Rəşad Məcidin şeirləri

21/12/2024 - 19:11

Qafqaz.Media Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin şeirlərini təqdim edir:

BİR DƏ GƏLMƏYƏCƏK...

Elə möcüzələr yaratmısan ki,
Elə dəqiqələr yaşatmısan ki,
Olmayıb heç onun yüzdə biri də
Nə mənim dünyamda,
nə bu dünyada.

Sən elə telləri qırıb getmisən,
Sən elə yaralar vurub getmisən,
Təpəri yoxdu ki, dözüb dayansın,
Nə mənim dünyamın,
nə bu dünyanın.

Qəfil gəlişinlə suç eləmisən
Sənsiz keçən ömrü puç eləmisən
Vurmayıb heç zaman belə qar-yagış
nə mənim dünyamı,
nə bu dünyanı

Bilmədim iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.

DONDUM

Gördüm ürək yıxan baxışlarını,
Bu hay-küy içində, bu gur axında.
Tərpənə bilmədim, dinə bilmədim
Dondum bir otelin çıxacağında.

Niyə daşa döndüm, niyə buz oldum? -
Xəbəri olmadı solun, sağın da.
Yapışıb divara söykəli qaldım,
Dondum bir otelin çıxacağında.

Getdi məğrurluğum, itdi şuxluğum,
Ömrümün nəşəli, çılğın çağında.
Dəyişən havanın xoş mehi vurdu -
Dondum bir otelin çıxacağında.

Beləcə başladı dərd də, sevinc də,
Mənim bu qarışıq həyat bağımda.
Bir tilsimə düşdüm heyrət içində,
Dondum bir otelin çıxacağında.

NƏ FƏRQİ

Gedirsənsə, nə fərqi var, ya səssiz,
ya sözümü, baxışımı yozub get.
Nə fərqi var, azad burax, çox inan,
ya da yoxla, addımımı pusub get.

Bu sevginin nənnisində biz uşaq,
bitibdisə ha sarmaşaq, qovuşaq.
Fərqi yoxdu, ya candərdi barışaq,
ya da inci, ya da çığır, küsüb get.

Nə iblisim, nə mələyim deyilsən,
ümid dolu gələcəyim deyilsən.
İndən sonra ta gərəyim deyilsən,
fərqi yoxdu, ağlayıb get, susub get.

SƏNİN SİRRİN

Dünyanın ən gözəl şairi sənsən,
Dünyanın ən gözəl şeiri sənindi!
Qəlbindən boylanıb, qol açıb gələn
Sözlərin işıqdı, Ruhun dərindi!

Gerçəyə çevirdin çox xəyalları,
Zamanın ən böyük heyrəti sənsən!
Mələk də etməzdi sən edənləri,
Xilqətin ən böyük cürəti sənsən!

Bir baxış, bir kəlmə, bir addım ilə
Dünyanın çərxini dəyişdirənsən!
Ruhunla, ağlınla, məhəbbətinlə
Ən dəli aşiqi yetişdirənsən!

İndi səndən özgə nə var dünyada?
Heç nə verə bilməz yerini sənin.
O qədər sehrli müəmmasan ki,
Heç kim bilə bilməz sirrini sənin.

DAHA

Daha indən belə əlimdə deyil,
Səni indən belə qısqanacağam.
Bir iti kəlməyə, ağıllı sözə,
Hətta daş heykələ qısqanacağam.

Hərdən sakit olub, hərdən coşacam,
Hərdən döyüşəcəm, bərk savaşacam.
Hərdən qəzəbimdən coşub-daşacam,
Hərdən gülə-gülə qısqanacağam.

Geriyə dönəcəm getdiyim yolu,
Baxacam ardınca şübhəylə dolu.
Sənə bilə-bilə laqeyd olub,
Səni bilə-bilə qısqanacağam.

EYNİYİK

Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,
Sevərdim sevdiyin o adamları.

Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.
Bir isti kəlməylə, işıqlı sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.

Nə qədər eynidi addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?

GÖZ YAŞI

Hər itkinin, hər dərdin,
Hər adamın, hər yaxının
çəkisinə uyğun
göz yaşı var bədəndə!

İki damla yaşla çıxanlar var,
Bir hönkürtüylə bitənlər.
Elə itki var gərək bir həftə ağlayasan sərasər,
Eləsi var bir saat, bir gün.

Məsələn,
90-da gənc dostumun qəfil itkisinə
bir gün ağladım.
Sonra ardınca şəhidlərə,
91-də Aydının ölümünə ağladım,
bir saat zar-zar,
Aqildən qəfil Qubada, Qəçrəşdə eşidəndə.
92-də doğma şəhərimin itkisinə üç gün ağladım -
keyləşib qaxaca döndü sol qolum.

Elə zaman oldu heç ağlamadım,
Elə itkilər oldu heç gözümü də qırpmadım,
tüküm də tərpənmədi -
Göz yaşlarım bitdi sandım.

Bəs, bu nə dərddi, ilahi,
40 gündü ki, sellənən göz yaşım
hüceyrələrimdən, iliklərimdən
qopara bilməyib,
bir qətrəsini, bir tikəsini də.
Bu nə sirdi, ilahi?

