Qərbi Azərbaycan Xronikası: “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd” - VİDEO

15/10/2024 - 23:52

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı dəyişdirilib Azad və Kraşen qoyulan kənd” adlı süjet hazırlanıb. Bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağkilsə toponimi haqqında söz açılır. Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarında yerləşən toponimlərin tarixi, coğrafiyası və hayların erməniləşdirmə siyasətinə məruz qalması danılmaz faktdır.

AĞKİLSƏ – Şəmşəddil mahalında Karvansaray, indiki İcevan rayonunda kənd olub və daim azərbaycanlılar yaşayıb. Onlar 1919-cu ilin mart ayında zorla çıxarılıblar. 1920-ci ildə sağ qalan sakinlər evlərinə qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən deportasiya olunub. Toponim rəng mənasında işlənən “ağ” sözü ilə dini məbəd mənasını bildirən “kilsə” sözünün birləşməsindən əmələ gəlib.

AĞKİLSƏ - Dərələyəz mahalında Keşişkənd, indiki Yeğeqnadzor rayonunun ərazisində kənd olub. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qovulub. 1925-cı ildə kənd ləğv edilərək xarabalığa çevrilib.

AĞKİLSƏ - Göyçə mahalında Basarkeçər, indiki Vardenis rayonunda kənd adıdır. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə qovulub və dörd ildən sonra öz kəndlərinə qayıdıb, 1988-ci ildə yenidən tarixi-etnik torpaqlarından çıxarılıblar. 1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilib Azad qoyulub.

AĞKİLSƏ - Şörəyel mahalında Düzkənd, indiki Axuryan rayonunda kənd adıdır. Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olub. Ermənilər buraya 1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülüb. 1945-ci il dekabrın 7-də adı dəyişdirilib Kraşen qoyulub.

AĞKİLSƏ - Vedibasar mahalında Vedi, indiki Ararat rayonunda kənd olub. 1918-1920-cı illərdə kəndin azərbaycanlı əhalisi vəhşicəsinə qovulub və kənd ləğv edilərək xarabalığa çevrilib. ıSonda vurğulanır ki, ermənilərin hədəfindəki Ağkilsə toponimi Qərbi Azərbaycanda məhv edilən türk-oğuz izlərindən biridir: “Təbii ki, bu yerlərin acı taleyi və sirli keçmişi tarixin güzgüsü olmaqla yanaşı, Qərbi Azərbaycanın itməyən yurd yerləri, unudulmayan toponimləri tarixi həqiqətlərin daşıyıcıları və silinməz izləridir”. Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 15-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15