir babası müharibədə komissar vəzifəsində iştirak edib, döyüşüb, xeyli orden və medallar alıb. Digər babası isə uran mədənlərindən birinə rəhbərlik edib.

Moseyçuk deyib ki, Priqojinin normal ailədən olduğunu öyrənəndə xeyli təəccüblənib: “Valideynləri ona yaxşı həyat və təhsil vermək istəyiblər. Lakin bu “raşist” başqa yol seçib. Öyrəndim ki, onun anası ali məktəblərin birində dərs deyib. Özü isə Tibb İnstitutuna əczaçılıq ixtisası üzrə qəbul olunub. Lakin bir il oxuyandan sonra silahlı qarət maddəsilə 3 il yarım məhkum edilib. Bundan sonra başqa bir cinayətə görə ona daha 10 il iş kəsiblər. Bu dəfə 9 il yatandan sonra azadlığa çıxıb”.

Moseyçuk onu da öyrənib ki, Priqojinin doğma atası tez vəfat edib və ona atalığı baxıb: “Ögey atası onu olimpiya məktəbinə “soxuşdurub” ki, xizək sürmə ilə məşğul olsun. Ancaq nəticədə Priqojin adi oğlandan cinayətkara çevrilib”.

Xatırladaq ki, hazırda Priqojin Rusiyada hakimiyyət uğrunda savaşın önəmli fiqurlarından biri kimi çıxış edir. Onun əsas “silahdaşları” Ramzan Kadırov və general Sergey Surovikin, əsas rəqibləri isə Müdafiə Nazirliyi rəhbərliyi və FTX hesab olunur.

C.Məmmədov