BİR GÜNƏŞ EYLƏ...

Tanrının yerdəki əziz bəndəsi,
Məni də mülkündə kirəkeş eylə.
Artır qüvvətimi, çoxalt gücümü,
Sıfırı bir eylə, biri beş eylə.

Qolla fərmanını, əmrini qolla,
Çıxaram sınaqdan - testini yolla,
Üşüyən qəlbimə istini yolla,
Odlu baxışını gur atəş eylə.

Durulan gölünəm, daşan selinəm,
Kölən, cangüdənin, qulun, dəlinəm,
Ovcunda yupyumşaq plastilinəm,
Yay məni, yenidən bir günəş eylə.

SƏNSƏN...

Sənsən əzablarla dolu qürbətim,
Sənsən diz çökdüyüm vətənim mənim.
Sənsən ən yaxınım, vəfalı dostum,
Qanıma susayan düşmənim mənim.

Cəhənnəmim də sən, cənnətim də sən,
Gah nəğmə oxuyan, gah ağı deyən.
Ağır əzablardan tir-tir titrəyən,
Ruhtək rahatlaşan bədənim mənim.

Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim.

MƏLƏYİM... İBLİSİM...

Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.

Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.

Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.

UNUTMADIM

Şənimə sağlıqlar içiləndə də,
Boyuma təriflər biçiləndə də,
Ən qəmli anımda, dərdli anımda,
Ən xoşbəxt anımda, xoş zamanımda,
Yanımda gözəllər qımışanda da,
Dostlar bəlağətlə danışanda da –
səni unutmadım.

Qohumlar başıma yığışanda da,
Uşaqlar ucadan danışanda da,
Nəyinsə təcili barışığında
Evdarlıq, məişət qarışığında,
Ən hirsli çağımda,
dərdli çağımda
Dərdlər, problemlər
qoparağında –
unutmadım.

BİLSƏYDİM

Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib
Bu qədər incidib əzəcək məni...
Bilsəydim, yazmazdım bu şeirləri.

Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq
Yenidən yaşatdı məşəqqətləri...
Bilsəydim, yazmazdım bu şeirləri.

Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən
Yenidən qopardı qaysaqlarını...
Bilsəydim, yazmazdım bu şeirləri

BİLİNMİR

İndiki əhvalım dünənki deyil,
Sabah olmayacaq bugünkü halım.
O rahat həyatım həmənki deyil,
Hər gün bir ovqata düşür əhvalım.

Gah ulduz olmusan, gah su pərisi,
Gah işıq yaymısan, gah daş atmısan.
Dərdi də vermisən, səadəti də,
Həm bahar, həm də ki qış yaşatmısan.

Özün də min haldan hala düşmüsən,
Sevincdən uçmusan, dərddə bişmisən.
Dünyanın gərdişin qarışdırmısan
Düz yolun, vərdişin qarışdırmısan.
Bilinmir kim udub, kim itiribdi,
Kim kimin ömrünü dəyişdiribdi?..

HƏMİŞƏ

Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə gizlədəcəksən.
Dilimə gəlməyən suallarımı
Baxıb gözlərimdən hiss edəcəksən.

Həmişə şübhələr didəcək məni,
Həmişə təlaşda yaşayacaqsan.
Cavabsız suallar güdəcək məni,
Sən günah səbəti daşıyacaqsan.

Bir gün bu halımız əzəcək bizi,
Bir gün bezəcəyik, yorulacağıq.
Bir gün çatacağıq yolayrıcına,
Hərəmiz bir yana burulacağıq.

Bir də görəcəyəm, dayanıb zaman,
Bir də görəcəksən, tənhasan, təksən.
Sən məndən həmişə sirr saxlayacaq,
Həmişə nəyisə gizlədəcəksən.

TƏQVİM

Qarışdırdın vaxtı, günü, zamanı,
Günlər, aylar bir-birinə qənimdi.
Hardan bilim xoşbəxt günüm hansıdı,
Bu təqvimin hansı ayı mənimdi?

Şərik varmış bu payıza, bu qışa,
Baharın da saxta imiş vüsalı,
Ta yanvarı, dekabrı soruşma,
Bəlkə zorla xilas etdim fevralı.

Yaddaşımda yallı gedən günlərin,
Ən doğmasın qucaqlasam, hünərdi.
Zəhrimara çevrilən bu zamandan
Beş-üç təmiz gün saxlasam, hünərdi.

SƏNDƏN QALANLAR

Bu şeirlər, bu yazılar canımdan
Səni hiss-hiss, duyğu-duyğu qoparır.
Əllərini, tellərini astaca,
Gözlərini qorxa-qorxa qoparır.

Hələ çoxdur səndən məndə qalanlar,
Hələ nələr yazmalıyam mən, nələr…
Ağrı dolu, əzab dolu romanlar,
İnildəyən, sızıldayan nəğmələr.

Gərək hələ səni gün-gün itirib,
Görüşləri bir-bir sayıb çıxarım.
Hüceyrəmdən pinset ilə götürüb,
Ürəyimdən qaşıqlayıb çıxarım.

Son şeirimi yazdığım gün – son səhər,
Yaddaşımdan uzaqlaşıb itərsən.
Son baxışın bədənimi titrədər,
Gözümdəki son damlayla bitərsən.

SAATIM QURULUB
SƏNİN VAXTINLA

Saatım qurulub sənin vaxtınla
Mənim günortamdı sənin səhərin
Yerini bilirəm saata baxıb
Harasındasansa qoca şəhərin.

Görürəm yuxudan oyanmağını,
Görürəm yuyunub daranmağını
O rus qarısına çay verməyini,
Evdən çıxmağını, yol getməyini
Mən burda məşğulam
hər addımınla –
Saatım qurulub sənin
vaxtınla.

MƏN ELƏ BİLİRDİM…

Mən elə bilirdim sənə doğmayam,
Dünyaya gəlmisən çağırışımla.
Mən elə bilirdim hər səhər-axşam
Duyursan qəlbimi bir baxışımla.

Mən elə bilirdim sirli gülüşün
Bəxtimin ömrünə işıq payıdır.
Mən elə bilirdim qəfil gəlişim
Səndən ötəri də qəlb harayıdır.

Demə uzaq imiş ürəklərimiz
Dünyanın müxtəlif qütbləriymişik.
Aldanan ürəyim,
yuxulu gözüm
Səni kiminləsə salıb dəyişik.

SƏNƏ GÖRƏDİR

Özümü hamıdan güclü sanmağım,
Durduğum yerdəcə qanadlanmağım,
Mənim sevinməyim, ya şadlanmağım
Hamısı, hamısı sənə görədir.

İndi ucadadır yeri taxtımın,
Qızıl dövranıdır indi vaxtımın
Sınıq taleyimin, bağlı baxtımın
Açılan qapısı sənə görədir.

Qalmayıb qəlbimin daha gileyi,
Qəmli çəmənimin açıb çiçəyi
Payızın ortası yazın gəlməyi –
Bu bahar havası sənə görədir.

Ancaq uçulur dam – sən olmayanda
Dərdə dözmür adam sən olmayanda
Hamını sancıram sən olmayanda
Ruhumun davası sənə görədir.

SƏNSİZ

Ömürdən deyil ki, sənsiz anlarım,
Sənsiz saatlarım yaşamaq deyil.
Sənsiz düşən axşam zindan əzabı,
Sənsiz sabahım da bir sabah deyil.

Həftəm altı gündür, sutkam beş saat
Onu da çox görmə, qısaltma nolar?
Arabir həftəmdən, sutkamdan kəsib
Xoşbəxt anlarımı qısaltma nolar:

Bir az səhərimə tez gəl Günəştək
Bir az axşamımı gec gətir nolar?
Bir az «olmaz»ları yadından çıxar –
Burax bu tərsliyi, höcəti nolar?

İnsaf et, insaf et, barı zəng elə
Üzüyünün qaşı düşməsin nolar?
Bircə axşamımı işığa bələ,
Bir gecəm əzablı keçməsin nolar?

…Ömürdən deyil ki, sənsiz anlarım
Sənsiz saatlarım yaşamaq deyil.
Sənsiz düşən axşam – zindan əzabı,
Sənsiz sabahım da bir sabah deyil.

BİLMƏDİM

Gizli-gizli gileylərə qarışıb,
Qəfil gəldi sevgimizin qar-qışı,
Kim bələdi bu sevincə qarğışı,
Qəzəbini kim sıyırdı, bilmədim.

Ömrümüzün günlü günü, yaz çağı,
Ömrümüzə çox çəkdilər söz dağı.
İki ürək bir şübhənin dustağı,
Yalanları kim hayqırdı, bilmədim.

İlan dillər şimşək kimi çaxanda,
Odumuza su çiləndi bir anda.
Tale belə yandıranda, yaxanda,
Bəlkə, bizi sınayırdı, bilmədim.

Bu ömürdü, yaşamağa qəlb gərək,
Kin bürüyən qəlb – bataqlıq, qəlb – dərə.
Namərd dili bütövləşən qəlblərə
Necə qıydı, niyə qıydı, bilmədim.
Səni məndən kim ayırdı, bilmədim.

Qala - adam

Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!

Bu gələn gözəl əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!

Gələrəm

Bir səhər yuxudan
Sən oyat gələrəm!
Çağırsan o dəqiqə,
O saat gələrəm!

Belimdə ağrı var
İkiqat gələrəm!
Önündə dayanıb
Farağat gələrəm!

Baxma ki, xəstəyəm
Ya süstəm - gələrəm.
Əmrin var - baş üstə,
Göz üstə - gələrəm.

Sözümdə dəqiqəm,
Dürüstəm - gələrəm!
Təki sən arzula
Sən istə gələrəm!

Fuad Biləsuvarlının təqdimatında

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ərzin əşrəfi
21/12/2024 - 20:51
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20
Ailə sənin məbədindir
05/12/2024 - 23:42